Çin, Hindistanda tərbiyə və təhsil
Qədim Misir yazısı b.e.ə. IV minilliyin sonunda meydana gəlmişdir. Misir yazı növü piktokrafik - yəni, şəkli yazı adlanırdı. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyəli olması hesab olunurdu. Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. Bu qarşılıqlı münasibətlər bərabər-hüquqlu əsaslar üzərində qurulurdu. Qədim Misirlilər heroqlifləri daş, ağac, dəri, heyvan sümükləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materialına çevrildi. Papirusların üzərində heroqliflər yazılırdı. Bu heratik yazı adlanırdı. Heratika vasitəsi ilə ədəbi və elmi əsərlər tərtib olunurdu. Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünyasına hazırlamaqdan ibarət idi. Şagirddən hər şeydən əvvəl dinləmək, düşünmək tələb olunurdu. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçilər öz sənətlərini uşaqlarına öyrədirdilər. Misirdə ilk məktəb b.e.ə. III minillikdə fironların yanında yaranmışdır
Qədim Misirdə yüksək təhsil verən müəssisələr də var idi buna Həyat məktəbi deyilirdi. Tədris müəssisələrində kanalların çəkilməsi, məbədlərin, piramidaların tikintisi, məhsulun miqdarının müəyyənləşdirilməsi üçün hesablama işləri aparmaq, xüsusilə Nilin daşmasını proqnozlaşdırmaq məqsədilə istifadə edilən astronomik hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi.
Qədim Çində həm ibtidai, həm də yuxarı dərəcəli dini səciyyəli fəlsəfi məktəblər olmuşdur. Çində ilk məktəblər b.e.ə. III minillikdə meydana gəlmişdir. Onlar syan (yaşlıların gəncləri öyrətdikləri yer) və syuy (gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanırdı. Çində təlimin əsas məqsədi heroqlif yazının öyrədilməsindən ibarət idi. Tərbiyənin əsas yeri ailə ənənələri tutur, hər bir ailədə həyat əsrlər boyu formalaşmış adət və təsəvvürlərin təsiri ilə davam edirdi. Belə hesab edirdilər ki, hər bir evin öz himayədarı var. Çində əsrlər boyu bilikli, nəzakətli, özünü dərk edən, qəlbində sülh və harmoniya yaratmağı bacaran insan təbiyəsini nəzərdə tutan pedaqoji ideal formalaşmışdır. Təvazökarlıq, böyüyə hörmət, müəllimə itaət yüksək mənəvi dəyərlər kimi təbliğ edilirdi. Həmin məktəblərdə böyük yazıçıların və şairlərin əsərləri, əxlaq və fəlsəfə, bəzən də nücum elmi öyrədilirdi. Qədim Çində yüksək mədəniyyət və xüsusilə heroqlif yazıları öz təsirini qonşu xalqlara, I növbədə Hindistana , Misirə və başqa ölkələrə də göstərmişdir.
Qədim Hindistan tarixi iki əsas dövrə bölünür: dravidari və buddizm. Burada b.e.ə. III minillikdə mövcud olmuş mədəniyyəti protodravit və dravidlər yaratmışlar. Məktəb təhsili o dövrün mədəniyyət mərkəzi olan Harappa şəhərində meydana gəlmişdir. Burada təhsil haqqında ən qədim sənəd (upanişadlar) b.e.ə. VIII-VII əsrlərə aid edilən müqəddəs nəsihətlər hesab olunur. Hindlilərin qədim eposu olan "Mahabharata” dastanında krişna cəsur döyüşçü kimi təsvir olunur, xeyir naminə ədalətli döyüş aparır, hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. Digər qəhrəman Rama da Krişna kimi ideal tərbiyənin daşıyıcısıdır. O, alimlikdə, tərbiyədə və müdriklikdə hamını ötüb keçmişdir. Həmişə yaxşılıq edərək heç vaxt lovğalanmaz, başqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. I minillik) qədim hindlilərin müqəddəs, eyni zamanda tədris kitabı idi. Bu kitabda tərbiyə və təhsilin məzmunu ilə bağlı nümunələr verilirdi. Bu kitab müdrik müəllimin öz şagirdi ilə söhbəti formasında yazılmışdır. Burda müəllimlərin evində təlim qaydası çox hallarda ailə münasibətləri tipində qurulurdu: şagird ailənin üzvü hesab edilirdi, təhsil almaqla yanaşı, birgəyaşayış qaydalarını da mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq üçün ən münasib yer idi. Sonralar ailə məktəbləri yarandı ki, burada gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri dinləyir, əzbərləyir və təhlil edirdilər. Təlim səs-heca üsulu ilə aparılırdı. Hindistanda palma yarpaqları üzərinə yazırdılar ki, bunları da çox az müddət saxlamaq mümkün idi. Ona görə də yazıya nisbətən şifahi sözə daha çox üstünlük verilirdi. Şifahi şərh biliklərin verilməsində daha etibarlı üsul hesab olunurdu. Vedaların əsas hissəsi arxaik dildə səslənirdi. Buna görə də təlim fənləri sırasında qrammatika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzifələri təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək etməli, pəhriz saxlamalı, nəfslərini boğmalı idilər.
Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mühüm rolu olmuşdur. Buddizm təliminin əsasını 4 "nəcib həqiqət” təşkil edirdi. 1) Həyat özü şərdir, çünki əzab-əziyyətlə doludur; 2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son qoymaq üçün arzu və nəfsdən imtina etmək lazımdır; 4) Əzab-əziyyətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdirməli, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz danışmalı, yalan və böhtandan imtina etməli, pak əməl sahibi olmalıdır.
Qədim Hindistanda mütəşəkkil tərbiyə və təlim uzun bir inkişaf yolu keçmiş, təlim proqramı tədricən praktik həyata yaxınlaşmış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların sosial dairəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. Riyazi biliklər sahəsində müəyyən nailiyyətlər qazanılmışdır. 1-9 rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor teoremini bilmişlər.