Azyaşlı şagirdin zorakılığa məruz qaldığı məktəbin direktorundan verilən cəzaya REAKSİYA - YENİLƏNİB + VİDEO
6 nömrəli məktəbin direktoru Gülşən Orucova ona verilən cəza ilə bağlı danışıb.
O qeyd edib ki, şagirdlər dərsə gələn zaman onların mobil telefonları sinif rəhbəri tərəfindən yığılır və dərsin sonunda geri qaytarılır:
“Sözügedən hadisə dərsdən sonra baş verib”.
G.Orucova II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilməsi xəbərini də doğrulayıb.
Ətraflı Baku TV-nin süjetində:
17:02
“6 saylı məktəbdə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.
Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.
O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.
Həmçinin, M.Vəliyeva bildirib ki, 6 nömrəli məktəbdə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
O qeyd edib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:
“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin, II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.