Ləyaqətli övlad olmaq üçün ali məktəbdə oxumaq şərt olmamalıdır - Psixoloqdan valideynlərə çağırış
“Ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin psixoloji vəziyyəti idarə edə bilmələri çətinləşir.
Lakin bu yanaşma imtahandan və ya nəticələr açıqlandıqdan dərhal sonra başlamır. Əksinə, bu proses imtahandan əvvəl, hələ hazırlıq dövründə başlayır. Valideynlər övladlarını universitetə qəbul olmaq üçün hazırlığa qoyanda, onlar üçün vəsait xərcləməyə başlayanda övladlarına subliminal mesajlar ötürürlər ki, biz sənin yolunda bu qədər əziyyət çəkir, bu qədər itkilərə məruz qalırıq. Yəni, səndən gözləntilərimiz çoxdur və sən mütləq universitetə qəbul olmalısan. Bu, o deməkdir ki, uşaq üçün alternativ qoyulmur”.
Bunu AzEdu.az-a açıqlamasında psixologiya üzrə elmlər doktoru, Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri Elxan Bəylərov deyib.
Mütəxəssis qeyd edib ki, valideynlərinin basqısı ilə üzləşən abituriyentlərdə kompleks formalaşır, onlar düşünürlər ki, nəyin bahasına olursa olsun, ali məktəbə qəbul olmaq lazımdır:
“Bu düşüncə hələ universitetə hazırlıq prosesində də şagirdə mənfi təsir göstərir, onda ciddi gərginlik yaradır. Universitetə qəbul olunmamaq qorxusu abituriyentin marağını üstələyir. Yəni, proses imtahandan dərhal sonra baş vermir. Valideynlər tərəfindən açıq və örtülü şəkildə ötürülən mesajlar nəticəsində uşaqda yaranan gərginliyin kuliminasiyası imtahan zamanı özünü göstərir.
İmtahan prosesində hətta nəticənin açıqlanmağını gözləmədən belə özündən narazı qalan abituriyent həmin gərginliklə yanlış qərarlar verir, bildiklərini unudur, onda tormozlanma gedir. İmtahan qorxusu və valideynlərin basqısı nəticənin əslində olacağından da pis olmasına səbəb olur. Əgər valideyn nəticələr açıqlanana qədər abituriyentə basqı göstəribsə, uğursuz olduğunu görən abituriyentə daha sonra nəsə deməyə ehtiyac yoxdur. Yəni, abituriyent onsuz da beynində vəziyyətin necə sonlanacağını təxmin edir. Doğrudan da, bir şeyin ağrısını çəkmək o ağrının gələcəyini gözləməkdən daha asan olur.
Beləliklə, abituriyentlərin nəticə barədə gözləntiləri, təxəyyüllərindəki müxtəlif versiyalar onları incidir. Bütün bu sıxıntılar abituryentdə çaşqınlıq yaradır. Nəzərə almaq lazımdır ki, həmin duyğuları yaşayan yeniyetmədir. Bu situasiya məhz yeniyetməlik dövrünə təsadüf etdiyi üçün çətin vəziyyətdə olan abituriyentin həyatın mənası barədə düşüncələrində dolaşıqlıq yaradır. Onlar düşünür ki, bu günə qədər yaşanılanlar boşa getdi. Ona görə də valideynlərin gözləntilərini doğrulda bilməyən həmin abituriyentlər bele olan halda özlərinə qapanır ya da təəssüf ki, intihar yolunu seçirlər. Yəqin ki, abituriyent bunu ya özünü, ya da valideynini cəzalandırmaq üçün edirlər”.
E.Bəylərovun dediyinə görə, valideynlərin övladları pis nəticə göstərəndə utanc hissi keçirməsi yanlışdır:
“Onlar "qonşular nə deyəcək?", "başqalarının uşaqları yüksək nəticə göstərdi" və s kimi düşüncələrə qapılıb övladlarını müqayisə edirlər. Cəmiyyətdə formalaşmış “ali məktəbə qəbul olmaq heyati əhəmiyyət daşıyır” fikri yanlış təsəvvürə söykənir. Valideynlər sanki yaxşı insan, uğurlu övlad deyil, sadəcə ali məktəbə qəbul olaraq onların başını başqalarının yanında uca edəcək övlad yetişdirmək istəyirlər. Bunun nəticəsi çaşqınlıqlara səbəb olur. Yeniyetməlik dövrünün xüsusiyyətlərini bilən valideyn başa düşməlidir ki, onaların övladları özlərini cəzalandırmaq üçün intihar etməyi düşünə bilərlər.
Valideynlər övladlarına dəyərli olduqlarını hiss etdirməlidirlər. Ali məktəbə qəbul olsa da, olmasa da, onun ailə üçün dəyərli olduğunu uşağa aşılamaq lazımdır. Müsabiqə sadəcə sınaqdır, həm pis, həm də yaxşı nəticə göstərmək mümkündür. Nəticədən asılı olmayaraq, övladlara münasibət dəyişməməlidir. Gəlin, Qarabağ müharibəsinin nəticələrinə nəzər salaq. Orada qazi vəya şəhid olanlar arasında ali məktəb məzunu olan neçə nəfər var idi?! Yəni Vətən müharibəsində şəhid olanların bəlkə də böyük əksəriyyəti elə universitetə qəbul ola bilməyən gənclər idi. Ləyaqətli övlad olmaq üçün ali məktəbdə oxumaq şərt olmamalıdır. Ona görə də bu mövzuda formalaşmış ictimai rəyi dəyişmək lazımdır”.