İLHAM ƏHMƏDOV- Təhsil millətin gələcəyidirsə ...
Təhsil millətin gələcəyidir (Heydər Əliyev). Bu məhşur aforizmi təhsil məmurlarımız tez tez təkrar edirlər. Amma bu arzuladığımız gələcək şüarları təkrarlamaqla yox, düzgün təhsil siyasəti yürütməklə, onu düzgün reallaşdırmaqla gələ bilər.
Təhsilin hədəfləri dəyişməzdir: təlim, tərbiyə, inkişaf. Hər dövran özünə uyğun olaraq bu hədəfləri layihələndirir, dizayn edir, modernləşdirir, dövrə uyğun da texnologiyalar seçir.
Bu proseslərin son nəticəsi ölkə təhsilinin beynəlxalq rəqabət qabiliyyətliyi ilə müəyyən edilir. Bu həm də ölkənin beynəlxaq nüfuzu deməkdir.
Bu müəyyən mənada ölkənin təhsil sisteminin kompleks sertifikasiyasıdır. Amma 25 ildir təhsil sistemimiz bu sertifikasiyadan keçə bilmir.
Beynəlxalq müqayisələr üçün müxtəlif təhsil reytinqlərdən istifadə edilir.
Reytinqlər özlüyündə bir alətdir, müqayisə alətidir. Ölkələrin təhsil sistemləri, universitetlərin inkişaf səviyyələri bu əsasda müqayisə edilir, sonda yağı yağ, ayranı ayran yerinə gəlir.
15 ildir istər ölkə təhsili bütünlükdə, istərsə də universitetlərimiz bu reytinqlərdə çox təəssüf ki, zəif görünürlər.
Əgər belə reytinqlər olmasaydı, bizim ATM orda çox vaxt autsayder mövqedə olmasaydılar, bəlkə də nazirlik və bəzi rektorlarımız deyərdilər ki, bizim universitetlərimiz dünya səviyyəlidir.
Amma indi sakitcə reytinqlərə baxir və görürlər ki, universitetinin adı heç bir yerdə yoxdur, vəziyyətlə barışırlar. Nə edə bilərlər ki?
Amma ölkədə təhsilin inkişafı üçün, reytinqlərdə fərqlənməyimiz üçün ilk növbədə mükəmməl təhsil siyasəti, konsepsiya və strategiyalarımız olmalıdır. Təbii ki, elmə əsaslanan ideyalar əsasında bu olmalıdır.
Bəlkə də yeni yaranan agentliklər nə vaxtsa belə strategiyalar yarada bildilər, kim bilir?
Ümid edək.
Amma strategiya yaratmaqla da iş bitmir. Mühüm olanı strategiyaları reallaşdırmaq üçün keyfiyyətli kadr təminatı və səmərəli maliyyə siyasəti yürütməkdir. Düzü təhsil sistemimizdə heç vaxt biz bunu müşahidə edə bilmədik, bu illər ərzində.
Təəssüf ki, təhsil sistemimizin bu sarıdan bəxti heç gətirmir.
Niyə ? Kim buna mane olur ?
Əgər yeni yaradılan agentliklər də belə ənənəvi xəstəliklərdən xilas ola bilməyəcəklərsə, onda təhsilimizin bir daha xilas şansı olmayacaqdır. Dünya təhsilindın geriliyimiz günbəgün artır.
Görəsən dövlət və xalq qarşısında məsuliyyətin dərəcəsini təhsil məmurları anlayırlarmı ?