Gəncədəki kütləvi davada ingilis dili müəllimi öldürülüb
Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.
Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatı məlum olub. Dava qohumlar arasında baş verib.
Hətta öldürülən Əli Bayramov Kamal Bayramovun 3 ay evində qalıb. Bu müddət ərzində Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb. Amma pulları qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.
Kamal Bayramovun anası Ofelya Bayramova hadisənin bəzi təfərrüatı haqqında məlumat verib:
“Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım. Sonra işə getdim. Qayıdan zaman eşitdim bu hadisə baş verib”,- deyə O.Bayramova bildirib.
Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda ingilis dili müəllimi işləyib.(Qafqazinfo)