AzTehsil.com
RU


Xəbərlər
24 aprel 2017
3 350


AzMİU-da "Açıq qapı" günü keçirilib



AzMİU-da "Açıq qapı" günü keçirilib

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün "Açıq qapı” günü keçirilib.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində  I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün "Açıq qapı” günü keçirilib. Universitet, professor və müəllim heyəti, fakültələr, laboratoriya və auditoriyalarla tanışlıq xarakteri daşıyan "”Açıq qapı” günündə abituriyentlərə ixtisaslar, tədris prosesi, tələbə həyatı və s.  barədə məlumatlar verilib. 
 
AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov tədris ocağı barədə geniş açıqlama verərək bildirib ki, hazırda AzMİU-da 8 fakültədə 7000-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır, tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Prorektor fakültələr barədə də geniş məlumat verib, ali təhsil ocağının beynəlxalq əlaqələrindən danışıb. 
 
Tanışlıq xarakterli çıxışında Akif Qasımov universitetin ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara həmişə, hər yerdə ehtiyac olduğunu abituriyentlərin diqqətinə çatdırıb. "Bizim məqsədimiz savadlı, bilikli, özünəgüvənən, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəsti-xəttiylə seçilən kadrlar yetişdirməkdir. Bizim Universiteti seçməklə siz həm də şəffaf, demokratik bir mühitdə təhsil alacaqsınız, zəruri texniki avadanlıqlarla təchiz olunmuş ixtisas laboratoriyalarında, birbaşa inşaat meydançalarında iş prosesiylə tanış olacaqsınız, müasir təcrübəyə malik böyük şirkətlərdə, tanınmış mütəxəssislərlə təmasda olacaq, yeni bilgilərə yiyələnəcəksiniz, gələcəkdə işlə təmin olunmaq üçün partnyorlarımız olan işəgötürənlərlə görüşlərə qatılacaq, işgüzar əlaqələr qurmaq imkanları qazanacaqsınız”.  
 
Abituriyentlərə imtahanlarda uğurlar diləyib, düzgün seçim etmələrini  arzulayan prorektor onları maraqlandıran sualları cavablandırıb. Sonra söz universitetə yüksək balla daxil olan tələbələrə verilib, universitetdə yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərinin səmimiliyindən razılıq edən tələbələr bu universitetdə oxuduqlarından qürur duyduqlarını, AzMİU-nu seçməkdə yanılmadıqlarını bildiriblər. 
 
Universitetin özfəaliyyət ansamblının çıxışından sonra abituriyentlər və onların valideynləri AzMİU ilə yaxından tanış olublar, geniş və işıqlı auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları gəziblər, böyük kitab fondu, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxana, nadir eksponatları olan muzey, tələbə və müəllimlərin əl işlərindən ibarət olan sərgi salonlarına baş çəkiblər. Görüşün sonunda qonaqlar Universitetin müəlim və tələbə heyətiylə bərabər çay süfrəsi arxasında səmimi söhbətlər edib, təəssüratlarını paylaşıblar.
 
Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)



Загрузка...