Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...
Bakıda saatlıq və günlük bağça fəaliyyətə başlayıb. İki ay yarın əvvəl açılan bağçanı Səbinə Səfərova öz həyat yoldaşı ilə birlikdə yaradıb. Toya, məclisə, yaxud hansısa mərasimə gedən valideynlər bəzən uşaqları hara qoymaq, kimə tapşırmaq barədə çox düşünməli olurlar. Eləcə də bir neçə günlüyə rayona və ya istirahətə gedəndə də həmin sual yenidən gündəmə gəlir.
Aztəhsil.com xəbər verir ki, yeni açılan bağça valideynlərin həmin qayğısını yüngülləşdirməyə xidmət edir. Valideynlər onlayn kamera vasitəsilə bağçada uşaqları izləyə də bilərlər. Kameralar yataq və oyun otağında, həm də mətbəxdə quraşdırılıb. Müvəqqəti bağçada 3 aylıq körpədən 10 yaşadək uşaqlara xidmət göstərilir.
Bağça rəhbərinin dediyinə görə, müvəqqəti bağçada ekoloji cəhətdən təmiz və sağlam qidalar verilsə də, uşaq üçün öz anasının hazırladığı yeməyin dadı tamamilə başqadır. Ona görə də valideynlər özləri ilə bağçaya uşaqları üçün qida da gətirə bilərlər.
Məktəbyaşlı uşaqların burada dərslərini hazırlamaq və bağçanın kitabxanasından istifadə etmək imkanları var.