AzTehsil.com


Xəbərlər
25 may 2016
10 677


Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? - Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan



Tarixdə ilk müsəlman qadın hökmdar kimdir?Tarixin ilk müsəlman qadın hökmdarı Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultandır. Çox maraqlıdır ki, Eltutmuş xanın oğulları var idi. Lakin o, qızını oğullarından üstün tutdu. Hökmdarın bu qərarı verməsinin səbəbi nə idi?
Raziyyə oğullarımdan üstündür!Vəzirlər sultana bir qadının dövləti idarə edə bilməyəcəyini xatırlatsalar da hökmdar onlara qulaq asmadı. Ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək qabiliyyətinə malik deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malikdir və buna görə də oğullarımdan üstündür.
Taxt tac uğrunda mübarizə Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə onun qardaşı Firuzşah keçsə də səltənəti çəkişmələr bürüdü. Firuzşah hakimiyyəti tamamilə öz əlində cəmləşdirmək üçün Raziyyə sultanın qardaşı Qütbəddini öldürdü. Hakimiyyət böhranı yarandı. Yaranmış vəziyyətdən istifadə edən Raziyyə xatun hakimiyyətə qayıdır. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş Firuzşah ilə hesablaşdı.
Qadın hökmdarın idarəçiliyi Raziyyə sultan taxta çıxar çıxmaz dini fanatizmlə bağlı üsyanı, iri türk əmirlərinin onun hakimiyyətini devirmək üçün vəzirlə birlikdə qaldırdığı üsyanları yatırmalı, öz dövlətinin sərhədlərini möhkəmləndirmək üçün hərbi yürüşlər keçirməli olmuşdu.Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Hakimiyyətin yüksək pillələrinə öz inanılmış adamlarını gətirdi. Bütün Hindistan Raziyyə sultana tabe oldu. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində zərb olunan pullarin üzərinə "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") kəlimələri həkk olunurdu. Demək olar ki, dörd il (1236-1240) o, rəsmi və faktiki olaraq böyük bir ölkəni idarə etmişdi. O imanlı və güclü bir dövlət başçısı idi. Qadın paltarını kişi libasına dəyişərək və yay-oxla silahlanaraq o, çox zaman xalq arasına çıxardı. Bu səbəbdən də çox tənqidlərə tuş gəlirdi.
1240-cı ildə sultan Raziyə taxtdan salındı və qalada dustaq edildi. Lakin ikinci dəfə Dehli səltənətina sahib olmaq məqsədi ilə ətrafında özünə həmfikirlər toplamağı bacardı. Amma səltənəti geri qaytarmaq cəhdi baş tutmadı. Sultan Raziyə məğlub oldu və öldürüldü. Onun məqbərəsi isə səcdə yerinə çevrildi. Raziyyə sultan bir müsəlman qadın hökmdar kimi, elm adamlarını himayə etmiş, özü dövrünün yüksək təhsilini görmüşdü və mərd, ədalətli bir hökmdar kimi yadda qalmışdır. Bu xüsusiyyətləri ilə yanaşı sultan Raziyə həm də şeirləri ilə yadda qaldı. Ölümündən sonra onun Şirin Dihləvi və Şirin Quri təxəllüsləri adı altında yazılmış şeirləri qalmışdı. 1983-cü ildə Hindistanda Raziyyə sultan haqqında film çəkilmişdi
 
Matanat K-va



Загрузка...