AzTehsil.com


Xəbərlər
19 iyun 2020
1 310


Günümüzün qəhrəmanları



Günümüzün qəhrəmanları

 

Fiziki sağlamlığımız həkimlərdən, ruhi-mənəvi sağlamlığımız müəllimlərdən asılıdır

İnsanların  fiziki və ruhi sağlamlığı həmişə müdrik insanları - humanistləri, islahatçıları, maarifçiləri, maarifpərvərləri və məktəbdarları düşündürmüşdür. F.Bekon sağlam bədəni mehmanxana, xəstə bədəni xəstəxana, A.Bullard  isə sağlam adamı özünün də xəbəri olmayan xəzinə sahibi hesab edirdi. A.Şopenhauer  sağlam dilənçi olmağı xəstə varlı olmaqdan üstün tutaraq deyirdi: nə pul, nə şöhrət sağlamlığın yerini verə bilməz. Sağlamlığı ən böyük nemət hesab edən müdrik atalarımızın da fikirləri ibrətamizdir:"Sağlamlığın qədrini xəstələr bilər”.

Koronovirus pandemiyası ilə üz-üzə qaldığımız təhlükəli bir zamanda bu hissləri  hər kəs həyati olaraq yaşayır, sağlam həyat uğrunda mübarizə  aparır. Evdə qalmaqla, sağlam qalmağa çalışır. Pandemiya  dünyanı qəflətən yaxaladı,  dünya dövlətlərini və millətlərini çətin imtahan qarşısında qoydu, hər şey filmlərdəki kimi, birdən-birə baş verdi: işıqlar söndü, həyat  al-əlvanlığını itirdi, gediş-gəliş kəsildi, qoruq və qadağalar başladı. Çində yayılan koronovirus pandemiyası bəşəriyyəti olum-ölüm dilemması qarşısında qoydu.

Pandemiya ilə mübarizə: situasiyanın gərginliyi, çevik qərarların qəbulu

Tarixi insanlığın tarixi qədər qədim olan epidemiyaların, pandemiyaların ayrı-ayrı dövrlərdə  milyonlarla insanın həyatına son qoyduğunu yaxşı bilirik. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəni bu bəlanın girdabından qurtarmaq üçün zəruru qabaqlayıcı tədbirlər həyata keçirildi. Hər zaman vətəndaşların  yanında olan cənab Prezident əhalinin sağlamlığını qorumaq, iqtisadiyyatı ayaq üstə saxlamaq,  xaricdəki soydaşlarımızı Vətənə gətirmək, əhalinin işsiz və həssas qrupuna maddi yardım etmək məqsədilə mühüm qərarlar qəbul etdi. Ali Baş Komandanın rəhbərliyi ilə ölkə vətəndaşları  müsəlləh əsgərə çevrildi. Bakının və regionların ən müasir  otelləri, istirahət zonaları karantində saxlanılanların sərəncamına verildi, bir sıra strukturlar gücləndirilmiş iş rejiminə keçirildi. Koronavirus təhlükəsi ilə əlaqədar insanlara "Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edildi. Milyonların  sağlamlığı naminə insanlar  arxa cəbhəyə çəkildilər, evdə qalmalı oldular.

Pandemiya ilə üz-üzə: həkimlərimizin şücaəti

Koronovirusa qarşı mübarizə isə davam edirdi. Bu amansız pandemiya ilə üz-üzə, göz-gözə  dayananlar, 24 saat istirahət etmədən  onunla mübarizə aparan, evini, ailəsini, hətta körpə uşaqlarını belə unudan  ağ xalatlı həkimlər idi. Millətin taleyi ön cəbhənin "əsgərləri”nə - həkimlərə həvalə edilmişdi. Son günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirus xəstələri ilə bağlı verdiyi məlumat onu təsdiqləyir ki,  həkimlərimiz  sərhəddəki əsgərlərimiz kimi "döyüşdülər”, qəhrəmanlıq nümayiş etdirdilər,  hünər göstərdilər. Heç bir təşviş, təlaş keçirmədən soyuqqanlıqla xəstələrin yanında oldular, xoşxasiyyət və insanpərvərlik nümayiş etdirdilər, onların ağrılı həyatını  birgə yaşadılar, hər bir xəstə ilə ölüb-dirildilər,  ümidlərini itirmədilər. Həkimlərimizin əxlaqi mədəniyyəti, təcrübəsi onlara ruhi sakitliklərini saxlamağa kömək etdi. Hippokratın tövsiyələrinə əməl edərək xəstələr üçün ata, sağalmaqda olanlar üçün mühafizəçi, sağalanlar ilə dost oldular. Xəstələrin sağalmağa olan ümidlərini itməyə qoymadılar, onlara tibbi və mənəvi dəstək oldular, fədakarlıqları ilə Vətən qarşısında müqəddəs borclarını yerinə yetirdilər.  Həyata  qaytardıqları insanların ömür  kitablarına  adlarını yazdılar. Əziz oxucu, bu, həkim  xoşbəxtliyi deyil, bəs nədir, qəhrəmanlıq deyil, bəs nədir? Xüsusi geyimlərin, eynəklərin və maskaların həkimlərin  sifətlərində və  alınlarında  açdığı şırımlar onların şücaətinin nişanəsi, bugünkü  həyatlarının bəzəyi deyil, bəs nədir?  Həkimlərin fədakarlıqlarını  minnətdarlıq hissi ilə dilə gətirən  cənab Prezident İlham Əliyev demişdir: "Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər.”  

Ruhumuzun qoruyucu mələyi: Azərbaycan müəllimi

Həkimlər  bədənimizin, müəllimlər ruhumuzun qoruyucu mələkləri olduğundan onların hər ikisinin də işi eyni dərəcədə əhəmiyyətli, dəyərli, məsuliyyətli və şərəflidir. İlahi bir missiyanın daşıyıcıları  olan müəllimlər  zaman-zaman öz üzərlərinə düşən məsuliyyəti  ləyaqət və şərəflə  yerinə yetirmişlər. İlk dünyəvi məktəb, ilk dərslik, ilk teatr, ilk mətbuat, ilk xeyriyyə cəmiyyətlərinin yaradılması, mətbuatda milli azadlıq və istiqlaliyyət  toxumlarının səpilməsi, milli ideologiyanın formalaşdırılması, ilk milli dövlətin qurulması onların fədakar əməyinin məhsulu deyilmi?   Millətin ruhunun həkimləri onlar deyilmi? Böyük Azərbaycan maarifçisi A.Səhhətdən soruşanda ki, Mirzə, siz həkimsiniz, bəs niyə uzun illərdir ki, müəllimlik edirsiniz? Abbas Səhhət isə cavabında deyir: "Mən müəllimlik etməklə, öz xalqımın ən böyük xəstəliyini, savadsızlığını müalicə edirəm”.

Azərbaycan müəllimləri  XX əsrin 20-60-cı illərində ölkədə savadsızlığın ləğvində, ümumi icbari ibtidai, yeddiillik, səkkizillik və orta təhsilin həyata keçirilməsində qəhrəmanlıq nümunəsi göstərdilər. Milləti milli-azadlıq mücadiləsinə hazırlaya bildilər. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, imperiya təzyiqlərinə qarşı "Azadlıq” - deyərək meydanlara axışan, yalın əllə rus tanklarının qarşısını kəsən, sinəsini düşmən gülləsinə  sipər edən gəncliyi Azərbaycan məktəbi, Azərbaycan müəllimi hazırlamamışdımı? Azərbaycanın elmi və siyasi elitası onların "sinfinin” şagirdləri olmayıblarmı? Müəllimin əməyi, fəaliyyəti Allahın xəlq etmə dühasının davamı olduğuna görə onun peşəsi müqəddəs hesab olunur. Cünki o, hava və qidadan sonra vücudumuzun ən çox ehtiyac duyduğu üçüncü şeyi- təhsil-tərbiyəni insanlara bəxş etməklə, onların əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını təmin edir. Müəllimlər hər bir  şagirdin yaşına, gücünə, fərdi və psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onların şüuruna, hisslərinə və davranışına təsir göstərir. Məktəbli də   bu tərbiyəvi təsir vasitəsi ilə dəyişir, kamilləşir, onda əqli, əxlaqi, etik, estetik, fiziki mədəniyyət formalaşır. Müəllim təhsil-tərbiyəsi ilə məşğul olduğu şagirdlərə gizlədilməsi mümkün olmayan gözəllik aşılayır, onların qəlbinə elə bir işıq salır ki, həmin nurla  o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilir. Müəllim şagirdinə həyat üçün zəruri olan  elə bacarıq aşılayır ki, onlar istənilən situasiyada düzgün qərar qəbul edə bilsinlər. Görkəmli Azərbaycan maarifçisi S.M.Qənizadə isə müəllimliyi dünyanın ən şərəfli peşələrindən biri və birincisi hesab edərək yazırdı: "Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz yaşaya bilməz”.

Azərbaycan müəllimləri imtahan verir

Elə bu səbəbdən də koronovirus pandemiyası ilə əlaqədar  olaraq təhsil sistemində  yaranan fors-major situasiyası Təhsil Nazirliyi  tərəfindən ilk gündən düzgün dəyərləndirildi, təhsilin fasiləsizliyini təmin etmək məqsədilə tədrisin təşkilinin alternativ formalarından istifadəyə qərar verildi. Tədrisin onlayn rejimdə təşkili ilə bağlı verilən  qərarlara  müəllimlər adekvat  cavab verdilər. Dərslərini "Zoom”, "Microsoft Teams”, "Skype” proqramından, e-poçt xidmətindən,  "YouTube”  kanalından istifadə  etməklə  təşkil etməyə başladılar. Müəllimlərin böyük əksəriyyəti qısa bir zaman kəsiyində öz fəaliyyətlərini onlayn rejimdə təşkil etməyə nail oldular. "Tele dərs” və "Virtul məktəb”, "Dərsdən sonra” layihələri tədrisin təşkilinə yenilik kimi daxil olundu. Qısa bir zamanda peşəkar və səriştəli müəllimlərin köməyi ilə zəngin tədris resursları yaradıldı. Digər ali təhsil müəssisələrində olduğu kimi, ADPU-nun bütün struktur bölmələrində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecində, Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filiallarında  təhsil alan tələbələrin əksəriyyətinin onlayn dərslərə qoşulmasına nail olundu, tələbələrin hamısı elektron tədris materialları ilə təmin edildi.

Formal, yoxsa məsafədən təhsil?

Təbii ki, məsafədən təhsil formal təhsili əvəz edə bilməz. Məktəblərin yaranması cəmiyyətin sosial tələbatından doğduğundan o cəmiyyətin iqtisadi, mədəni, sosial və siyasi tələblərinə cavab verən kadrlar hazırlamalı, humanist və insanpərvər  təhsil mühiti formalaşdırmalıdır. Hələ vaxtı ilə akademik A.F.Bilibin yazırdı ki,  maşın tez, dəqiq işləyə bilər, lakin maşından müdriklik gözləmək olmaz, bu keyfiyyətlər yalnız insana məxsusdur.

Günümüzün  qəhrəmanı: Azərbaycan müəllimi

Məqsədimiz formal təhsilin üstünlüklərini və ya  məsafədən təhsilin  təşkilindəki çatışmazlıqları sadalamaq deyil, ekstriminal şəraitdə, onlayn rejimdə tədrisi normal  səviyyədə təşkil etməyə nail olan  günün qəhrəmanları - Azərbaycan müəllimləri ilə bağlı duyğularımızı dilə gətirmək, fəaliyyətlərini təqdir etməkdir. Ruhumuzun tərbiyəçisi olan müəllimlər də həkimlərimiz kimi fədakarlıqla çalışır, dərs nümunələri hazırlayır, slaydlar düzəldir, ailə-məişət qayğılarını unudaraq yorulmadan və həvəslə  şagirdlərinə (tələbələrinə) tədris materialını çatdırmağa, əks-əlaqə  qurmağa çalışırlar. Müəllimlər minlərlə şagirdlərə (tələbələrə) fənn  proqramına  uyğun  olaraq dərs keçməklə yanaşı, həm də onlara mənəvi dəstək olur, təlaş və stres keçirməmələri üçün əllərindən gələni əsirgəmirlər. Bu gün onların hər birinin evi sinif otağını xatırladır, telefonları susmur: dəcəl uşaqlarının öhdəsindən gələ bilməyən valideynlər də, şagirdlər də, qonşular da onlardan məsləhət alır. Hələ öz uşaqlarını, ailə-məişət problemlərini demirəm. Cəsarətlə demək olar ki, belə bir çətin vəziyyətdə Azərbaycan müəllimi  məktəbi evinə daşıya bildi.

Müəllimlər həm də imkanları  daxilində  ehtiyacı olan insanlara, aztəminatlı ailələrə  qayğı göstərir, onlara dayaq olmağa çalışır, humanist layihələrin icrasında həvəslə  iştirak edirlər. Şəhərlərdə olduğu kimi, kəndlərdə də  müəllimlərin təşəbbüsü ilə geniş vüsət alan bu insanpərvər və humanist  hərəkat   onların fədakarlığının diqqətəlayiq ifadəsidir. Deməli, müəllimlər zaman-zaman  insanlığı aydınlığa çıxaran işıq kimi bərq vurur, hər bir insanın həyatına  mayaq olur, fədakarlıq nümayiş  etdirir; müəllim, həkim, mühəndis, memar, alim, diplomat, əmək və müharibə qəhrəmanları yetişdirir, gələcəyin şairlərinə, yazıçılarına, incəsənət adamlarına  qələm tutmağı öyrədir.

Müəllim cəmiyyətin sütunudur

Amma biz cəmiyyət olaraq müəllimlərin  həqiqi dəyərini verə bilirikmi? Təbii ki, yox! İstəsək də verə bilmərik, çünki dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz (Sokrat). Bəs biz nə edirik? Müəllimləri sosial şəbəkələrdə qınaq obyektinə çeviririk, qarışqa boyda səhvlərini fil edirik, təhqir etməkdən çəkinmirik, nöqsanlarını  ictimailəşdiririk. Mən demirəm ki, müəllimlərin hamısı  idealdır və daşıdığı məsuliyyəti dərindən başa düşür. Müqəddəs peşə sahibləri arasında da öz işinin öhdəsindən gələ bilməyənlər, şagirdlərin gülünc hədəfinə çevrilənlər var. Biz belələrinin yarıtmaz fəaliyyətini ictimailəşdirməklə  yalnız onları deyil,  uşaqlarımızın təsəvvüründə formalaşan Azərbaycan müəllimi obrazını  aşağılayırıq.

Müəllimliyi hər şeydən uca tutan ulu öndər Heydər Əliyev deyirdi ki,  hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Allah sevənləri sevər

Əziz oxucular,  insanın  təhsili ibtidai və ya  orta ola bilər,  təhsillilik  səviyyəsi onun cəmiyyətin dəyərli bir üzvünə  çevrilməsinə  mane ola bilməz. Amma  insanın tərbiyəsi  hökmən ali olmalıdır ki,  xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olsun, düzgün düşünsün. Düzgün düşünmək  isə   insanın fiziki və ruhi-mənəvi  sağlamlığı ilə bağlıdır. Fiziki sağlamlığımız həkimlərdən, ruhi-mənəvi sağlamlığımız müəllimlərdən asılıdır. Sağlamlığınızı qoruduğunuz kimi  onları da qoruyun, sağlamlığınızı sevdiyiniz kimi onları da sevin, ehtiram və etimad  göstərin.

Allah sevənləri sevər.

Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi   muallim.edu.az 

 



Загрузка...
Həmçinin oxuyun:
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

BDU-nun tələbəsi “koronovirus”dan yazdı – Keçər dövran, belə qalmaz

BDU-nun tələbəsi “koronovirus”dan yazdı – Keçər dövran, belə qalmaz

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Ailədə  tərbiyəçi kimdir?

Ailədə tərbiyəçi kimdir?

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Müəllim şagirdi döyməlidirmi?

Müəllim şagirdi döyməlidirmi?

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Müəllim-şagird-valideyn münasibətlərinin mərkəzində

Müəllim-şagird-valideyn münasibətlərinin mərkəzində