Oyun terapiyası uşağa necə kömək edir?
Mövzu uşaqlar olduqda, ən təbii və özlərini rahat ifadə edə bildikləri mühit oyunlardır. Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Təhlükəsiz mühit yaradan təcrübəli bir oyun terapevti ilə uşaqlar istədikləri kimi oynamağa cəsarətləndirilirlər. Bu fəaliyyətdə emosional problemlərini ifadə etmələri üçün uşaqlara çox müxtəlif oyuncaqlar təqdim edilir. Uşaqlar oyun terapiyasının incəsənət, qum, xəyal gücü kimi müxtəlif formalarını istifadə edərək özlərini ifadə etmə şansına sahib olurlar.
Oyun terapiyası travmatik təcrübələri olan uşaqların duyğularına çatmağı təmin edir, bunlarla necə mübarizə edəcəklərini öyrədir. Ən çox tətbiq olunan texnika rol oyunlarıdır. Oyun materialları kuklalar, oyun evləri, miniatür teatrlar, plastilinlər, kağız və rəngli karandaşlardır. Çətin təcrübə və vəziyyətlər təkrar canlandırılır ya da fiqurlarla və şəkillərlə ortaya qoyulur. Uşaqlar bu sayədə mənfi duyğularını yenidən yaşayırlar və terapevtin köməyilə bunların üzərində işləmə şansı tapırlar. Psixoterapiya əsaslı oyun terapiyası ana-atanın ölümü, boşanma və cinsi istismar kimi ağır təcrübələr keçirən 5 yaşından böyük uşaqlara kömək olur.
Uşaqlar üçün niyə oyun terapiyası?
Uşaqlar oynamağı sevirlər. Uşaqlar hisslərini böyüklər kimi mənalandıra bilmədikləri üçün bu haqda böyüklər kimi də danışmazlar. Buna görə də böyüklərlə aparılan terapiya forması uşaqlara uyğun deyil. Oyun uşaqlar üçün terapiya kimi istifadə olunduğunda uşaq yaşadıqlarını və duyğularını ifadə etmək üçün şərait tapır. Uşaqlar oyun zamanı yaşadıqlarının bir hissəsi olaraq davranışlarına təsir edən hirsliliklərini, qorxularını, kədərlərini yenidən yaradırlar. Oyun terapiyasının üstünlüyü uşaqların inkişaflarına uyğun terepevtik oyun yaratmaqdadır. Terapevt ilə uşağın qurduğu terapevtik münasibət isə uşaqların yaşadığı stressli, emosional təcrübəni əks etdirən oyunu yaratdıqlarında özlərini təhlükəsiz hiss etmələrinə imkan verən ən önəmli ünsürdür.
Oyun terapiyasında nə olur?
Oyun terapiyası yardımı ilə uşaqlar daxili dünyalarında mübarizə apardıqları emosional hadisələri bir yerə toplayan oyun yarada bilərlər. Bu təcrübələri uşaqlar, əsasən, şifahi olaraq bildirmirlər. Uşaq yaradacağı oyuna uyğun emosional problemlərini əks etdirən oyuncaqları seçir və oyununu yaradır. Bu, oyun irəlilədikcə inkişaf edir və problemlə bağlı anlama və rahatlıq yaranana qədər davam edir.
Oyun terapiyası uşağa necə kömək edir?
Oyun terapiyası müddətində uşaq hadisələrlə əlaqədar dünyagörüşlərini, davranışlarını dəyişdirə və başqaları ilə əlaqələrindən həzz alacaq hala gəlir. Uşaq oyun zamanı xəyal qırıqlıqları yaşadıqları hadisələri yenidən yaratmaqla oyun zamanı bu təcrübələri dəyişdirmə fürsəti tapır və beləcə həm oyun təcrübələri, həm də həyatdakı münasibətlərindən zövq alır.
Oyun terapiyasının müddəti nə qədərdir?
Oyun terapiyasının müddəti uşaqların keçmiş və bu gün də yaşadıqları hadisələrlə əlaqədar çox müxtəlif amillərdən asılıdır. İki ən əhəmiyyətli faktor uşağın hansı inkişaf dövründə olduğu və hər hansı bir travma varsa bu travmanın baş verdiyi yaşdır. Ümumiyyətlə, yaşanan hadisədən sonra nə qədər tez terapiya aparılsa terapiya müddəti də o qədər qısa olur.
Oyun terapiyası uşağın evdə oynadığı oyundan fərqlidirmi?
Evdə ya da terapiyada oyunun əsas funksiyası eyni qalır. Uşaqlar üçün oyun bir mənada yaşadığı dünyanı, insanlarla münasibətlərini məşq etdikləri təbii bir ünsiyyət yoludur. Təhsilli oyun terapevti ilə oyun emosional məqsədə xidmət edir. Bu da uşağın sağlamlığındakı tarazlıqda əhəmiyyətli rol oynayır.
Ana-atalar oyun terapiyasına qoşula bilərmi?
Oyun müalicəsində ailə ən əhəmiyyətli ünsürdür. Ailə ilə oyun terapevti arasındakı görüş nizamlı şəkildə davam edir. Terapevt uyğun görərsə, bəzən ailəni də oyuna dəvət edir. Həm də terapevt ailələrə uşaqlarının terapiya zamanı yaxşılaşma prosesinə kömək edəcək və terapiya otağı xaricində edə biləcəkləri tövsiyələr verir.
Oyun terapiyasının köməkçi ola biləcəyi psixoloji problemlərdən bəziləri hansılardır?
- PTSD (Post Travmatic Stress Disorder): Travma sonrası stress pozuntusu
- Həyəcan-təşviş pozuntusu
- Diqqət əskikliyi və hiperaktivlik (həddindən artıq hərəkətlilik)
- Oxuma pozuntuları
- Sosial içə qapanıqlılıq
- Güvən əskikliyi / depressiya
- Səbəbi aydın olmayan baş və qarın ağrıları
- Boşanma sonrası adaptasiya problemləri