Nadir İsrafilov: “Mövcud təhsil modelində yaxşı oxuyanın zəif, zəif oxuyanın yaxşı nəticə göstərməsi təbii haldır”.
“Məktəbdə əlaçı olmaq hələ qəbul imtahanında yüksək nəticə qazanmaq anlamına gəlmir. Mövcud təhsil modelində yaxşı oxuyanın zəif, zəif oxuyanın yaxşı nəticə əldə etməsi təbii haldır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Ekspert sözlərinə belə davam edib: “Testin tətbiqinə başladığımız ilk illər belə hesab edirdik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır. .
Bir də ki, test məhdud vaxt ərzində cavablandırılan və şəxsiyyətin bilik, bacarıq və vərdişlərini kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək üçün tətbiq olunan standartlaşdırılmış tapşırıqlar olduğundan bunun vasitəsilə öyrənilən bütöv bir fənni, yaxud da ixtisas sahəsini əhatə etmək və qiymətləndirmək mümkündür. Bu, məktəblinin, tələbənin nailiyyətlərinin şəffaf və obyektiv qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir. Test - aparılma məqsədlərindən asılı olaraq standartlaşdırılmış bir vasitə olub, müəyyən standart üzrə, təhsilalanın nailiyyətlərinin ölçülməsini həyata keçirir”
Nadir İsrafilov söyləyib ki, bir müddət keçdikdən sonra fikirlər haçalandı, məsələyə münasibət başqalaşdı: “Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilmədi, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb oldu ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət oludu. Nəticə onunla sonunclandı ki, bir ara DİM və Təhsil Nazirliyi arasında bir növ “soyuq müharibə”ə bənzər qarşıdurma yarandı, abituriyentlərin zəif göstəricilərinin səbəbləri qarşılıqlı ittihamlarla davam etdi.
DİM Təhsil Nazirliyini məktəb tədrisinin zəifliyində, Təhsil Nazirliyi isə DİM-i proqram materiallarından kənar çıxmalarda suçlamaqla vəziyyətdən çıxmaq üçün cəhdlər göstərdi. Necə ola bilər ki, orta məktəbdə əla qiymətlərlə oxuyan qəbul imtahanlarında zəif nəticələr göstərsin və ya əksinə, orta məktəbdə zəif göstəriciləri olan qəbul imtahanlarında yüksək nəticə əldə etsin? Deyək ki, hansı ildəsə məktəbi bitirən şagirdlərin arasında təxminən 200 nəfəri buraxılış imtahanlarında maksimum nəticəni göstərir, medalla təltif olunur, qəbul imtahanlarında isə ən çoxu 14-15 abituriyent maksimum nəticə göstərir. Əksinə, orta məktəbi "əla” qiymətlərlə bitirən şagird ali məktəblərə qəbul imtahanlarına "3”ə bərabər nəticə göstərir.
Başqa sözlə, on bir ilin zəhmətini bir imtahanın nəticəsi əsasında dəyərləndirimək nə dərəcədə düzgündür və hansı məntiqdən irəli gəlir?
Nəhayət kompromis əldə edildi. 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nəzdində sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası yaradıldı. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır. Düzdür, bu model də bir o qədər təkmil deyil. Amma əvvəlki modellə müqayisədə daha məqsədəuyğundur.
Bununla belə məktəbdə əlaçı olmaq hələ qəbul imtahanında yüksək nəticə qazanmaq anlamına gəlmir. Mövcud təhsil modelində yaxşı oxuyanın zəif, zəif oxuyanın yaxşı nəticə əldə etməsi təbii haldır. Elə ola bilər ki, kimsə bu gün 500 bal yığa bilər, ikinci cəhddə heç 100 bal da yığa bilməz və ya əksinə. İmtahanda kiməsə 100 bildiyindən 5 bilmədiyi, kiməsə cəmi 5 bildiklərindən elə biri düşə bilər. Hələ imtahan həyəcanı və digər stresslər də bir yana. Bir imtahanla abituriyentin biliyinə qərar vermək olmaz. Bu prosesin nizama salınmasının yeganə yolu, testin təkmilləşdirilməsi, imtahan prosedurlarının sadələşdirilməsi yolu ilə həyəcan faktorunun azldılması və qəbul formatının dəyişdirilməsində görürəm. Bu həm vaxt imkanına, həm də məzunların əlavə stress yaşamamasına kömək edə bilər
Hesab edirəm ki, ilk olaraq aralıq mərhələni – buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik, baxmayaraq ki bu addımın atılmasında xeyli ləngimişik.
Halbuki, dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir. Belə bir modelə keçid ölkəmizdə təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü nəzərə almaq, xarici ölkələrlə adam başına düşən ali təhsillilərin sayına görə rəqabəti gücləndirmək, bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək, ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər. Yeni model həm də o cəhətdən faydalı ola bilər ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri proporsional nəzərə alınar”.