Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI
Son zamanların ən aktual problemlərindən olan uşaq və gənclərin intiharlarının səbəbləri hər kəsi, xüsusilə də valideynləri narahat edən əsas məsələlərdən biridir.
Uşaq və gənclərin intiharlarının səbəbləri bir çox hallarda psixoloji durumlarla elaqədar olsa da, bu heç də həmişə belə olmaya bilər. Belə ki, son zamanlar internetdə ən çox yayılan, uşaq və gəncləri ölümə təşviq etmək məqsədi daşıyan oyunlar sürətlə yayılır və uşaqlarımızın otaqlarına kimi girir.
Hərçənd özüm bu oyunu oynamasam da, son günlərdə rastlaşdığım tük ürpədici faktlar məni bu mövzuda araşdırma aparmağa sövq etdi.
İnternetdə "ölüm qrupları”nın aktivləşməsi uşaqları birbaşa və dolayı yollarla intihara yönləndirirlər. Adətən belə oyunlar uşaqları yalnız qalmağa sövq edir və uşaq bütün gününü, saatlarını bu oyunu oynamağa sərf edir. Bu zaman ərzində bu "ölüm qrupları” uşaqlara ölüm təlqinləri edirlər. Təhlükəli olan bu oyunlarda oyunçular 50 təlimatı yerinə yetirməlidirlər. Əgər təlimatı yerinə yetirə bilmirsə, onda oyunçuya özgüvənini aşağı salan ifadələr deyilir.
Əgər təlimat yerinə yetirilərsə, bu zaman oyunçuya özgüvənini yuxarı qaldıran sözlər deyilir. Müəyyən qədər təlimatı keçdikdən sonra oyunçuya statuslar verilir və ona xoş olan ifadələr deyilir. Bu tip oyunlar adətən özgüvəni aşağı olan uşaq və gənclərə mənfi təsirini göstərir. Onlar itirilmiş özgüvənlərini yenidən qazanmaq və ya yuxarı qaldırmaq üçün bu oyunlara meyl edirlər. Lakin araşdırmalarımın nəticəsində belə bir fakta rast gəldim- bu təkcə özgüvəni aşağı olan uşaq və gənclərə deyil, həmçinin özgüvəni yerində və yetərincə olan şəxslərə də öz mənfi təsirini göstərir. Oyun ölüm təlqinləri məqsədini daşısa da, təkcə bununla kifayətlənmir.
Belə ki, bu oyunu yükləyən zaman istifadəçinin telefon və kompüterində olan bütün şəxsi məlumatlar adminin əlinə keçir və oyunun müəyyən bir mərhələsində bu təlimatlardan biri yerinə yetirilmədiyi təqdirdə admin istifadəçini əlində olan şəxsi məlumatlarla şantaj edir.
Məsələn, deyək ki, bir oğlanın bir qızla özəl yazışmaları var. Əgər təlimat yerinə yetirilməzsə, bu zaman bu yazışmaları kontaktında olanlara göndərəcəyini və ya internetdə yayımlayacağı ilə hədələyir. Təlimatlar yerinə yetirilməyincə istifadəçidən əl çəkmir. Hətta onun gecə müəyyən saatlarda yuxudan durmasını, porno və şiddət içərikli filmlərə baxmağı, müəyyən məkanda və müəyyən pozada şəklini çəkməyi məcbur edir. Təlimatlar yerinə yetirilməyəndə " öl, onsuzda diriləcəksən” kimi təlqinlər edilir.
İstifadəçi vaxtının çox hissəsini bu oyunlarda keçirdiyindən sosial həyatla elaqəsi zəifləyir və oyunla reallığı səhf salır. Real heyatda olan hər şeyi oyun kimi zənn edir. Bu cür hallar bu oyunu oynayan təkcə uşaq və gənclərdə deyil, həmçinin yetişkin və yaşlı insanlarda da özünü göstərir. Və sonda ən qorxulusu 50-ci təlimatda hər hansısa hündürlüyə çıxmağı ( məsələn bina, uçurum və s.) və ordan özünü çəkə-çəkə atmağı göstəriş verir. Bunu etsə ölməyəcəyinə, bunun yalnız oyun olduğuna inandırır.
Beləliklə arzuolunmaz, dəhşətli intihar hadisəsi baş verir.
İnternetin, texnologiyanın inkişaf etdiyi bir dövrdə internetin faydalarını inkar etmək düzgün olmaz. Lakin mütləq qeyd etməliyəm ki, insan hər zaman internetdən faydalana bilmir. Təəssüfki bu və ya buna bənzər neqativ hadisələr insan həyatını puç edir. Əgər uşağınızda uzun sürəli otağına çəkilib yalniz qalma istəyi hiss edirsinizsə, davranışlarında qəribəlik, səssizlik, gecələr yuxudan oyanma, gec yatma, gec yuxudan durma, özünəqapanma və s. bu kimi durumları hiss edirsinizsə, dərhal uşağınızla bu durumu aydınlaşdırın və bir mütəxəsisə müraciət edin.
Daim uşaqlarınıza nəzarət edin, hansı oyunları oynayır, nələrlə maraqlanır, hansı saytlara girir, istəkləri, maraqları, oturub durduğu tanışları, hər biri ilə maraqlanın. Dostlarını evinizə dəvət edin, tanıyın, bilin, tək başına başqa yerə göndərməyin. Hər hansı mənfi bir hərəkətinə görə onu döyməklə, şiddətlə hədələməyin. Əks halda sizə yalan danışmasına, özünəqapanmasına, sirrlərini, problemlərini sizinlə bölüşməməsinə zəmin yaratmış olacaqsınız. Uşaqlarınızda sizə qarşı güvən hissi aşılayın ki, çəkinmədən problemlərini sizə danışsın. Mütəxəsislə məsləhətləşin. İnterneti tamamilə qadağa qoymasanız da, xeyli məhdudlaşdırın. Məhdudlaşdırdığınız zamanda bele hansı saytlara girir, hansı oyunları oynayır nəzarət edin. Onlara nələr faydalıdır, nələr ziyanlıdır izah edin.
Və sonda həmin oyunlardan bəzilərinin adlarını sizə təqdim edirik:
"Siniy kit” ( "A blue whale” – " Mavi balina”), " More kitov” ( " A sea/a bunch whales” – " Dəniz balinaları”), "Tixiy dom” ( " A quiet house” — " Səssiz ev”) , " Razbudi menya v 4 :20” ( " Wake me up 4: 20 am” – " Məni 4:20 də oyat”) – bu kimi oyunlar təhlükə saçan oyunlardır.
Psixoloq Aytən Məmmədova