“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ
"Əgər, tarixə nəzər salsaq ta qədimdən, ibtidai cəmiyyət formalaşmağa başlayan dövrlərdən bəri əsasən hakimlik, liderlik, nüfuz, imtiyaz və proseslərə nəzarət rollarında ya kişilərin, (patriarxat) ya da qadınların (matriarxat) üstünlüyündən ibarət ailə institutu mövcud olub.
Maraqlıdır ki, belə bir sosial sistem bizdən də yan keçməyib və Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"da da öz əksini tapıb. Ana haqqının Tanrı haqqına bərabər tutulması “Anaxaqanlıq”, (matriarxat) kişilərin üstünlük təşkil etdiyi sosial mühit isə “Ataxaqan” (patriarxat) kimi səciyyələndirilmişdir. Müqayisə bir o qədər uğurlu olmasa da həmin sistemlərin bəzi elementləri nisbətən başqa formada olsa belə hələ də qalmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, bu günümüzün özündə belə bir çox sahələrdə liderlik, əsas söz sahibi olmaq kişilərə məxsus olsa da bunu təhsil sahəsi, xüsusilə də məktəblər barədə demək olmaz: "Əgər ötən ilki məlumatlara əsaslansaq, görürük ki, məktəblərdə müəllimlərin 84,3 faizi qadındır, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır. Əgər qadınlar məktəblərdə böyük əksəriyyət təşkil edirsə, valideyn iclasına da ataların yox, bilavasitə anaların getməsi təbiidir. Halbuki, tez-tez dilə gətirdiyimiz İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda və ailə tərbiyəsində kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir".
Nadir İsrafilov sözlərinə belə davam edib: "Hesab edirəm ki, məktəblərdə ara-sıra keçirilən valideyn iclaslarına niyə görə atalar yox, əsasən analar gedir sualına cavab verməzdən əvvəl, hələ baxaq görək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühiti yaratmışıqmı? Məktəb-valideyn münasibətlərinin optimal variantını hazırlayıb, onun bütün mexanizmlərini işlək vəziyyətə salmışıqmı? Məktəblərdə fəaliyyət assosasiya, komitə, icma olmasından asılı olmayaraq, bu qurumların nə ilə və hansı şəraitdə fəaliyyət göstərməsini nəzərə alan varmı? Buna səbəb nədir? Valideyn iclaslarına atalar niyə getmir? Necə olsa daha yaxşı olar? Uşağın təhsili ilə yalnız anamı maraqlanmalıdır? – suallar çoxdur, cavab axtaran isə yoxdur. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul belə onlayn sistemlə həyata keçirilir. Valideynlə müəllim arasında sanki, müəyyən uçurum yaranıb. Bu uçurumu aşmaqla ataların da məktəbə ayaq açmasına yardımçı olmaq olar, klassiklərin “Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.”, “Bir ata yüz müəllimə əvəzdir” və s. bu kimi müdrik fikirləri öz yerini tutar...". sia.az