AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
5 750


"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva



Qənirə Paşayeva: "O insanlar ya məcburi şəkildə dəyişib bu islahatların bir parçası olacaqlar, ya da getmək məcburiyyətində qalacaqlar”.


Aztəhsil.com xəbər verir ki, pia.az-ın bu dəfə "Bizim qonaq” rubrikasının növbəti müsahibi millət vəkili Qənirə Paşayeva oldu.

 

Görüşdə qəzetimizin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak edirdi. Qənirə xanımla həyat yolu, ölkədəki iqtisadi-siyasi proseslər, Dağlıq Qarabağ məsələsi və digər önəmli mövzular ətrafında söhbət etdik.

 

Onunla müsahibəni təqdim edirik:

 

- Bütövlükdə dövlətin idarəetməsini, icra strukturlarını "ASAN xidmət” sisteminə keçirmək olmazmı? Prezident də bu barədə dəfələrlə deyib, hədəf göstərib. Ancaq sanki proses ləng gedir...

 

- Bu proses başlayıb, addım-addım gedir. Ancaq bunu istəməyən qüvvələr də var, hər kəs islahatları dəstəkləmir. O islahatlar həyata keçiriləcəyi təqdirdə bugünkü imkanlarını itirəcəyini düşünən insanlar da var. Onlar açıq deyə bilməsələr də, gizli şəkildə öz əməllərini həyata keçirirlər. Bunun qarşısını almaq mümkün deyil. O insanlar ya məcburi şəkildə dəyişib bu islahatların bir parçası olacaqlar, ya da oradan getmək məcburiyyətində qalacaqlar. Başqa cür inkişaf mümkün deyil.

 

- Mühitdə dəyişiklik hiss olunurmu?

 

- Bəli, hiss olunur. Artıq neftdən gələn gəlirlər, dövlətin imkanları olduğu zaman bəlkə də bəzi şeylərin fərqində olmayanlar var idi. Ancaq indi hamı hər şeyin, bu prosesin uzun müddət sürəcəyinin də fərqindədir. Çünki heç bir ekspert neftin qiymətinin 1 ilə 100 dollar olacağı proqnozunu vermir. Bu yaranan çətinlik isə imkanlarını səfərbər etmək düşüncəsi verir.

 

- Deyirsiniz ki, həm də islahatlar həyata keçirmək, ölkənin iqtisadi modelinə yenidən baxmaq üçün bir şans ortaya çıxır...

 

- Əvvəlki imkanlar yoxdursa, bütün digər imkanlar səfərbər edilməlidir. Bunun başqa yolu yoxdur. Bu zaman imkanları doğru istiqamətdə səfərbər etməyə əngəl olanların hamısının əli kəsilməlidir. Cənab prezidentin müşavirələrində səsləndirdiyi son çıxışlar da bu fikirlərdən ibarətdirlər. Mən bayaq dedim ki, atam bizə heç vaxt dövlətin ona verdiyi maşına minməyə icazə vermədi. Ona görə yox ki, atam övladlarını sevmirdi. Atam ona görə bunu etdi ki, o nə zamansa həyatda olmayanda övladları bir çox şeylərin fərqində olsun.


Sizin imkanlı olmağınız o demək deyil ki, övladlarınız da istədiyi kimi hərəkət edə bilər. Bunların da qarşısı alınmalıdır. Bir dəfə məndən soruşdular ki, Qənirə xanım, siz maaşınızın artırılması haqda heç vaxt danışmırsınız. Dedim ki, mən heç vaxt bu haqda danışmaram. Səbəbini soruşduqda dedim ki, məni yetişdirən müəllimlər, onlardan biri də mənim anamdır, 200-300 manat maaş alır. Mən hansı mənəviyyatla, hansı əxlaqla maaşıma əlavə istəyə bilərəm...


- Ancaq digər ölkələrlə müqayisədə millət vəkilinin maaşı azdır. Hətta Türkiyə ilə müqayisədə də xeyli azdır.

"Deyirlər ki, o maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?”

 

- Mən heç bir ölkə ilə müqayisə etmək istəmirəm. Bayaq dediyim kimi, müəllimlərlə, həkimlərlə müqayisə edirəm. Deyirlər ki, o maaşla dolanmaq millət vəkilinə çətindir. Bəs müəllimə çətin deyil? Millət vəkilinə o maaşla çətindirsə, indi düşünün ki, müəllimə o maaşla necədir?

A.Ayxan:


- Ayda nə qədər toya dəvət olunursunuz? Yəqin ki, bölgələrə də toya çağırılırsınız... Bu sualı verməyimin səbəbi var. Millət vəkilləri deyir ki, biz toylara çox dəvət olunuruq və insanlar bizdən ciddi məbləğdə pul yazdırmağımızı gözləyirlər. 


- Bəli, mən də toylara dəvət olunuram, gedirəm. Ancaq hesab etmirəm ki, məni rayona toya çağıranlar məndən maddiyyat gözləyirlər. Mən 12 ildir ki, millət vəkiliyəm. Hələ eşitməmişəm ki, kimsə arxamca desin ki, toya 500 manat yox, 50 manat yazdırıb. Mən bu cür söhbətlər eşitməmişəm. Gücümüzün çatdığı qədər gedirik, imkanımız olan qədər yazdırırıq. İnsanlar da bilir ki, Qənirə Paşayeva oliqarx deyil. Biz balaca ölkəyik, hər kəs hər kəsi tanıyır, imkanlarını da bilir. Gözləntilər də buna uyğun olur. Hamı bilir ki, mən biznesmen deyiləm, ona görə seçicilərim toylarında məndən 300-400 manat gözləmirlər. Mənim nəyim varsa, Tovuz rayonundadır və mənim orda heç nəyimin olmadığını oradakı insanların 90 faizi bilir.


- Azərbaycanda belə bir nümunə var ki, seçicilər millət vəkili ilə əlaqə yaratmağa çalışır, sizin nümunənizdə isə bu, əksinədir. Siz seçicilərinizlə əlaqə yaradırsınız. Bunun davamı da var, insanlar zəng edirlər, kömək istəyirlər. O zəngləri, xahişləri necə yönəldirsiniz, hamısına necə yetişirsiniz?


- İnsanlarla söhbət edirik, onların problemlərini dinləyirik və dəstək olmağa çalışırıq. Bəzən tövsiyə veririk ki, problemi necə həll edə bilər. İnsanların ehtiyacı olan birinci məsələ odur ki, onların dərdlərini dinləyirik və yol göstəririk. Bu o demək deyil ki, millət vəkilinin sehrli çubuğu var hər şeyi həll edə bilər. Çalışırıq ki, müraciətlərin hamısını həllinə kömək edək.


A.Ayxan: 


- Seçicinin probleminin həll olunması ilə bağlı statistika necədir?


- Məndə yaxşıdır. Niyə? Çünki bu nazirlərin biri deyə bilməz ki, Qənirə Paşayeva gəlmişdi, özü üçün məndən bir şey istədi. Nə istəyirəmsə, seçicim üçün istəyirəm və seçicilərlə bağlı məsələlərdə geri çəkilmə yoxdur. Gedirəm, qapılarını döyürəm. Mən bir dəfə deməklə qalmıram, əgər o məsələnin həlli mümkündürsə, sonuna qədər gedirəm. Elə məsələ var ki, seçicilərimə deyirəm bunun həlli çətindir. Ancaq hansının həlli mümkündürsə, o məsələdə geri çəkilmirəm.


- Nazirlər sizi eşidirmi? Bəzi deputatlar şikayətlənir ki, nazirlər onları dinləmir...


- Mən nazirlərə yalnız seçicilərimlə bağlı müraciət edirəm, hansı eşitmirsə onu parlamentdə də deyirəm, mətbuatda da deyirəm. O qədər müraciət yazmışam ki... Onların hamısı rəsmi şəkildə qeydiyyatdan keçir ki, bu millət vəkilindən nazirə nə qədər müraciət gəlib, sorğu göndərilib. Buna görə də cavab vermək məcburiyyətindədir.


- Qənirə xanım, indi siyahınızda hansısa nazir varmı, sizi eşitməyən? Adını çəkin, çap edək...


- Bu, konkret faktlarla bağlı olur. Məsələn, "Azəriqaz”la bağlı bir məsələni qaldırdım ki, Tovuzda məcburi köçkünlər yaşayan bir kəndə qaz çəkilməyib. Ətrafdakı bütün kəndlərə qaz çəkilib, yalnız həmin kəndə yox. Bu, doğru yanaşma deyil. Kəndlərimdə su ilə bağlı məsələ çıxanda "Azərsu”ya müraciət edirəm. Yəni hər bir məsələ individualdır. Elə bir nazirlik yoxdur ki, onun qapısını döyməyək. Amma bəzi nazirliklər var ki, onların qapısını hər gün döyürük, məsələn, Səhiyyə Nazirliyinin. Təqvimin elə bir günü yoxdur ki, mən Səhiyyə Nazirliyi ilə Tovuzla bağlı nəyisə danışmayım, hansısa xəstəxanaya kimisə yerləşdirməyək.


- Müraciətlərin bu qədər çox olmasına görə etiraz edirlərmi?


- Yox, axı bu insanlar bizim vətəndaşlarımızdır. Nəyə etiraz edəcəklər ki? İnsanın ehtiyacı var, müalicə olunmalıdır. Etirazı arqumentlə əsaslandırmaq lazımdır, arqument də olmayınca yerinə yetirmək lazımdır. Mən belə məsələlərdə etiraz qəbul etmirəm. Sadəcə bəzi məsələlərdə, orqan köçürülmə məsələsində bir az gözləməyimiz xahiş olunur.


- Özünüzü bir qədər çox yükləmirsiniz ki? Elə bir təəssürat yaranır. Mən bayaq sual verdim, yaradıcı zövqlə, yardım zövqü arasında ziddiyyət yoxdurmu? Yardımlaşma deyilən bir şey heç vaxt bitməyəcək bir yükdür və heç vaxt bitməyən bir prosesdir. Çoxları da deyirlər ki, bu millət vəkilinin işi deyil...


- Mən elə düşünmürəm. Əgər biz bu işdə həmin insana yardımçı ola biləriksə, millət vəkilinin işidir və ya işi deyil kimi anlayışlar önəm kəsb etmir.


- Bəzi həmkarlarınız deyir ki, millət vəkili niyə gedib seçicinin yol, su, işıq, qaz problemi ilə məşğul olmalıdır? 


"Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı yanaşmasının dəyişəcəyini gözləmək eyforiyadır”


- İnsanlar fərqli düşünə bilər. Mən öz adımdan deyirəm ki, belə düşünmürəm. Mən seçki vaxtı həmin insanlardan səs almaq istəyəndə iki vəd verdim. Birincisi, dedim ki, mən sizin səsinizi lazımi yerlərə çatdıracağam. İkincisi , sizi layiq olduğunuz şəkildə təmsil etməyə çalışacağam. Mən Qənirə Paşayeva olaraq kiməm? Tovuz rayonunda 105-ci dairəyə aid olan seçicilərin səsiyəm.


Mənim parlamentdəki mahiyyətim budur, mən həmin insanların oradakı səsiyəm. Onların maraqlarının ifadəçisiyəm. Bu eyni zamanda mənə bir status və güc verir. Mən bu gücdən həmin insanların maraqlarının təmin olunması üçün istifadə etməliyəm.


Bu gün sizin üçün problem dövlət səviyyəsində gedən hansısa məsələdir. Ancaq insan var ki, övladını əməliyyat etdirə bilmir. Övladı gözünün qarşısında ölür. Onun bundan böyük problemi yoxdur. Siz gəlib bu adama dövlətin dəyərlərindən danışa bilməzsiniz. Siz gərək onun problemini həll edəsiniz ki, onun qarşılığında danışmağa haqqınız olsun. Mən fiziki olaraq yoruluram, ancaq mənəvi baxımdan dincəlirəm. Deyirəm ki, bu gün 5 adamın ailəsindəki onlar üçün ən ciddi hesab olunan probleminin həllinə yardımçı oldum.


- Siz səhiyyədə sığorta sisteminə keçidi təklif edə bilərsiniz və fərdi qaydada bütün xəstələrlə məşğul olmağınıza ehtiyac qalmaz. 


-Bəli, biz sığorta məsələsini davamlı şəkildə parlamentdə qaldırırıq. Artıq bu proses başlayıb. Necə ki, bədəni saxlayan onurğa sütunudur, o düz olmayanda, nə qədər çalışsanız da bədən əyiləcək. Səhiyyənin də onurğa sütunu tibbi sığortadır. O tibbi sığortanı həyata keçirməyə başlayanda millət vəkilinin üzərinə bu qədər yük düşməyəcək. İndi siz seçiciyə desəniz ki, bu, mənim işim deyil, deyəcək ki, o zaman get icbari tibbi sığortanı həyata keçir. Onun da xoşu gəlmir ki, utana-utana gəlib millət vəkilinə müraciət eləsin.


- Yəni gördüyünüz bu işlərlə paralel olaraq, parlamentdə icbari tibbi sığorta məsələsini də qaldırırsınız?


- Bəli, bu, mənim parlamentdə ən çox qaldırdığım məsələdir və mən çox şükür edirəm ki, Yevlaxda və Mingəçevirdə pilot layihə başladı. Digər rayonlar da sonradan prosesə qoşulacaq. İcbari tibbi sığorta olandan sonra heç insanlar deputatın qapısına gəlməyəcəklər. Bu gün bu yoxdursa, insanlara kömək lazımdırsa, mən deyə bilmərəm ki, bağışlayın, bu mənim işim deyil. Sabah siz bu insanlara vətəndaşın dövlət qarşısında vəzifələrindən danışa bilərsinizmi? Yox...


- Mən prinsipcə dediklərinizlə razıyam. İnsanlara yardım etməklə paralel olaraq, parlamentdə bu məsələlərin qanuniləşdirilməsini gündəmə gətirirsiniz ki, dövlətin zəif yerləri qapansın.


- Hələ ki, dövlətin haradasa zəif yerləri varsa, bu məsələlərdə vətəndaşa yardım etməliyik.


R.Arifoğlu: 


- Qənirə xanım, siz sərhəd rayonundan millət vəkilisiniz. Sərhəd vətən deməkdir, o cümlədən bizim milli problemimiz olan Qarabağ deməkdir. Bu mövzuya birbaşa olaraq Lavrovun son açıqlaması ilə keçmək istəyirəm. Sanki bir çox insanda xəyal qırıqlığı yaranıb. Elə bil ki, Rusiya Azərbaycanı dəstəkləmək ərəfəsində imiş və belə bir anda Lavrov bu çıxışı edib. Sanki Rusiya xəyanət edibmiş kimi göründü. Sizdəki təəssürat nə idi? Gözləyirdinizmi? 


- Lavrovdan bu cür bəyanatları mən həmişə gözləyirəm.


"İnsanlar da bilir ki, Qənirə Paşayeva oliqarx deyil.


- Birmənalı şəkildə deyir ki, Qarabağ Azərbaycanın daxili işi deyil. 


- Bəzi insanlar sanki bir xəyal qırıqlığına uğramış kimi reaksiya verdilər. Mən yazdım ki, əziz insanlarımız, biz Rusiyadan Qarabağ məsələsində nə vaxt obyektiv və ədalətli mövqe görmüşük ki, siz Lavrovdan indi də onu gözləyirsiniz. Deyəsən, bizim bəzi insanlarımız unudur ki, o zaman Ermənistan bizim torpaqlarımızı məhz Rusiyanın yardımı ilə işğal etmişdi.


Dövlətlər arasındakı münasibətlər yaxşılaşa bilər. Əgər Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yaxşılaşması o dəqiqə insanlarda elə bir təəssürat yaradırsa ki, Rusiya Qarabağ məsələsində artıq Azərbaycanı dəstəkləyəcək, bu, yanlış xəyallara düşməkdir. Mən jurnalist olanda şahidiyəm ki, Qarabağ danışıqlarının birində Lavrov gəldi və sevinclə Oskanyanı qucaqlayıb öpdü, qoluna girdi və getdilər mehribancasına müzakirəyə. Onlar kameraları belə unutmuşdular. Mən də həmin tədbirdən hazırladığım reportajın sonuna bu videonu əlavə etdim və altına da "şərhsiz” yazdım.


Mən Lavrovun indiki açıqlamasına təəccüblənmədim. Ancaq hamımız bundan narazıyıq və hiddətləndik. Rusiya xarici işlər nazirinin Azərbaycanla bağlı məsələdə bu cür açıqlama verməsi siyasi etikaya uyğun deyil. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yaxşılaşması fonunda bu cür açıqlamaların verilməsi doğru deyil. Hamımız bu açıqlamaya etiraz edirik. Azərbaycanın işğal olunmuş əraziləri ölkəmizin bir parçasıdır. Onun necə işğaldan azad edilməsi də Azərbaycan dövlətinin daxili işidir. Bu, BMT-nin Qarabağla bağlı qətnamələrində də açıq şəkildə qeyd olunub. Lavrov özü də BMT-nin sənədlərindən danışır. Bu sənədlərdə açıq şəkildə yazılıb ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalıdır.

 

O zaman Rusiya- BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi o qətnamələri icra etməli idi. Əgər bu günə kimi o qətnamələrin heç birinin icrası üçün bir addım atmayıblarsa , bu gün də Azərbaycanın daxili məsələsi ilə bağlı belə bir bəyanatın verilməsi yolverilməzdir. Azərbaycan da bununla bağlı rəsmi şəkildə açıqlama verdi. Mən bir daha demək istəyirəm ki, biz Azərbaycan olaraq işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsində sadəcə özümüzə və səmimi müttəfiqlərimizə arxalanmalıyıq.


- Kimdir o səmimi müttəfiqlər?


- Türkiyə, Pakistan...


- Sonra? Üçüncü sanki yoxdur?


- Üçüncülər müttəfiq deyil, ancaq Azərbaycanın qarşısında olmayacaqlardır. Biri var ki, sizin qarşınızda olacaqlar, biri də var ki, yanınızda olmasalar da, qarşınızda da olmayanlar. Problem qarşınızda olacaqlardır.


A.Ayxan:


- Rusiya ilə Türkiyənin müttəfiqlik dönəmi başlayır. 


R.Arifoğlu:


- Bəli, Lavrovun çıxışı ilə bağlı məyusluğu tətikləyən bir nüans da bu idi. Sanki bir ümid var idi ki, Türkiyə ilə Rusiya Qarabağ məsələsində anlaşa bilərlər. 


- Rauf bəy, axı biz beynəlxalq siyasəti də izləyirik. Rusiya ilə Türkiyənin Suriya məsələsinə yanaşmada problemləri həll olundumu? Xeyr...


- Amma xeyli məsafə qət etdilər. Rusiya Türkiyəni Suriya ərazisinə buraxdı. 


- O ayrı bir məsələdir. Bu iki ölkənin münasibətlərinin yaxşılaşması Azərbaycan üçün yaxşıdır. Bu, Qarabağ məsələsinə baxışda da yaxşıdır. Ancaq bu iki ölkənin münasibətlərinin yaxşılaşması ilə Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı yanaşmasının dəyişəcəyini gözləmək eyforiyadır.


- Sanki bir model var idi. Suriyada sınaqdan keçirildi və Qarabağa da tətbiq olunacaqdı. 


- Rusiyanın bu bölgədə öz maraqları var. Bu maraqlar təmin olunmayınca, Rusiya bu addımı atmayacaq. Türkiyənin bu bölgədəki maraqları isə Rusiyanın maraqları ilə üst-üstə düşmür. Ona görə də Rusiya Krım məsələsində və digər məsələlərdə postsovet bölgələrindəki maraqlarından qətiyyən kompromis məsələsini qəbul etmir. Suriya məsələsində ortaq maraqlar var. Ancaq Krım məsələsi göstərdi ki, Rusiya kompromis qəbul eləmir. İndi biz gərək ortaq bir maraq nöqtəsi tapaq ki, bu problem həll oluna bilsin.


R.Arifoğlu: 


- Lavrovun son açıqlaması, sizcə, Rusiyanın açıqlamasımı deməkdir? 


- Hər halda Lavrov millət vəkili deyil, Rusiyanın xarici işlər naziridir.


- Bəlkə də erməni kökənli olması onun ümumi çizgidən kənarda açıqlama verməsinə səbəb olur? 


- Ancaq Rusiya hökuməti başqa bir açıqlama verərək Lavrovun səhvini düzəltdimi? Sizin dediyiniz ola bilər. Hərçənd mən bunu istisna edirəm. Çünki Lavrov xarici siyasətdə Putinin ən önəmli fiqurlarından biridir. Xarici işlər naziri olmaqla bərabər, ciddi bir fiqurdur. Lavrovun bu sözləri özbaşına dediyini də düşünmürəm. Əgər belə olsaydı, Azərbaycandan bu qədər reaksiya gəldikdən sonra kimsə açıqlama verərək bunu düzəldə bilərdi. Mən bunu eşitmədim.




Загрузка...
Həmçinin oxuyun:
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən nəticələrə gətirib çıxara bilər"

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"