Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri- Maraqlı araşdırma
Maraqlı bir araşdırma aparılıb. Azərbaycan və Gürcüstan ali məktəb tələbələrinin ixtisas seçimləri müqayisə olunub.
Nəticələr göstərir ki, bizim gənclər daha çox “təhsil(pedaqoqika), texniki və texnoloji, iqtisadiyyat” ixtisaslara, gürcülər isə “humanitar, sosial, səhiyyə, iqtisadiyyat ,təbiət elmləri, mədəniyyət” ixtisaslarına üstünlük verirlər. Hər iki ölkədə ən az ixtisas seçimi “kənd təsərrüfatı” ixtisasına aiddir (hər 10 min tələbəyə 5-10 tələbə)
Gənclərimizin texnika, texnologiyalara həvəsi təqdirə layiqdir. Çünki inkişafın lokomotivi hazırda texnologiyalardır!
Eyni zamanda, bizə yaxşı mühəndis, İKT mütəxəssisi ilə yanaşı, yaxşı həkim, aqronom, mədəniyyət işçisi, sosioloqlar da lazımdır. Bu ixtisaslara daim tələb olacaqdır. Nəzərə almaq lazımdır ki, biz hər sahədə - iqtisadiyyat, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, texnologiyalar və digər sahələrdə regionun daim lideri olmalıyıq! Bu, artıq Azərbaycanın missiyasıdır və onun milli-dövlət siyasətidir!
Təhsildə keyfiyyətin artırılması üçün ardıcıl islahatlar aparılır. Ali məktəblərdə təhsil alan tələbələrin sayı artırılır (bu prossesi daha da sürətləndirməyə ehtiyac yaranmaqdadır). Universitetlərimizdə xeyli uğurlu nəticələrimiz var. Amma ixtisas seçimi azad olduğundan və hazırda təhsilin tək mənbəyi universitet olmadığından gənclərin balanslı seçimi həlledicidir. Bunun üçün isə hər birimiz, valideynlər, mütəxəssislər, müəllimlər bu seçimdə gənclərə kömək etməliyik. Birtərəfli deyil, hərtərəfli inkişaf vacibdir. Seçim diplom üçün deyil, peşəkar mütəxəssis olmaq üçün olmalıdır.
P.S. Bu qrafik bir ölkənin digərindən üstün olmasını və ya geridə qalmasını göstərmir, sadəcə müqayisədir. Dünyada hər ölkənin öz müqayisəli üstünlükləri var.
Tahir Mirkişili - Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri.