Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) millət vəkili, yazıçı, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Elmira Axundova ilə tələbələrin görüşü keçirilib. Qonağı səmimi salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu günün ali məktəbin həyatında olduqca əlamətdar gün olduğunu bildirib.
Millət vəkili Elmira Axundovanı tələbələrə təqdim edən rektor M.Babanlı "Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Azərbaycanın görkəmli insanları ilə ADNSU tələbələrinin artıq ənənə halı almış görüşülərinin olduqca faydalı olduğunu vurğulayıb. M.Babanlı millət vəkilinin Azərbaycan həqiqətlərinin cəmiyyətə və dünya ictimaiyyətinə çatdırılması sahəsində xidmətlərindən söz açıb. Elmira Axundavanın gənc yaşlarında Azİİ-də çalışdığını xatırladan rektor M.Babanlı millət vəkilinin Azİİ ilə bağlılığı olmasının fəxr hissi yaratdığını qeyd edib. "Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran ilk qadın jurnalist və eyni zamanda ədəbiyyat üzrə ilk dəfə mükafat alan qadın kimi E.Axundova gənclərə böyük örnəkdir”, - deyə rektor, professor M.Babanlı bildirib.
Jurnalist və publisist fəaliyyətindən, yazdığı kitablardan, eləcə də ölkənin çətin vaxtlarında baş verən hadisələrdən danışan millət vəkili E.Axundova ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Gənclərə həyatda müvəffəqiyyət qazanmağın sirlərini və öz təcrübəsini bölüşən millət vəkili uğurlu peşə və karyera üçün onlara öz tövsiyyələrini verib. "Mən çox şadam ki 40 ildən sonra yenidən bu doğma universitetdəyəm. Bu mənim üçün çox qürurverici haldır. Gənclərə ən böyük tövsiyəm isə oxumaqdır. Oxumaq və çox işləmək. Çünki işləmək istedadlı olmaqdan daha çox uğur gətirə bilər”, - deyə millət vəkili E.Axundova bildirib.
Sonda millət vəkili Elmira Axundova tələbələrin suallarını cavablandırıb, onlara öz kitablarını hədiyyə edib.
moderator.az