Səfirlik rəsmisi: "Gürcüstan təhsil müəssisələri ilə Azərbaycan təhsil müəssisələri arasında əlaqələrin qurulmasına dəstək verməyə daim hazırıq"
Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlünün də iştirak etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasına səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Bunlardan biri də bu gün Gürcüstanda M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Gürcüstan Respublikasındakı səfirinin birinci katibi Elçin Məmmədov və muzeyin direktoru Leyla Əliyeva ilə reallaşdırılıb. Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti, Azərbaycan və qonşu Gürcüstan arasındakı dostluq əlaqələrinin genişləndirilməsi, birgə fəaliyyətin təfərrüatları və s. haqda fikir mübadiləsi aparılıb.
Nicat Göyüşlü Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın rəhbərliyilə adıçəkilən Universitetdə yaradılan müasir şəraitdən geniş söhbət açıb. O rəhbərliyində çalışdığı İnşaat Kollecinin gələcəkdə də xarici ölkələrin orta ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu dilə gətirib. Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin birinci katibi Elçin Məmmədov Gürcüstanda fəaliyyət göstərən texniki profilli orta ixtisas təhsili müəssisələri ilə Azərbaycanda fəaliyyət göstərən bu tipli təhsil müəssisələrinin arasında əlaqələrin qurulması üçün əllərindən gələni etməyə hazır olduqlarını bəyan edib. Görüş Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafını şərtləndirən maraqlı fikir mübadiləsi və təkliflərlə davam edib.
Qeyd edək ki, Nicat Göyüşlü səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində ucaldılan büstünü ziyarət edib, həmçinin Gürcüstan Milli Parlament Kitabxanasının rəhbəri ilə görüşə qatılıb.