BANM tələbəsi DAAD və Erasmus Mundus təqaüdlərini qazanıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Afaq Həşimova bir neçə nüfuzlu universitetə qəbul olub, həmçinin DAAD və Erasmus Mundus təqaüdlərini qazanıb.
Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.
O, qəbul üçün müraciət etdiyi Almaniyanın Fridrix Aleksandr Universiteti (FAU), Hamburq Universiteti, Ulm Universiteti, Böyük Britaniyanın Mançester Universiteti, Nyukasl Universiteti və İtaliyanın Roma Sapienza Universitetindən müsbət cavab alıb.
Afaq, eyni zamanda, Erasmus Mundus təqaüdləri ilə Portuqaliya, Belçika, Fransa, İsveç və Çex Respublikasında təhsil almaq imkanı əldə edib. O, aylıq 1400 avro olmaqla #AMIR (Qabaqcıl Materiallar və Yenilikçi Təkrar emal) və #MESD (Davamlı İnkişaf üçün Membran Mühəndisliyi) proqramlarının təqaüdlərini qazanıb.
Onun seçimi Almaniyanın Fridrix Aleksandr Universiteti olub. Afaq burada DAAD təqaüdü ilə Təmiz enerji prosesləri ixtisasında magistratura səviyyəsində təhsil alacaq.
Afaq BANM-in fəal tələbələrindəndir, bir çox uğurlar qazanıb. O, 2022-ci ilin yaz semesterində “Erasmus Mobility Exchange” proqramı ilə Portuqaliyada tam təqaüdlə təhsil alan ilk tələbə olub, BANM-də keçirilən Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfranslarında "Biodizel" və "BioSurfactant" layihələri üzrə 2-ci və 3-cü yerləri tutub. Afaqın təmsil olunduğu komanda Çində keçirilən “Beynəlxalq Tələbələr üçün İnternet+” yarışmasında "Biosurfactant" layihəsi ilə gümüş medala, "İdea Var" yarışmasında isə eyni layihə ilə 3-cü yerə layiq görülüb. O, "Technip” şirkətinin təşkil etdiyi “Master Technology Transfer” proqramına seçilərək sonda ən yüksək nəticə göstərib, komandalararası “Business Project” üzrə yarışda lideri olduğu komanda I yeri qazanıb.