AzTehsil.com


Xəbərlər / Hekayələr
26 may 2016
7 380


“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....



“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....Heç yadımdan çıxmaz, Əhmədlidə yaşarkən məhəlləmizi süpürən bir nənə vardı. Bəlkə də 80-ə yaxın yaşı olardı. Beli tamamən bükülmüşdü. Hər evdən çıxdığımda və qayıtdığımda qarşılaşardım onunla. Son dərəcə də pozitiv simaya sahib idi...Bir gün yeni il öncəsi, qarın çovğununda, səhər saat 7 radələrində onun işə getdiyini gördüm. Öz də istiqamət əks idi. Külək sifətini qılınc kimi kəsirdi. Saxladım maşını. Oturmağını rica etdim. Qəribə şəkildə gülümsündü. Qayıtdı ki, "oğlum, mən bütün günü zibillə əlləşirəm. Əlimdə də süpürgə. İyrənməyəcəksən məndən...?” Güllə kimi dəydi o söz mənə. İsrarla avtomobilə əyləşdirdim. Süpürgəsini də ehmalca arxa oturacağa qoydum. Yolu da bir az uzun elədim ki, azca isinsin, donu açılsın. Və...beləcə dialoqumuz başladı:
- Siz həqiqətənmi iyrənəcəyimi düşündünüz?
- Siz?...Mənimlə ilk dəfədir kimsə "sən” demədən danışır.
- Amma anam yaşındasınız, başqa necə danışım?
- Nə bilim oğlum, süpürgəçiyəm axı mən.
- Olsun. Nə fərq edər. Amma yenə də sualıma cavab almadım.
- Hə düşündüm iyrənərsən. Çünki, hətta dükanda məni tanıyan satıcılar belə nəsə aldığımda "setka” nı elə verirlər ki, əlləri əlimə toxunmasın. Sanki bomjam, zibil içində yaşayıram.
- Yox, anam, mən elə düşünmürəm. Rahat ol.
- Mən prokuror qızı olmuşam, oğlum. 7 yaşımda atamı itirmişəm. Ərim də imkanlı biznesmenlərdən, Rusiyada yaşayan soylu - köklü azərbaycanlılardan biri idi. Amma... Allah bəxtimi qara yazıb. Atam da, ərim də ayrı - ayrı müddətlərdə faciəli şəkildə həyatlarına son veriblər. Avto - qəzada...Kimsəsiz qalmışam. Balalarımı saxlamaq üçün, dilənməmək üçün hər vasitədən bəhrələnmişəm. Namusuma ləkə gətirməmişəm. Yaşlaşdığımda da süpürgəçilik etməkdən savayı çarəm qalmayıb.
- .....
- O gün məhəllələrin birini süpürürdüm. Həyətdə də uşaqlar oynayır. Gördüm eyvandan bir valideyn övladına açıqca, göz görəsicə səslənir ki: ” O qoca arvada yaxın oynama ha. O "kıx” dı...
- ....
- Həyat qəribədir oğlum, çox qəribə...
- Təhsiliniz varmı?
- Texnikom və "APİ”nin biologiyasını bitirmişəm. Qiyabi.
- Yəni ali təhsillisiniz...
- Aha, ali təhsilli süpürgəçi...(Bunu deyib, ğözlərimin içinə baxaraq xəfifcə ağladı. Həm də qəribə bir gülüşlə ağladı. Hirs gülüşü ilə. Nadan həyata istehza gülüşü ilə...)
- Sizi çox sevdim mən.
- Yox, mənim balam, sevmədin. Sadəcə yazığın gəldi. Amma yenə də hər şey üçün sağ ol. Allah səni qorusun. (dedi və düşüb getdi...)
P.S. Məni tanıyanlar bilir, son dərəcə vas - vası insanam. Hətta çayxanaya belə stəkanla gedirəm ki, birdən ordakılar təmiz yuyulmaz. Amma...o nənəni hər gördüyümdə gucaqlayıb öpürdüm. Onun komplekslərini qırmaq istəyirdim. Yazığım - filan da gəlmirdi. Qətiyyən iyrənmirdim.
Çünki, həyatımda bəlkə də indiyə qədər tanıdığım ən saf, ən mənəviyyatlı insanlardan birini bağrıma basırdım, qucaqlayırdım...
Hətta bir gün yol kənarında oturub bərabər nar yedik. Elə şirin hərəkətlər edirdi ki... Dənələri qoparıb xısın - xısın ağzına atırdı. Komplekssiz idi artıq. Utanmırdı.
Mən bəlkə də həyatım boyunca üzərimə düşən ən dəyərli missiyalardan birini icra etmişdim.
Mən bu qadını ölümündən bir ay öncə ondan iyrənmədiyimə inandıra bilmişdim....
Ölümünü isə qızı dedi. Eyni qaydada işə gedirdim. Gördüm evin önündə - təxminən 3 - 4 yaş civarında olan uşaq və başı bağlı bir qadın dayanıb. Tanımırdım. Sonradan agah etdi. Telefon nömrəsi - filan bilmədiyi üçün maşınımın nömrəsini və evin gözəyarı ünvanını veribmiş qızına. "Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə...”
***
Elşən Musayev



Загрузка...