Xəbərlər
12 aprel 2017
2 913
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
BANM-dən bildirilib ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rəhman UniKL-nin prorektoru Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı Sairul İzvan Safie, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəlib.
Azanam Shah Hashim bildirib ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd edib ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.
Sonra BANM-lə UniKL arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
apa.az