Uşaqlara maliyyə savadlılığını öyrədən oyunlar
Uşağın maliyyə həyatı ilk cib xərcliyi ilə başlayır. Moneykids.ru portalının ekspertləri uşaqlara nominalına görə pulları ayırd etməyi və mağazada alış-veriş etməyi öyrədən 3 əsas oyunu seçib. Övladınızın artıq 5 yaşı tamam olubsa onunla bu maliyyə savadlılığının ilkin anlayışlarını öyrədən oyunları oynaya bilərsiniz.
I oyun – «Pul xırdalama»
Uşaqlar mağazada pulqabınızdan necə pul çıxardığını görürlər. Bəs onlar özləri lazımi məbləği toplaya bilər? İlk oyun uşaqlara qəpikləri ayırd etməkdən, banknotları xırdalamaqdan və eyni bir məbləği müxtəlif vasitələr ilə toplamaqdan ibarətdir.
Oyunun qaydaları: Xırda pulları stola səpələyin və növlərini uşağa izah edin. Ona qəpiklərlə yaxından tanış olmağa, ölçüsünü, çəkisini, rəngini və qalınlığını nəzərdən keçirməyə şərait yaradın. Eyni şeyi kağız pullarla da təkrar edin. Xırda pulların daha böyük məbləğ yaratmaq üçün bir vasitə olduğunu izah edin. Bu prosesin necə baş verdiyini göstərin. Məsələn, 5 AZN, 1 AZN və qəpiklərdən necə 10 AZN yaratmaq olar? Kombinasiyalar istəyinizə uyğun şəkildə müxtəlif cür ola bilər. İndi isə övladınıza 20 manatınızı xırdalamağı tapşırın.
Bu oyun uşaqlara pulları ayırd etməyi və saymağı öyrədəcək. Prosesi daha da çətinləşdirmək istəyirsinizsə, müəyyən zaman təyin edin və övladınıza bu müddət başa çatmadan eyni bir məbləği müxtəlif kombinasiyalar ilə toplamağı tapşırın.
II oyun – «Mağaza»
Artıq övladınız müxtəlif pullardan istənilən məbləği təşkil etməyin mümkün olduğunu bilir. Bəs bu pullar ilə nə etməli? Düzdür, mağazaya getmək və alış-verişin hesabını ödəmək.
Oyunun qaydaları: İlk öncə mağazaya səfər səhnəsini evdə canlandırın. Uşaq vaxtı oynadığımız kimi, lakin indi kağızlarla deyil, əsl xırda pul və qəpiklərlə. “Məhsulları” stolun üzərinə düzün: oyuncaqlar, soyuducudan olan qida məhsulları və s. Hər məhsula qiymət nişanı vurun. Kimin satıcı, kiminsə alıcı olduğunu aranızda razılaşdırın. Əgər alıcı övladınızdırsa, o, lazımi məbləği qəpik və pullarla toplamalı və məhsul qarşılığında sizə verməlidir. Verdiyi məbləğ çox olarsa xırdasını gözləsin. Daha sonradan rolları dəyişin. İndi isə satıcı olan övladınızın vəzifəsi ona pulu düz verib, vermədiyinizi yoxlamaqdır. Və əgər lazımdırsa xırda qaytarmalıdır.
Bu oyun uşaqlara məhsul-pul münasibətlərinin əsas prinsipini öyrədəcək: hər hansı bir məhsulu əldə etmək üçün hesabını ödəmək lazımdır. Satıcı bu pulları qəbul edəcək, onlardan öz biznesinin inkişafı üçün yararlanacaq – yeni məhsullar alacaq və hazırda satdığı məhsulların çeşidini təkmilləşdirəcək.
III oyun – «Supermarketdə sınaq»
Bundan öncəki oyunlar övladınıza pulları ayırd etməyi və alış-verişin hesabını ödəməyi öyrətdi. İndi bilikləri təcrübədə sınaqdan keçirmək zamanıdır.
Oyunun qaydaları: Övladınıza mağazaya getməyi təklif edin. Ona bu dəfə onun “başçı” olduğunu izah edin: bu zaman onun tapşırığı planlaşdırdığınız bütün məhsulları alıb, almadığınızı və buna pulun bəs edib, etmədiyini yoxlamaqdır.
1. Uşaqla birgə siyahı tərtib edin və mağazada xərcləməyi planlaşdırdığını məbləği təyin edin.
Qeyd: Bu zaman uşağın öz diqqətini toplaması daha rahat olsun deyə siyahının uzun olmaması (maksimum 3-4 məhsul), məbləğin isə çox olmaması məsləhət görülür.
2. Uşaqla birgə mağazada gəzin. Onun tapşırığı siyahıda olan bütün məhsulları toplamaq və planlaşdırılan məbləğə uyğun davranmaqdır. Uşağın diqqətini eyni bir kateqoriyanın məhsulunun (məsələn, süd) qiymətinin fərqli ola bildiyinə yönəldin. İzah edin ki, qiymət istehsalçının adından və məhsulun çəkisindən asılı olaraq dəyişir.
3. Alış-verişin sonunda övladınıza siyahıda olmayan bahalı bir məhsul almağı təklif edin, məsələn, şirniyyatla dolu qutu. Uşağınız razılaşdıqda buna pulun bəs edib, etməyəcəyini soruşun. Əlbəttə ki, pul kifayət etməyəcək. Bu zaman ona iki variant təklif edin: ya siyahıdakı məhsullardan imtina edirsiniz və şirniyyat dolu qutunu alırsınız, ya da şirniyyatı təxirə salırsınız və daha əvvəldən planlaşdırdığınız məhsulları götürərək kassaya doğru gedirsiniz. Qoyun seçimi övladınız etsin.
Bu oyunun sonunda uşaq bir neçə şeyi öyrənmiş olacaq:
Birincisi, mağazaya yollanmazdan əvvəl siyahı tərtib etmək lazım olduğunu biləcək. Siyahı ilə mağazaya yollanarkən düşünülməmiş alış-veriş etmək riskini minimuma endirmiş olursunuz.
İkincisi, eyni çeşid məhsulun dəyərinin müxtəlif ola biləcəyini öyrənəcək. Və ən bahalı məhsul heç də həmişə ən yaxşı deyil.
Üçüncüsü, alış-verişin arzuolunan və mütləq deyə iki hissəyə bölündüyünü dərk edəcək.
Dördüncü dərs isə onu kassada gözləyəcək. Uşaq hesabı ödəməli və kassirin ona məbləği düzgünmü qaytardığını yoxlamalıdır. Pulun qalığını özündə saxlamağı təklif edin. O bu pulları oyuncağa, şirniyyata xərcləyə və yaxud daxılına ata bilər.
banker.az