ABŞ-da 12 yaşlı qız parlamentdə abortu müdafiə etdi
Qərbi Virciniya Nümayəndələr Palatasında keçirilən ictimai dinləmələr zamanı 12 yaşlı Addison Qardner abortu qadağan edən yeni qanuna qarşı çıxış edib.
“Məktəbdə voleybol oynayıram və atletika ilə məşğul oluram. Təhsilim mənim üçün çox önəmlidir və həyatda böyük nailiyyətlər əldə etməyi planlaşdırıram. Əgər bir insan mənim cinsi obyekt olduğuma qərar versə və mənə qarşı dəhşətli, faciəli işlər görsə, mən uşaq olaraq başqa bir uşaq dünyaya gətirməliyəm? Bədənimi hamiləliyin fiziki travmasına məruz qoymalıyam? Mən psixoloji təsirlərə məruz qalmalıyam? Burada bəziləri insan həyatının dəyərli olduğuun deyirlər. Bəs mənim həyatım? Mənim həyatım sizin üçün önəmlidirmi?”,- deyə azyaşlı deputatlara müraciət edib.
Qeyd edək ki, indiyədək Qərbi Virciniyada hamiləliyin 20-ci həftəsinədək abortlara icazə verilib. Qəbul edilmiş qanun layihəsi isə belə halları ümumiyyətlə qadağan edir və zorlama, qohumluq əlaqəsi nəticəsində hamilə qalanlar üçün istisnalar nəzərdə tutmur.
Hazırda Texas, Oklahoma, Arkanzas, Luiziana, Alabama, Missisipi, Missuri və Cənubi Dakota ştatlarında abort qadağandır. Ohayo, Cənubi Karolina və Tennessi ştatlarında isə adətən hamiləliyin altıncı həftəsində baş verən dölün ilk ürək döyüntülərindən sonra abortlar qadağan olunub.
Mənbə: gazeta.ru