Xəbərlər
07 fevral 2017
3 024
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində "Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rektor Elmar Qasımov bu təlimlərin şagirdlərin gələcəyi üçün vacib bir istiqamət olduğunu deyib. O qeyd etdi ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar və bu, çox sevindirici haldır. "Ali Məktəbin Gənclər Fondu ilə əməkdaşlığı tələbələrimiz üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur” – deyə rektor bildirib.
Gənclər Fondunun sədri Fərhad Hacıyev deyib ki, bu cür ali təhsil ocaqlarının yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir: "Çox sevinirəm ki, BANM-in tələbələri bizim layihələrimizdə iştirak edib qalib gəlirlər. Bu bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir”.
"Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri və BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili Ali Məktəbin rəhbərliyinə və Gənclər Fonduna rəhbəri olduğu layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin "Gənclər üçün İKT təlimləri” layihəsi qrant müsabiqəsinin qaliblərindən olub. 2016-cı ilin dekabr ayında və 2017-ci ilin yanvar ayında Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin, Akademik Zərifə Əliyeva adına liseyin və Suraxanı rayonu 232 №-li orta məktəbin 8-9 sinif şagirdləri üçün sözügedən layihə çərçivəsində təlimlər keçirilib.
istinad apa.az