İlham Əhmədov - Universitetlərin pablik hüquqi şəxsə çevrilməsi problemlərin həlli yolu deyil.
Növbəti maliyyə ilində təhsilə 4,4 milyard manat ayrılacaq. Bu 9 il əvvəlki dövrlə müqayisədə 3 dəfə və ya 3 milyard manat çoxdur. Təbii, normal maliyyələşmə və düzgün xərclənmə olmasa, təhsil inkişaf edə bilməz.
Normal maliyyələşmə zəruridir, amma bu kafi deyil. Başqa bir çox amillər də var. ETN-nin yaradılması ilə əlaqəli, elmin universitetlərdə inkişaf etdirilməsi, tədqiqat universitetlərinin yaradılması gündəlikdə duran mühüm məsələlərdir.
Bu gün universitetlərimizdə çoxlu problemlər var. Əsas problem, əvvəllər də məqalələrimizdə qeyd etdiyimiz kimi onların ehtiyacdan xeyli az səviyyədə maliyyələşməsidir. Son illər Universitetlərin inkişafını təmin etmək məqsədi ilə onları Pablik hüquqi şəxs (PHŞ) formatına keçirdirlər. Amma PHŞ -lərin yaradılması hələ universitetlərin mövcud problemlərinin həlli demək deyil. Bu ona oxşayır ki ... valideynlər övladından imtina edirlər ki, biz səni saxlaya bilməyəcəyik, get özünü dolandır, halbuki, övladın müstəqil yaşaya bilməsi üçün valideyn hələ ona heç nə etməyib, yəni övladını müstəqil həyata, pul qazanmağa hazırlamayıb.
Bizim 6 universitetimiz PHŞ olub. Bu universitetlərin yaxşı təmir olunmuş korpuslarından başqa diqqəti cəlb edən heç nəyi yoxdur. Bu isə universitetə pul qazandırmır, əksinə heç bir binası olmayan və yüz minlərlə tələbəsi olan universitetlər var ki, yüz milyonlarla pul qazanır. Deməli strategiya düz təyin edilməyib, investisiyalar vaxtında düz yönləndirilməyib, pullar elmin və təhsilin inkişafına yox, elm və təhsilə az aidiyyatı olan istiqamətlərə, əsasən də daşa -divara yönləndirilib.
Universitetlərin yeganə gəlir mənbəyi- təhsil haqqından gələn pulları universitetlər elmə, innovasiyalara, texnologiyalara və ümumi inkişafa xərcləmək əvəzinə, əsasən təmir-tikintiyə sərf ediblər. Universitetlər son 30 ildə təmirə sərf etdiyi pulları universitetlərin real inkişafına, rəqəmsallaşmaya sərf etsəydilər, bəlkə də bu gün nə isə qazana bilərdilər, ortalıqda nə isə olardı və bu gün də universitetlər texnologiyaların transferi, elm-innovasiya-kommersiyalaşma istiqamətində iş görə bilərdilər.
Digər tərəfdən universitetlərin çoxunun real, qanuni sahibkarlıq fəaliyyəti barədə təsəvvürü, məqsədi, strategiyası yoxdur. Onlar nəinki elm və innovasiya əsaslı pul qazanmaq, heç əllərində olan pulları da səmərəli xərcləyə bilmirlər. Bu gün bizdə sahibkar universitetlər olmasa da sahibkar rektorlarımız çoxdur. .... Son illər kreslosunu itirən rektorların biznes fəaliyyətlətini yada salmaq kifayətdir.
Görəsən son 30 ildə 50 universitetimiz rəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğ Avropanın orta səviyyəli universitetinin bu sahəyə bir ildə xərclədiyi pula yaxınlaşırmı? Qeyd edim ki, son 10 ildə təhsil sisteminin, o cümlədən ATM-nin informatlaşdırılması istiqamətində heç bir dövlət proqramı qəbul edilməyib. (2005-2012-ci illərdə 2 dövlət proqramı olub).
Halva halva deməklə ağız şirin olmadığı kimi, universitetləri PHŞ etməklə də inkişaf mümkün deyil. Əvvəl universitetləri universitet etmək lazımdır, sonra isə onları PHŞ etmək olar. Bu məqsədlə universitetlərə ciddi maliyyə yatırımı olmalıdır. Bu investisiyalar real inkişafa xidmət edən strategiyalara yönləndirilməlidir. Bundan sonra universitetləri PHŞ etmək düz olardı. Bu halda yeni təfəkkürlü rektorlar bəlkə də sahibkar universitetlər yarada bilərlərdilər.
Dos. İlham Əhmədov