Taksi sürücülərinin NƏZƏRİNƏ: Təlimdən sonra qiymətləndirməni DİM aparacaq - AÇIQLAMA
Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bir sıra yeni məqamlara diqqət çəkib. Onlardan biri də avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulması olub.
Geniş müzakirələrə səbəb olan məqamlardan biri isə M.Abbaszadənin çıxışı zamanı sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsinin də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacağı olub:
"Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
AYNA-dan bildirilib ki, avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair təsdiq olunmuş proqram üzrə hazırlığa dair xüsusi hazırlıq keçirlər:
"Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
Proqramın yekununda imtahan təşkil edilir və xüsusi hazırlığın nəticələrinə dair aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə verilir.
Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək".