Nadir İsrafilov -Harda nə gördük, nə eşitdik, nə oxuduq tələbləri nəzərə alınmadan, təhsilimizə tətbiq etdik
Xarici təcrübəni kopyalamaq - milli qaynaqlarımızı özgələşdirmək deməkdir.
"Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı şəhəri, 15 iyun 1999-cu il, №168
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” mərrhum prezidentimiz Heydər Əliyevin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…”
Heç də əbəs deyildi ki, “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Proqramın 6.3 maddəsinə əsasən “Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə “Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu.
Təəsüf ki, “Proqram”ın qəbulundan keçən onilliklər ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək bu mühüm maddələrə lazımı əhəmiyyət vermədik. “Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik.
Bir vacib məqamı da nəzərə almadıq ki, beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin.
Məna və mahiyyət etibarı ilə “təhsil proqramı” anlamına gələn əcnəbi mənşəli, cəlbedici “kurikulum” ifadəsini “milli təhsil konsepsiyası” səviyyəsinə qaldırıb, bu sahədə “köklü islahat” aparılması barədə görüntü yaradaraq, ölkənin “Baş İslahat prqramından” diqqəti yayındırdıq, müəllimləri və şagirdləri dilemma qarşısında qoyaraq, onlar üçün əlavə problemlər yaratmış olduq. Sonradan yüksək çinli təhsil rəsmiləri sıviyyəsində etiraf etməli olduq ki, “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq.
Adi “5” ballıq klassık qiymətləndirmədə belə, problemlər yaşayan müəllimlərimizi 9 ballıq qiymətləndirməni sınaqdan çıxarmağa macal tapmamış, diaqnostik, formativ, summativ adı ilə “milli qiymətləndirmə” tətbiq etməyə vadar etdik, kurrikulum standartları əsasında hazırlanmış “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası” gözlədiyimiz kimi, təhsil ideyamıza çevrilə bilmədi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. İndi, yeni mexanizmlər barədə düşünmək zərurəti qarşısında qalıb, vəziyyətdən çıxış yolu tapmaq üçün baş sındırırıq.
Məktəb təhsilimizdə repetitorluğun çiçəklənməsinə rəvac verərək, şagirdlərin məktəbdən yayınmasının kütləvi hal almasına, nəticə olaraq məktəb mühitinin dağılmasına şərait yaratdıq, pedaqoji terminologiyamıza bunker repetitoru kimi yeni anlayış gətirdik.Təhsilin keyfiyyətini prioritet elan edib, milləti keyfiyyətli təhsilin yeganə “məbədgah”ına cevrilən, ildən-ilə yağışdan sonra göbələk kimi artmaqda olan, qanuni və ya qanunsuz fəaliyyət göstərən hazırlıq kurslarına pənah aparmaq zərurəti qarşısında qoyduq. İndi etiraf etmək zərurəti qarşısında qalmışıq ki, təhsilimiz repetitorların çiyinləri üzəridə inkişaf edir.
Təhsilin keyfiyyətinin ildən ilə aşağı düşməsi fonunda, Təhsil Qanununun “keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” maddəsini heç bir halda tətbiq etməməklə, istər təhsil alanların istərsə də, təhsil verənlərin hüquq və vəzifələrinə etinasızlq göstərməklə onları məsuliyyət hissindən azad etdik. İndi başlamışıq “şaftali”, “anbar” sözlərini səhv yazan, kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyən müəllimlərin məktəblərə yol açmasında günahkar axtarmağa, bunlara güzəşt etsək hansı problemlərlə üzləşəcəyimiz barədə fikirləşməyə.
Orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurduq, hər testə beş-on sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşıladıq, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etdik. Gec də olsa o qənaətə gəldik ki, qapalı testlərlə yanaşı açıq testlər də lazım imiş. İndi isə testin, ümumiyyətlə qəbul imtahanlarının ləğv edlməsi və ali məktəblərə birbaşa attestat qiymətləri ilə qəbula keçilməsi tərəfdarlarının sayı durmadan artmaqdadır.
Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb, onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratdıq, onlardan eyni zamanda reklam vasitəsi kimi istifadə edilməsinə yol verərək, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirdik. Bir xeyli keçəndən sonra zərurət qarşısında qalıb, dəftərlərdən reklamları yığışdırdıq, bir qədər sonra isə nəhayət iş dəftərlərini dərslik komplektindən çıxardıq. Hələ də məktəbli kitabçasına nədən qiymət yazmaq, nə yazmaq və ümumiyyətlə yazmamaq barədə gündə bir fikrə düşürük.
Peşələrin ən şərəflisi hesab etdiyimiz peşə sahibləri olan müəllimləri işə götürərkən, çox pilləli və məntiqsiz müsabiqə və imtahana çəkməklə, onlara universitetlərdə illərlə hədər vaxt keçirdiklərini və aldıqları diplomların lazımsız kağız parçasindan başqa bir şey olmadığını anlatdıq, Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensiali və digər infrastrukturları nəzərə almadan 30-a qədər ali və orta ixtisas təhsili müəssisəsinə müəllim hazırlığı səlahiyyəti verdik, Bu zaman tələb-təklif prinsipini pozaraq müəllim artıqlığı yaratdıq. Nəticəsi də o oldu ki, artıq MİQ-i ləğv etmək və yenidən təyinat sisteminə keçmək barədə fikirlər səsləndirməyə başlamışıq.
Axı, “İslahat Proqramı”nda bir mənalı şəkildə qeyd olunmuşdu ki, “təlim və tərbiyənin məzmununda daha çox problemlər mövcuddur... Mövcud tədris planlarının xeyli yüklənməsi, şagirdlərin ayrı-ayrı elmlər üzrə qavrama qabiliyyətinin nəzərə alınmaması nəticəsində uşaqların böyük əksəriyyəti tədris proqramlarını mənimsəmir.” Elə bir il olmur ki, bu məsələ qaldırılmasın. Bəlkə, elə ilk olaraq bundan başlayaq ki, “Bu gün evinə bir tikə çörək apara bilən müəllimə güzəşt etsək, gələcəkdə 40 min nəfərin evinə çörək aparmasında problem yaranacaq”- dilemması qarşısında qalmayaq.
Sadaladığım bir neçə və bütövlükdə əhatə etmədiyim bəzi subyektiv mülahizələrimi bölüşməkdə məqsədim heç də təhsil sferasında yaranan boşluqlara tənqidi prizmadan yanaşmaq deyl. Deməyim odur ki, irəliyə gedərkən hərdən arxaya da çevrilib baxaq və görək ki, nə etməliydik, nə etmişik...