İspaniyalı məşhur memar Visente Quayart bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələrinə mühazirə oxuyub. Dərsdən əvvəl cənab Quayart AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Dəvət üçün rektora təşəkkür edən qonaq Azərbaycanda memarlıq və inşaat sahəsində belə bir ali təhsil müəssisəsinin fəaliyyət göstərməsini müsbət hal kimi dəyərləndirib.
Mühazirədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, "Azərdövlətlayihə” İnstitutunun direktoru Müsədin Namazov, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov, universitetin professor-müəllim heyəti, tələbələr də iştirak ediblər.
İspaniyalı memar AzMİU-da təhsil alan gənc memarlara yeni rəqəmsal texnologiyaların memarlıqda tətbiqinin müasir tendensiyaları, memarlıqda ekoloji binaların üstün cəhətləri, Kataloniyada istifadə olunan müasir texnologiyalar barədə məlumat verib. Şəhərsalma zamanı arxitekturanın saxlanması məsələlərinə toxunub. Sonda V. Quayarti tələbələri maraqlandıran sualları cavablandırıb, suallar ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra AzMİU-nun rektoru G. Məmmədova İspaniyalı memara öz təşəkkürünü bildirib, qonağa müasir Azərbaycan memarlığının incisi sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumatların əks olunduğu kitab hədiyyə edib. Bakı Dövlət Layihə İnstitutunun direktoru İ.İsbatov isə qonağa Böyük Bakının regional inkişaf planından bəhs edən kitab bağışlayıb.
Məlumat üçün onu da qeyd edək ki, V.Quayart 2011-15-ci illərdə Barselona şəhərinin baş memarı olub, Kataloniyanın Müasir Memarlıq İnstitutunun yararadıcısıdır. O, hazırda Moskvada "Gələcəyin şəhərlərinin prototipləşdirilməsi” laboratoriyasına və "Şəhər və texnologiyalar: gələcəyin şəhərlərinin prototipləşdirilməsi” beynəlxalq magistr proqramına rəhbərlik edir.
Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)
aztehsil.com