AzTehsil.com
RU


Xəbərlər / Valideyn
05 dekabr 2017
3 169


Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları



Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

Uşaqlarımın sinif yoldaşlarının anaları arasında söhbətlər aparmağa başlamışdım. Bir var böyük cəmiyyət. Bir də var içində bulunduğumuz kiçik cəmiyyətlər. Hazırda uşaqlarımın içində olduğu kiçik cəmiyyətə qohumlar, qonşular, sinif yoldaşları daxildir. Bu kiçik cəmiyyətdə isə vəziyyət çox acınacaqlıdır.

 

Telefonumda 5-6 Vatsap qrupu var. Hərəsini bir valideyn açıb. Bu qruplarda ən çox nədən danışılır?

 

Hər axşam ənənəvi sual belədi: "Müəllim bu gün evə nə verib? ”, "Filan dərsdən harda qalmışıq?”...

 

Birinci sinif şagirdlərinin analarının belə sual verməyi normaldı. 7-ci, 4-cü sinif şagirdlərinin də anaları bu sualı verirlər. Uşaqlar dərsdə ola-ola, müəllimlər hər günün tapşırığını yazı taxtasına yazdığı halda, yenə dərsin yerini Votsapda öyrənirlər.

 

İkinci böyük məsələ pul yığılması barədədi. Filan şeyə nə qədər pul yığaq? Nə vaxta qədər yığaq? Kim verib, kim verməyib? Biri deyəcək azdı, biri deyəcək çoxdu. Bir də görürsən 1 manatın üstündə on, on beş qadın girdi bir-birinə. Bu dedi 25-dən yığaq, o dedi 26-dan. Bölündülər iki tərəfə. Bəziləri 25 manatdan pul yığmaq istəyənin tərəfini tutdu, bəziləri 26 manatdan yığmaq istəyənin. Əlində ciddi iş gördüyün yerdə telefonuna ard-arda mesajlar gəlir. On beş dəqiqədən sonra hərlənib gəlib baxırsan, görürsən 399 oxunmamış mesajın var. Hamısı da 1 manat barədə.  Bir də baxırsan, biri qəfil qayıtdı ki, "Sevinc, mən düz demirəm, sən Allah?” Nəyi düz deyir, harda düz deyir? 250-cimi, 311-cimi mesajda yazmışdı bilmirsən. Deyirsən mesaj çoxdu, başım da qarışıqdı, məni söhbətinizə qatmayın. Olursan pis adam. Özündən razı, yuxarıdan aşağı baxanın biri.

 

Bir də gördün Vatsap qrupunda biri yazdı: "Qızlar, saçımın rəngini xurmayıya boyasam, necə olar?” Baho! Şərhlər töküləcək həmin xanımın üstünə yerbəyerdən.

 

Ancaq ki, nə vaxt mən qrupa maraqlı məlumat atsam, link yollasam, tükü tərpənən də olmur.  Ölkədə dəhşətli sosial hadisə baş verəndə, özü də bu hadisə yüz faiz uşaqlarla bağlı olanda qrupda xəbər paylaşanda, bu qadınları şərh eləməyə çağıranda  isə tökülürlər üstümə. "Sən ancaq neqativ şeyləri tapıb paylaşırsan. Bizim nəyimizə lazımdı belə xəbərlər. Yazma bura. İstəsək özümüz axtarıb tapıb oxuyarıq. İstəmirik”.

 

Ağdaşda molladan təlim alan, peyğəmbərimizin yanına gedirəm deyə məktub yazaraq özünü asan 12 yaşlı uşaq barədə xəbər atmışam Votsap qrupuna. "Qızlar, diqqətli olun, uşaqlarınızı zərərli dini təsirlərdən qoruyun! Onları elmi biliklərə yönləndirin!”- yazdığımı gördüm bir kəlmə. Yerbəyerdən töküldülər üstümə. Sanki o uşağı özünü asmağa sövq edən molla elə mən özüm idim! Sanki o uşağın ayağının altından kətili çəkən mən olmuşam! Sanki bu cəmiyyətin bütün bəlalarının səbəbi mənəmmiş! "Səhər-səhər ödümüz qopdu, bu nə xəbərdi paylaşırsan. Qaş düzəldən yerdə göz çıxardarsan. Neqativ xəbərləri az oxu.  Bura belə xəbərlərin yeri deyil. Müəllimə də baxır, oxuyur!”

Müəllimənin oxumağında daha çox fayda var dedim. O da diqqətli olmalıdı bizim kimi. Uşaqları belə mövzularda bilgiləndirməlidir.

 

Üstəlik, etiraz səsini qaldıran valideynlər əsasən hicablı xanımlar idi. Mollanın bu hadisədə suçlandırılması qətiyyən xoşlarına gəlmədi, əlimin içi kimi bilirəm. O səbəbdən daha da aqressivləşdilər. 

 

Deməli, saçlarının rəngindən, pul yığmaqlarından yazanda, 1 manatın üstündə bir-birlərini qıranda yersiz olmur, sosial bir problemin müzakirəsini açmağa çalışanda problem olur.

 

Əslində düz eləyirlər. Günah məndədi. Gərək qardaşımın toyunda hansı rəngdə paltar almağımı məsləhət gördüklərini soruşaydım onlardan. 

 

Valideynləri belə söhbətlərə çəkə-çəkə xeyli düşmən qazanmışam. Çoxu başdan-xarab, gicin biri kimi baxır mənə. Halbuki onların uşaqlarının, o uşaqların da içində öz uşaqlarımın yaxşılığını istəyirəm ancaq.

 

Sinif yoldaşlarının mövhumat dolu söhbətlərinin sayəsində kiçik qızımda fobiyalar yaranıb. Qaranlıq otağa girə bilmir, evdə tək qala bilmir. Bir otaqdan o birinə keçəndə kiminsə onu müşayiət etməyini xahiş edir. Çünki sinif yoldaşları ona cinlər, ruhlar haqqında danışıb. Bu söhbətlər uşağı qorxudub. Necə ki, balaca olanda nənəm mənə belə söhbətlər eləyirdi, mən qorxurdum. Gecə səhərədək gözümü qorxudan yummurdum. Evin içində qorxa-qorxa gəzirdim. Mövhumatdan doğan qorxular barədə Murad Köhnəqalanın çox gözəl hekayəsi var. Çox işıqlı hekayədi. Ruhlardan qorxan uşaq gecə evə tək getməyə qorxur. Yoldaşından da qorxmağını gizləmək istəyir. Buna görə özündən sevgi nağılı uydurur. Bu minvalla "sağ-salamat” evə çatır. Amma bu yerdə  yoldaşının da evə qayıtmağa qorxduğu məlum olur. Demək olar, hamımızın uşaqlığı bu qorxularla keçib. Nənəmizin, babamızın, qonşu uşaqlarının danışdığı ruhlar, cinlərlə bağlı əhvalatlar günümüzü qara eləyib.

 

İndi də uşaqlarımın belə qorxularla böyüməyini, əziyyət çəkməyini görmək ağırdı. Mən nə qədər uşaqlarımı belə söhbətlərdən qorusam da, uzaq tutsam da, sinif yoldaşlarından, qonşu uşaqlarından eşidirlər. Nəticədə də qalırlar odla-su arasında. "Bəlkə mən qorxmayım deyə sən məni aldadırsan?!”- qızım mənə belə dedi axırıncı dəfə. Bu cavab məni lap çətinliyə saldı.

 

Əlac ona qalıb ki, uşaqlarımın yoldaşlıq elədiyi uşaqların valideynlərini qapı-qapı düşüb maarifləndirim. Onlar isə etiraz edirlər ki, bizə belə söhbətlərlə gəlmə, bizə saçının boyasından, bərbərindən, "azəbər ə, teyzəbər t-dən” danış...

 

Sevinc Elsevər




Загрузка...
Həmçinin oxuyun: