Bakı Ali Neft Məktəbinin (BANM) 25 məzunu SOCAR-Türkiyə şirkətinin "STAR Refinery” müəssisəsində çalışacaq. Yola düşməzdən öncə iş imkanı qazanan məzunların bir qismi bu haqda fikirlərini açıqlayıb. Gənc mühəndislər BANM-nin onlara verdiyi bilikdən və həyat təcrübəsindən bəhs ediblər. "Bakı Ali Neft Məktəbi sizlərə nə verdi” sualına onlar belə cavab veriblər:
Aygül Kərimova: "Bakı Ali Neft Məktəbi mənim həyatımda yeni bir səhifə açdı. Mühəndis olmaq mənim uşaqlıq arzum idi. Bəlkə də bu ali məktəb olmasaydı mən indi tamamilə başqa, heç də həvəsli olmadığım bir sahəni seçərdim. Məhz BANM sayəsində bu gün öz sevdiyim peşəyə yiyələnmişəm. BANM mənə təkcə öz ixtisasımı deyil, həm də mübariz olmağı, öz ayaqlarımın üzərində durmağı və həyatda arzularla yox, məqsədlərlə yaşamağı öyrətdi. Bu ali məktəbin ilk məzunlarından olduğum üçün özümü çox xoşbəxt hiss edirəm”.
Eldar Hüseynli: "Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir ali məktəbdə təhsil almaq ən böyük arzum idi. Mən Bakı Ali Neft Məktəbini seçdim və arzularımı burada gerçəkləşdirdim. Hətta əminliklə deyə bilərəm ki, bu təhsil müəssisəsinin region üzrə analoqu yoxdur. Bakı Ali Neft Məktəbi məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafımda sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş müəllim kontingenti hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar. Xarici təhsil proqramı və təhsilin ingilis dilində olmağı bizi dünya standartlarına cavab verəcək bir mütəxəssis kimi yetişdirdi”
Aynaz Mirzəzadə: "BANM-də oxuduğum 5 il mənim bir şəxsiyyət olaraq formalaşmağımda, hər gün inkişaf etməyimdə, savadım, dünyagörüşüm və milli dəyərlərə bağlılığımın artmasında əvəzolunmaz rol oynadı. Asan olmayan bu yolda məni yönləndirən, dəstək olan hər bir şəxsə borcluyam. Azərbaycanın və gələcəkdə dünyanın ən yaxşı ali məktəblərindən olacaq BANM-in ilk məzunları sırasında olmaqdan qürur duyuram”.
Adil Babayev: "Akademik təhsilimə Kimya mühəndisliyi ixtisasında başlayandan sonra BANM ixtisasım üzrə praktik-nəzəri biliklər qazanmaqla yanaşı, düzgün dostluq münasibətləri qurmaq və müxtəlif sosial fəaliyyətlərdə özümü daha da inkişaf etdirməkdə böyük rol oynayıb. Professor-müəllim heyəti hər zaman düzgün istiqamət verərək, dərs proqramında üzləşdiyim çətinlikləri həll etməkdə köməyini əsirgəməyib. Həmçinin, müxtəlif istiqamətlərdə təcrübələri olan qonaqların ali məktəbimizə təqdimatlar, səmimi söhbətlər aparmaq üçün dəvət olunması həm gələcək karyerama dair, həm də həyata dair fikirlərimin formalaşmağında faydalı olub”.