AzTehsil.com

Xəbərlər / Yazarlar
16 iyun 2022
930

"Bu, Nə sirr müəllim!?"

Biz 1996-2002-ci illərdə burada oxuyanda Jurnalistika fakültəsi aşağı-yuxarı 150 nəfərlik tələbə-müəllim heyəti ilə BDU-nun ən balaca fakültələrindən sayılırdı. Amma bu balaca fakültədə çox böyük adamlar dərs deyirdi.

Onlardan biri də həmin illərdə hələ dosent olan professor Nəsir Əhmədli idi. 

Əziz müəllimimin adını indi dərin peşmanlıq içində yazıram. Peşmanlığımın səbəbi budur ki, onun haqqında düşüncələrimi neçə ay əvvəl qələmə almaq niyyətim vardı. İstəyirdim ki, yazacaqlarım Facebook dostluğumda olan Nəsir müəllimin də qəfil qarşısına çıxsın. Bir tələbəsinin onun haqqında düşündüklərindən çox sevinsin. Və ağır xəstəliyin yol yoldaşlığı ilə artıq mənzil başına yaxınlaşmaqda olan ömrü bu sevincdən az da olsa, uzansın. Hətta yazıya Füzulinin məşhur “Söz” qəzəlindən ad da  düşünmüşdüm: “Bu, Nə sirr müəllim!?”   

Günü-günə satıb, vaxtında yaza bilmədim. 

Nəsir müəllimsə qəfil vəfatı ilə mənə həyatımın heç zaman unudulmayacaq dərsini verdi ki, tələbəm, belə məqamlarda zamana çox bel bağlama. 

Deyiləsi sözün varsa vaxtında de! Yazılası yazın varsa, vaxtında yaz! Gələcəklə bağlı bir planın varsa, vaxtında addım at! 

Nəsir müəllimin kamil bir adam olduğunu tələbəlikdən duyurdum. Amma onun kamilliyi nədəydi? Əxlaqındamı, dürüstlüyündəmi, insan azadlığına verdiyi dəyərdəmi, haramdan ucada dayanmasındamı? Bunların hər biri Nəsir müəllim ucalığının ayrı-ayrı pillələri kimi görünürdü. Sualdakı sirrin tam açmasını isə nə qədər qəribə olsa da, onun nə dərslərində, nə kitablarında, nə çıxışlarında deyil, çox xırdaca, ilk baxışdan diqqəti cəlb etməyəcək qədər ani, ötəri bir həyat epizodunda kəşf etmişdim. 

Yanılmıramsa, artıq magistraturada oxuyurdum. Şənbə günlərinin birində o zaman Bakının əsas ictimai nəqliyyat vasitəsi olan “Qazel” mikroavtobusunun arxa oturacağında əyləşib “Əcəmi” səmtinə gedirdim. Növbəti dayanacaqda Nəsir müəllim də mikroavtobusa mindi. Qabaq oturacaqda əyləşdiyindən məni görmürdü. Mənsə onu kənardan müşahidə edə bilirdim. Adətən sərnişinlər düşmək istəyərkən kənardan sürücüyə hərəsi öz mədəni səviyyələrinə uyğun “Qabaqda saxlayarsan!”, “İrəlidə saxlayarsan!”, “Saxla!”, “Ayə saxla da!” əmri verirdilər. Bir neçə dayanacaq ötəndən sonra Nəsir müəllimin sürücüyə xitabən aydın, amiranə, doğma səsini eşitdim: “Əyləyin!”.

Nəsir müəllim bizə əvvəlcə televiziya nəzəriyyəsindən, sonra isə jurnalistikada nitq mədəniyyətindən dərs demişdi. Azərbaycan dili, sözlərin düzgün seçimi, dəqiq qarşılıqların tapılması onun işi idi.   

Həmin anda sürücüyə xitabən səsləndirdiyi “Əyləyin!” ifadəsi Nəsir müəllim düşüb gedəndən sonra məni günlərlə düşündürdü. İndi də düşündürür. Bu kəlmənin hansısa nəqliyyat vasitəsini dayandırmağın ana dilimizdəki ən gözəl ifadə forması olması öz yerində. Onun əsl ziyalı əxlaqından irəli gələrək sürücü babaya xitabını “Siz” mövqeyində qurması ilə də işim yox. Məni riqqətə gətirən o bircə kəlmədə Nəsir müəllimin sözü ilə əməlinin tən gəlməsi idi. Dərslərdəki, kitablardakı, yazılardakı müəllim, alim, jurnalist Nəsirlə, adi həyatdakı sərnişin Nəsirin bir-birini tamamlaması idi. Dərsində, kitabında, romanında, povestində, şeirində, poemasında ali ideyalardan guruldadıb öz əməlində tamamən əksini sərgiləyənləri azmı görmüşük?! 

Nəsir müəlliminsə sözündə ucalan şəxsiyyəti həyatının ən xırda epizodlarında da eyni yüksəkliklərdə davam edirdi. 

Bir dəfə dərsdə AzTV-də çalışdığı vaxtlardan maraqlı bir əhvalat danışmışdı. Deyirdi, sovet dövrünün əmək qəhrəmanlarından olan çobandan müsahibə götürməli idim. Müsahibənin səmimi alınmasından ötrü çoban loru dildə necə danışa bilərsə, o şəkildə, qəsdən üslubi səhvlərə yol verməklə mətn yazıb, ona verdim. Səhər çəkilişə qədər əzbərləməsini xahiş etdim. Gördüm səhər kişi qırmızı qələmlə redaktə edilərək laləli çəmənlik kimi qızarmış mətni gətirib gəlib ki, onuncu sinifdə oxuyan qızım mətndəki səhvləri düzəltdi. Özü də deyir, bu jurnalist nə bisavad adammış belə.  

Nəsir müəllimsə çox savadlı, məsələlərə geniş baxışı olan alim idi.

Bu cümlələri yazarkən onun 25 il əvvəlki mühazirələri vaxtı apardığım qeydləri tapıb baxdım. Mütəxəssislər bilir ki, dünyada medianın 3 funksiyası qəbul olunub: məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Nəsir müəllimsə bizə belə bir fikir yazdırmışdı ki, keçid dövrünü yaşayan Azərbaycan kimi ölkələrdə jurnalistikanın bir əsas funksiyası da var: cəmiyyət qarşısında duran məqsədlərin əldə olunmasına, konkret vəzifələrin yerinə yetirilməsinə kömək göstərmək. O, irəli sürdüyü bu müddəanın elmi modelini də qurmuşdu. 

Onun qurduğu model, fikrimcə, günümüz üçün də çox aktualdır.    

Nəsir müəllim jurnalistika sənətinə sevgisi üzündən ilk ali təhsilini yarıda buraxmışdı. Neçənci cəhddən sonrasa Jurnalistika fakültəsinin tələbəsi ola bilmişdi. Almaniyadakı hərbi xidməti dövründən səmərəli istifadə edib rus və alman dillərini mükəmməl öyrənmişdi. 

Belə adamları həmişə özüm üçün motivasiya mənbəyi saymışam. 

Belə bir məşhur söz var ki, əgər uşaqlıq qəhrəmanların dünyadan köçürsə, demək qocalırsan. Nəsir müəllim kimi şəxsiyyətləri Nəsir müəllim kimi şəxsiyyətlərin vəfatı da, ömrün əslində nə qədər tez ötüb keçdiyini anladır adama. 

Belə insanların vəfatının yaşatdığı anlaşılmaz hissləri BDU-nun Jurnalistika fakültəsində eyni illəri paylaşdığımız dəyərli tələbə yoldaşımız, yazıçı İlqar Rəsulun bu cümlələrindəkindən dəqiq ifadə etməyə çətinlik çəkirəm: “Bəzən istəyirsən, küçəyə çıxıb ürəkdən ağlayasan. Sonra düşünürsən ki, yox, olmaz, ağlasan hamı soruşacaq nə olub?! Və sən əslində nə baş verdiyini heç cür izah edə bilməyəcəksən”.

Həqiqətən, axı Nəsir müəllimi tanımayan kəslərə necə izah edəsən ki, dünyadan yaxşı bir adam köçüb və adamı ağladan da budur...

Yadigar Ceferli

Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Böyük MÜƏLLİM, sadə İNSAN

Böyük MÜƏLLİM, sadə İNSAN

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Sadə müəllim, zəhmətkeş alim ömrü

Sadə müəllim, zəhmətkeş alim ömrü

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Metodbirləşmələr

Metodbirləşmələr

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır