AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
08 aprel 2021
1 251


Nə üçün qabaqcadan planlaşdırma davranışı idarə etməyə kömək edir?



Nə üçün qabaqcadan planlaşdırma davranışı idarə etməyə kömək edir?

 

Alış-verişə getmək, avtomobildə səyahət etmək, telefon danışıqları etmək, özünüz üçün görüşlərdə iştirak etmək, dostlarınızı ziyarət etmək – bunları etdiyiniz zaman övladınızın ehtiyaclarını ödəmək çətin olur.

Belə vəziyyətlərdə övladınızın çətin davranış sərgiləmə və sizin isə məyus olma, stresə düşmə və ya qəzəblənmə riskiniz artır. Bunun bir neçə səbəbi var:

Övladınıza qayğı göstərməklə yanaşı hər hansısa işinizi görməyə çalışırsınız.
Müəyyən bir vaxtda bir işi etməli və ya haradasa olmalısınız.
Övladınız sıxılır.
Öncədən planlaşdırma belə çətin vəziyyətləri daha yaxşı idarə etməyə kömək edə bilər. Öncədən planlaşdırma üçün aşağıda verilən addımlardan istifadə edə bilərsiniz. Bu addımlar problemli davranışa nəyin səbəb olduğunu və belə hallar baş verərsə, onları necə idarə edəcəyinizi düşünməyə kömək edir.

1. ÇƏTİN VƏZİYYƏTLƏRİ MÜƏYYƏNLƏŞDİRİN

Öncədən planlamadan əvvəl sizin özünüz və övladınız üçün çətin vəziyyətləri müəyyənləşdirməlisiniz. Bu vəziyyətlər övladınızın problemli davranışına görə özünüzü stress altında, məyus və ya xacələtli hiss etdiyiniz zamanlar ola bilər.

Başlanğıc üçün siz və övladınız üçün vəziyyəti çətinləşdirən şeyləri araşdırmağa çalışın. Səbəb çoxlu tələblərin olması, vaxt təzyiqi, yoxsa sıxıcı vəziyyətdir? Bəlkə onun problemli davranışına ətraf mühit səbəb olur?

Belə vəziyyətin yaranmasına yol açmamağı və ya kimdənsə kömək istəməyi də düşünə bilərsiniz.  Məsələn, valideynlərdən biri alış verişə gedərkən digəri uşaqla evdə qala bilər.

2. GÖZLƏNTİLƏRİNİZİ AYDINLAŞDIRIN

Çətin bir vəziyyətə düşmədən əvvəl uşaqla danışın. Vəziyyətdən nə gözlədiyinizi və hansı davranışın yaxşı olduğunu dəqiqləşdirmək kömək edir.

Körpələr və məktəbəqədər yaşlı uşaqlara gözləntilərinizi deyə bilərsiniz. Məktəb yaşındakı uşaqların isə artıq öz ideyaları olacaq, buna görə bir neçə konkret qaydalar hazırlamaq üçün birlikdə çalışın.

Qaydalar aydın, sadə və görmək istədiyiniz davranışa yönəlmiş olmalıdır. Məsələn, həkimin gözləmə otağı üçün qaydalar ‘Səssiz danış’, ‘Nəyəsə toxunmadan əvvəl soruş’, ‘Oyuncaqlar və jurnallara qarşı ehtiyatlı davran’ və ‘Mənə yaxın yerdə oyna” şəklində ola bilər. Ancaq qaydalar nə qədər az və dəqiq olarsa övladınızın onları xatırlama ehtimalı bir o qədər yüksəkdir.

Qaydalara riayət edildikdə və qaydalar pozulduqda nə baş verəcəyi barədə əvvəlcədən razılaşmaq da yaxşı olar. Məsələn, həkimin gözləmə otağında deyə bilərsən ki, ‘Mənə yaxın otursan və nəyəsə toxunmadan əvvəl soruşsan, oyuncaqlar ilə oynaya və ya kitab oxuya bilərsən. Məndən uzaqlaşsan və ya nəyəsə toxunmadan əvvəl soruşmaq lazım olduğunu unutsan, bir dəqiqə yanımdakı kresloda oturmalı olacaqsan”.

Övladınızın sizi anladığından əmin olmaq üçün qaydaları və nəticələrini sizə izah etməsini xahiş edin. Bunu çətin vəziyyətdən əvvəl təkrarlayın - məsələn, həkimin gözləmə otağına daxil olmazdan əvvəl.

3. ÖVLADINIZI "ÖYRƏNƏN" KİMİ DÜŞÜNÜN

Çətin davranış o zaman baş verə bilər ki, uşağın bir vəziyyətin öhdəsindən gəlmək üçün yetərincə bacarığı yoxdur. Ona çətin vəziyyətlərdə necə davranmağı öyrətmək üçün bəzi aşağıdakı üsullardan istifadə edə bilərsiniz.

ÖVLADINIZA TƏCRÜBƏ ETMƏK VƏ UĞUR QAZANMAQ ÜÇÜN ŞANS VERİN
Övladınız yeni davranış öyrəndiyi zaman bu davranışı uğurla tətbiq etməsi üçün sadə situasiyalar kömək edəcək. Davranışı tam mənimsədikdən sonra isə çətin vəziyyətlərdə sınaya bilər. Bəzi nümunələr:

Alış-veriş: yalnız bir neçə məhsul almaq üçün supermarketə getməyi planlaşdırın.
Ziyarət / qonaqlar: dostunuzun və ya qohumunuzun evinə kiçik ziyarətlər təşkil edin və ya evinizə qonaq dəvət edin.
Telefon zəngləri: bir sıra qısa telefon danışıqları təşkil edin.
ÖVLADINIZIN HANSI BACARIQLARI ÖYRƏNMƏLİ OLDUĞUNU MÜƏYYƏNLƏŞDİRİN
Məsələn, telefon danışıqları zamanı problemlər yaranarsa, övladınız ‘üzr istəyirəm’ deməyi, gözləməyi, tək oynamağı öyrənməlidir. Bunlar haqqında öncədən danışa bilərsiniz. Övladınıza bunları necə edəcəyini göstərə bilər və etdiyi zaman tərifləyə bilərsiniz.

ÖVLADINIZA BİR MƏŞĞULİYYƏT TAPMAQDA KÖMƏK ETMƏYİ PLANLAYIN
Çətin vəziyyətlərdə körpənin məşğul ola biləcəyi bəzi fəaliyyətlər planlaşdırın. Məsələn gəzinti çantanızı hazır saxlayın – içərisinə su, qəlyanaltı və bloknot, rəngli qələm, kiçik oyuncaq kimi maraqlı əşyalar qoyun.

Sizin köməyinizlə, məktəbəqədər və məktəb yaşındakı uşaqlar maraqlı fəaliyyətləri özləri planlaşdıra bilər və ya onları etdiyiniz fəaliyyətə cəlb edə bilərsiniz. Məsələn, supermarket alış-verişində olarkən övladınızdan rəflərdə əşyalar tapıb arabaya qoymasını və ya etiketlərdə rəngləri və ya sözləri müəyyən etməsini istəyə bilərsiniz.

YAXŞI DAVRANIŞI TƏŞVİQ EDİN
Çətin bir vəziyyətdə xoşunuza gələn davranışı axtarın və təşviq edin. Nəyi isə bəyəndiyiniz zaman hər dəfə bunu övladınıza bildirmək üçün vaxt ayırın.

Bunu xatırlamaq çətin ola bilər, ancaq tərif, yaxşı davranışın təkrarlaması şansını artırır. Tənqid etməkdən çox, tərifləməyə çalışın. Hər mənfi bir söz üçün övladınızı altı dəfə tərifləməyə çalışın.

Məsələn, bir alış-veriş səfəri zamanı övladınızı yanınızdan uzaqlaşmaması, sakit bir səslə danışması və nəyi isə tapmaqda sizə kömək etməsi üçün tərifləyə bilərsiniz.

ÖVLADINIZLA SÖHBƏT EDİN

Çətin vəziyyətdən sonra övladınızla söhbət etmək yaxşı fikirdir. Danışıq zamanı onun yaxşı davranışlarını vurğulayın.

Övladınızın gələcəkdə fərqli şəkildə edə biləcəyi bir və ya iki məsələyə işarə edə bilərsiniz. Bunlar sizin növbəti hədəfiniz ola bilər.



Загрузка...
Həmçinin oxuyun: