Emin Əmrullayevdən şagirdlərin qızılcaya yoluxması ilə bağlı AÇIQLAMA
“Qızılca xəstəliyi ilə bağlı mütəmadi olaraq aidiyyəti qurumlarla işləyirik. İstədiyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, qızılca xəstəliyinə yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir:
“Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin səkkiz-doqquz il əvvəl verdiyi qərara görədir. Xəstəliyin artımı müəyyən müddətdə izlənilməlidir. Hazırda alınan rəqəmlərə görə, bu halla bağlı böyük epidemiya təhlükəsi görmürük”.
O, valideynlərə çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar.
Nazir əlavə edib ki, qızılca ilə əlaqəli əsas məsələ şagirdlərin təhlükəsizliyidir. O qeyd edib ki, Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa, distant təhsilə keçid olmayıb:
“Amma vəziyyət gündəlik rəqəm və vəziyyətdən asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ bizim nəzarətimizdədir”.
Emin Əmrullayev qeyd edib ki, bəzi məktəblərə koronavirus pandemiyası dövründə olduğu kimi uşaqların və işçilərin temperaturunun ölçülməsi prosesi icra edilir.