AzTehsil.com


Xəbərlər
25 aprel 2017
8 387


"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”



"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

 

Mütəxəssislər əsas səbəb kimi hərəkətsizliyi göstərirlər 
 
Uşaqların bədəni böyüklərə nisbətən zəif olduğundan onların xəstəliklərə tutulmaları daha asan olur. Xüsusilə də məktəbə, bağçaya gedən uşaqlarda bu hallar daha sıx baş verir. Hazırda məktəb uşaqları arasında bir sıra xəstəliklər yayılıb. Uşaqların bir neçə saat fasiləsiz parta arxasında əyləşməsi və məktəbdə olan vaxt gigiyenik qaydalara əməl etməməsi onların bəzi xəstəliklərə tutulmasına gətirib çıxarır. Məktəblilər arasında bu tip xəstəliklərin yayılmasının səbəbinin nə olduğunu və bunların qarşısını almaq üçün nə kimi tədbirlər görülə biləcəyini öyrəndik.
 
Respublikanın Əməkdar Müəllimi Almaz Həsrət deyir ki, bu problem hər dövrdə olub və olacaq da. Çünki orta məktəblərdə parta arxasında əyləşən şagirdlər səhər saat səkkizdən günorta birə qədər oturaq vəziyyətdə olurlar. "Ümumiyyətlə, nə problem yaranırsa hamısı şagirdlərimizin hərəkətsizliyindən irəli gəlir. Uşaq müəyyən yaş həddinə çatanda bağçaya, məktəbə gedir. Onların əksəriyyəti məktəbə maşınla gəlib-gedirlər. Bunun da nəticəsində onların bədənlərində müəyyən dəyişiklik əmələ gəlir. Yəni uşaqlar hərəkətdən uzaq olduqlarından və istər evdə, istər təhsil müəssisəsində idmanla məşğul olmadıqlarından bədənlərində deformasiyalar baş verir. Bəzi uşaqların günlük rejiminə fikir versəniz görəcəksiniz ki, onlar çox hərəkətsiz olurlar. Səhər dərsə maşınla gəlirlər, evə maşınla gedirlər, evdə də oturaq vəziyyətdə olurlar. Yəni uşaq daim hərəkətsiz olur. Bu, müəyyən vaxtdan sonra onların sağlamlığı üçün fəsadlar törədir. Amma bunu bütün məktəb uşaqlarına aid etmək olmaz.  Araşdırmalar göstərir ki, bölgə və rayon məktəblərində bu cür hallar yaşanmır. Çünki oradakı uşaqlar dərsə piyada gedir və evə piyada gəlir. Evə gəldikdən sonra da həyətdə müəyyən işlərlə məşğul olur. Bu səbəbdəndir ki, Bakıda elə məktəblər var ki,  müəllimlər dərs arası uşaqlara az bir vaxt  ərzində olsa da bəzi fiziki hərəkətlər etdirirlər”.
 
Almaz xanım həmçinin qeyd edir ki, uşaqlar evdən gətirdikləri yeməyi yeyərkən və ya məktəbin bufetindən aldığı qidanı qəbul edərkən əllərini yumur. "Təbii ki, məktəbdə su təchizatı var. Amma uşaqlar yemək yeməzdən əvvəl gedib əllərini yumurlar. Bu da evdə valideynlərin, məktəbdə sinif rəhbərinin maarifləndirməməsindən irəli gəlir. Uşaqlar ola bilsin bilmir, amma böyüklər bunu öyrətməlidirlər. Bunu bütün şagirdlərə şamil etmək olmaz. Elə ailələrin uşaqları var ki, imkan daxilində yaş salfetkalarla, xüsusi dəsmallarla əllərini təmizləyirlər. Ümumilikdə hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”.
 
Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva bildirir ki, məktəb xəstəlikləri termini 19-cu əsrdən yaranıb. "Bunlara mədə-bağırsaq sisteminin pozğunluğu, qamətin əyilməsi, görmənin zəifləməsi kimi xəstəliklər aiddir. Bu xəstəliklərin əsas səbəbi məktəbdə uşaqların uzun müddət oturaq vəziyyətdə olmalarıdır. Digər tərəfdən, uşaqların oturduqları partalar onların boy göstəricilərinə uyğun olmur. Partaların səthi düz olduğuna görə məcburdurlar ki, yazan və oxuyan zaman başlarını daha çox əysinlər. Bəzən sinif otağının işıqlanması düzgün olmur. Həmçinin məktəblinin çantasının ağır olması və s. uşaqlarda müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olur”.
 
Ş. Balayeva deyir ki, gigiyenik qaydalara əməl olunması üçün daha yaxşı olardı ki, ümumi məktəbdə deyil, hər bir sinif otağında əl-üz yumaq üçün imkan olsun. "Uşaqların əllərini yumadan qidalanması onlarda mədə-bağırsaq sisteminin  pozulmasına, qurd xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Bütün bunların qarşısını almaq üçün həm valideynlər, həm müəllimlər uşağa nəzarət etməlidirlər. Çalışmaq lazımdır ki, uşaq boyuna uyğun parta arxasında əyləşsin. Buna həm evdə, həm məktəbdə nəzarət etmək lazımdır. İstər sinif otağının, istərsə də uşağın dərslə məşğul olduğu yerin işıqlanma sistemi yaxşı olmalıdır. Bu zaman uşağın gözünə güc düşmür. Hərəkətsizliyin qarşısını almaq üçünsə məktəblilər hər gün dərsdən sonra heç olmasa altmış dəqiqə açıq havada gəzərək fəal hərəkətlərlə məşğul olmalıdırlar. Təbii ki, bu hərəkətlərin müddəti nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mümkün olarsa, məktəblərdə uşaqlar üçün oyun meydançaları yaradılmalıdır ki, onlar böyük tənəffüslərdə həmin meydançalarda hərəkət edərək gərginliklərini aradan qaldırsınlar”. 
 
kaspi.az



Загрузка...