Nadir İsrafilov : Müəllim əməyinin qiymətləndirilməsi və əməkhaqqına differensial yanaşma heç də yeni məsələ olmayıb
Noyabrın 25-də Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə təhsilin bir sıra cari və həllini gözləyən məsələlərindən söz açılıb, sonda isə jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Nazirin son açıqlamaları sosial mediada müzakirələrə səbəb olub və heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovla geniş müsahibənin davamını oxucularımıza təqdim edirik.
-Nadir müəllim, Müəllimlərin Sertifikatlaşdırılması prosesinin ilk mərhələsində 11 mindən artıq müəllim imtahanlarda iştirak edib. Nazirin “Sertifikasiya imtahanları ilə bağlı müəyyən narazılıqlar olduğunu bilirəm” etirafına toxunaq...
-Etiraf etmək, əslində bir növ reallıqlarla razılaşmaq anlamına gələn müsbət xüsusiyyətdir. Bir çox hallarda deyilənləri qulaqardına vurmağımız, müəyyən problemlərin həllində geriyə düşməyimizin əsas faktorlarından biri olub. Narazılıqlar həmişə olub, bundan sonra da olacağı istisna deyil. Söhbət yalnız ümumi ictimai rəyi nəzərə almamaqla narazılıqların tədricən minimuma endirilməsindən gedə bilər. Əski dini mənbəələrdə belə bir kəlam var: ”Həqiqəti kiməsə sübut etmək mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var.”Klassik fəlsəfi dildə desək, nə qədər baş varsa, o qədər də fikir müxtəlifliyi var”.
-Sizcə, nazir “müəyyən narazılıqlar” olduğunu deyərkən nəyi nəzərdə tutub?
-Nazirin nəyi nəzərdə tutduğunu deyə bilmərəm, ancaq belə qənaətə gəlmək olar ki, “müəyyən” ifadəsi qismən razılaşmaq kimi də qəbul oluna bilər. Yəni, kiminsə nədənsə narazılığı bütövlükdə əksəriyyətin narazılığı kimi qiymətləndirilə bilməz. Daha konkret desək, kiminsə nəyəsə münasibəti, kimin haqlı və ya kimin haqsız olduğunun sübutu deyil. Deyək ki, kimlərsə bütövlükdə sertifikasiyanın əleyhinədirsə, digər böyük əksəriyyət isə hesab edir ki, loru dildə desək, yaxşıya da pisə də eyni gözlə baxmaq ədalətsizlikdir. Sertifikasiyada differensial əməkhaqqı sisteminin tətbiq olunması da məhz “yaxşı” ilə “pis”i ayırd etməklə ədalətlilik prinsipinin bərpasına xidmət edir. Bir də ki, müəyyən narazılıqlara və narahatçılıqlara elə bir ciddi əsas da yoxdur. Dəfələrlə rəsmi şəkildə, hətta nazir səviyyəsində bəyan edilib ki, sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil. İlk mərhələdən keçməyənlər üçün sonrakı mərhələdə iştirak etmək hüququ tanınacaq... Digər tərəfdən differensial əməkhaqqı sisteminin də tətbiq olunması müəllimlər arasında rəqabəti və inkişafı təşviq edəcək”.
Sadəcə olaraq narahat və narazı olanlara onu xatırlatmaq düşür ki, müəllim əməyinin qiymətləndirilməsi və əməkhaqqına differensial yanaşma heç də yeni məsələ olmayıb, sovet dönəmində də attestasiya adı ilə tətbiq olunub. “İslahat Proqram”ında attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun prosedurlar tələb olunduğundan reallaşması mümkün olmadı. Sonralar bu proses müəllimlərin sınaq imtahanı, daha sonra isə diaqnostik qiymətləndirmə formasında davam etdirilib. Bir müddət sonra “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı.
Nəticə olaraq, belə qərara alındı ki, "Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”. Nəhayət 2022-ci ilin mayında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib. İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir və əsas məqsədi müəllimləri daim inkişafda saxlamaqdadır.
-Sertifikasiyadan söz düşmüşkən, “Gələcək aylarda plan ondan ibarətdir ki, sertifikasiya prosesinə direktorları da cəlb edək”. Bir az da bu barədə danışaq...
-Müsbət yanaşıram. Ən çox narazılıqlar direktorlardan olduğundan, ilk olaraq elə onlardan başlamaq lazım idi, biz isə müəllimlərdən başladıq. Niyəsini aydınlaşdırım. Hələ, 1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu. Belə ki, bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. Nazirliyin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu. “Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmamasını və bu prosedurun sertifikasiya ilə əvəz olunduğu barədə bayaq danışdıq. Hər şey rəhbərlikdən başladığı kimi, gərək sertifikasiya da direktorlardan başlayardı. Mən qalsa, yxın gələcəkdə Regional Təhsil idarələrinin rəhbərlərini də bu prosedura cəlb etmək olar...
(Ardı var)
Elmin Nuri