Məktəblilər arasında “Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilir
Hər il Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə IV-IX sinif şagirdləri arasında “Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. Həmçinin bütün sahələrə təsir etmiş innovativ texnologiyaların inkişaf perspektivini şagirdlərə göstərmək və bu prosesdə necə iştirak edə biləcəklərinə dair ilkin anlayışın onlara verilməsidir.
Bu il də “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsi keçirilir. Müsabiqədə iştirak üçün 19 000 şagird qeydiyyatdan keçib.
17-18 dekabr tarixlərində isə müsabiqənin onlayn və oflayn qaydada seçim mərhələsi baş tutub. Müsabiqəyə müstəqil şəkildə onlayn qoşula bilməyənlər üçün tapşırıqları həll etmək məqsədilə 54 şəhər üzrə 100-dən çox məktəbdə xüsusi mərkəzlər təşkil edilib. Seçim mərhələsinin nəticələrinə əsasən uğur qazanan 300 şagird dekabrın 26-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə əldə edəcək.