AzTehsil.com


Xəbərlər
17 mart 2017
3 672


ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib



ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

 

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Gürcüstan Respublikasının Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetler Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak edib.
 
Rektor Cəfər Cəfərov görüş zamanı rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, ADPU-nun tərkibində 5 filial və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) fəaliyyət göstərir. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb isə ADPU-nun baza məktəbidir. Tədris 4 korpusda aparılır. ADPU-nun 20 minə yaxın tələbəsi var. 
 
Universitetin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, yeniliklər, layihələr və beynəlxalq əlaqələr barədə danışan rektor bildirib ki, kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edilib. Müsabiqənin keçirilməsində məqsəd ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, müasir tələblərə cavab verən, dərin elmi biliyə, geniş dünyagörüşünə, zəngin erudisiyaya, yüksək mənəvi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqəyə 114 vakant yer çıxarılıb. Bununla yanaşı, universitetdə tyutorların, tədris-yardımçı heyətin və Kitabxana-informasiya mərkəzinin əməkdaşlarının attestasiyası keçirilir. Attestasiyaya ümumilikdə 150-dən çox şəxs cəlb edilib. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsidir. 
 

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

 

Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetler Assosiasiyasının prezidenti Kaxa Şengeliya səmimi və qonaqpərvər münasibətdən məmnun qaldığını bildirərək Beynəlxalq Universitetler Assosiasiyası barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Universitetler Assosiasiyası 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradılıb. Dünyanın 200-dən çox qabaqcıl və nüfuzlu universiteti bu Assosiasiyanın üzvüdür. Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kaxa Şengeliya rektor Cəfər Cəfərovu Beynəlxalq Universitetler Assosiasiyasının 5-8 iyul 2017-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək toplantısına dəvət edib. 
 
Görüşdə ali təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ali təhsilin yeni keyfiyyət standartları, intellektual resurslardan səmərəli istifadə və gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. 
 Sonda xatirə şəkli çəkdirilib.



Загрузка...