AzTehsil.com


Xəbərlər
12 aprel 2021
1 161


ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır



 

Ötən əsrin 20-ci illərindən başlayaraq təkcə Azərbaycanın xalqının maariflənməsi, ölkəmizdə təhsil işinin təşkilində deyil, onun ictimai-siyasi həyatında, ədəbiyyat və mədəniyyətində danılmaz və özünəməxsus xidmətləri olan ali təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ərəfəsindəyik.
 
Universitet bu illər ərzində yalnız ölkəmizi deyil, tarixi Azərbaycan torpaqlarının ərazisində yaradılmış bugünkü Ermənistan dövlətini, habelə Gürcüstanı, Rusiya Federasiyasının Dağıstan Respublikasını və Orta Asiya ölkələrini də yüksəkixtisaslı müəllimlərlə təmin edib. Bu gün neofaşist təfəkkürlü erməni millətçiliyinin tarixi ərazilərindən ölüm qorxusu, silah gücünə deportasiya etdiyi yüz minlərlə soydaşımızın vaxtilə yaşadıqları geniş arealda azərbaycanlı məktəblərinin təşəkkül tapmasında universitetimizin yetişdirdiyi kadrların çox mühüm xidmətləri olub.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın bu təhsil ocağının 100 illik yubileyi münasibətilə yazdığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Xalq Komissarları Sovetinin sədri, görkəmli ictimai-siyasi xadim, eyni zamanda, ədəbiyyat tariximizdə məxsusi iz qoymuş Nəriman Nərimanovun 1921-ci il avqust ayının 26-da imzaladığı dekretlə fəaliyyətə başlayan təhsil ocağı sonradan "Azərbaycanda pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək” məqsədi əsas tutularaq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Pedaqoji fakültəsi ilə birləşdirildi. Beləliklə, universitetimiz fəaliyyəti ərzində iki dəfə – 1927/29 və 1941/43-cü illərdə eyni taleyi yaşadı, lakin artıq formalaşmağa başlayan kadr potensialı ilə öz tarixi missiyasını davam etdirdi.

Ali məktəbimiz uzun müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutu, ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq tarixi vəzifəsini yüksək meyarlarla yerinə yetirib və bu gün də yerinə yetirməkdədir.

O faktı xatırladırıq ki, 1921-ci ildə 6 tələbə ilə fəaliyyətinə başlayan bu təhsil ocağı 1923/24-cü tədris ilində ilk məzunlarının buraxılışını edib, sonrakı illərdə isə müxtəlif ixtisaslar üzrə 150 mindən çox müəllim hazırlayıb.

Bu il universitetimizin 100 illiyi ölkə ictimaiyyəti üçün əlamətdar bir yubiley olaraq qeyd ediləcək. Bu, adicə bir təhsil müəssisənin tarixi deyil, onun məzunu olmuş 150 mindən çox insanın, öz həyatının mənasını cəmiyyət üçün layiqli, yüksək ixtisaslı peşəkar müəllim hazırlığına, elmin inkişafına həsr etmiş müəllimlərin, elmin müxtəlif sahələri üzrə məktəb yaratmış dəyərli insanlarımızın həyat yoluna yenidən düşəcək işıqdır. Möhtəşəm elm ocağının yubiley tədbirinə layiqli töhfələrini verən elm, sənət adamları, öz şəxsi həyatı ilə nümunə olan insanlarımız çoxdur və həmin insanları minnətdarlıq duyğuları ilə qeyd etməyi vacib sayırıq ki, onların bir hissəsi nəinki universitetimizin, həmçinin ölkəmizin ali təhsil və elm ocaqları arasında ənənələri ilə seçilən ADPU Filologiya fakültəsinin yaradılmasında xüsusi xidmətlər göstərmiş elm və təhsil xadimlərimiz olub.

Xatırladaq ki, filologiya ədəbiyyat və dildə gedən müasir proseslərlə bərabər, onların tarixini öyrənən humanitar elmdir: mətn vasitəsi ilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq elmlərinin məcmu adı kimi qəbul edilir və onun tarixini renessans dövrü ilə bağlayırlar. "Filologiya” sözü isə qədim yunan dilindən dünya dillərinin əksəriyyətinin leksikasına çoxdan daxil olan mürəkkəb sözdür: yunanca sevgi mənasını verən "filiya” və "söz” anlamını verən "loqos” sözlərinin birləşmələrindən yaranıb. Filologiya qədim yunan dilindən dünyanın müxtəlif dillərinə tərcümədə "söz sevən” kimi tərcümə edilir, elm kimi istiqaməti isə "xalqın dil və ədəbiyyatla ehtiva olunan mədəniyyətini” öyrənməkdir.

Filologiya özündə bir sıra müstəqil elmləri – ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və dilçilik elmlərini birləşdirir. Filoloq ixtisasına hərtərəfli baxış zamanı nələri görmək mümkündür?

Filoloq mütəxəssis kimi dilin və yaxud dillərin tarixini, quruluşunu öyrənir, həmçinin filoloq ədəbi abidələrin, mətnlərin təhlili ilə məşğul olur. Bir sözlə, filoloqların olduqca geniş fəaliyyət sahələri var.

Onu da qeyd edək ki, filoloqlar, geniş mənada, yalnız öz sahəsinin yaradıcı insanı deyil, o həm də yaxşı jurnalist, uğurlu tərcüməçi, tənqidçi, redaktor və ssenaristdir.

Azərbaycan filoloqları dilimizin tarixini, ədəbi dilin gözəlliyi və zənginliyini, xalqımızın mədəniyyətini dil vasitəsilə qoruyub saxlayayırlar. Bu mütəxəssislər, eyni zamanda, gənc nəslin dilimizə, ədəbiyyatımıza, tariximizə hörmətlə yanaşmasını, onu sevməsini, göz bəbəyi kimi qorumasını, yad sözlərin dilimizə yerli-yersiz daxil olmasının qarşısının alınması yollarını öyrədirlər. Buna görədir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ilk yaranan fakültələrindən birinin Filologiya fakültəsinin olması tamamilə təbii idi. O da təsadüfi deyil ki, fakültənin təşkili işi, Krımda doğulsa da ömrünün böyük hissəsini Azərbaycanda filologiya elminə həsr etmiş ədəbiyyatşünas, türkşünas, dil və mətnşünas, filologiya elmləri doktoru, 1922-ci ildə professor seçilmiş Bəkir Çobanzadəyə həvalə olundu. Cəmi 27 yaşında filologiya elmləri doktorluğunu müdafiə etmiş Bəkir Çobanzadə professor seçilərkən 29 yaşında idi və böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq bu iş ona tapşırıldı. B.Çobanzadə Azərbaycan İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun ölkədə keçirilməsi planlaşdırılan əlifba islahatını təşkil etmək üçün dəvət edilmişdi. Bakıya gələn alim Əlifba Komitəsinin sədri olaraq tarixən, üzü Məhəmməd Füzulidən bəri, Azərbaycan ziyalıları üçün "bir nöqtə xətasıyla gözü kor” edən ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçidi təmin etdi, yeni yaradılan əlifbanın əsas yaradıcılarından biri oldu. Sonralar onun Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinə sədr təyin edilməsi məhz o uğurların nəticəsi idi. Şərqi türk xalqlarının bədii ədəbiyyatının, ədəbi prosesin nəzəri problemlərinin tədqiqində və dil tarixinin yaranmasında müstəsna xidmətləri olan Bəkir Çobanzadə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsini təşkil edəndə nəinki ozamankı SSRİ-də, həmçinin türk xalqlarınn yayıldığı geniş bir arealda nüfuzlu elm adamı, yüksək səviyyəli təhsil təşkilatçısı kimi qəbul edilirdi. Təsadüfi deyil ki, o, filologiya üzrə SSRİ Elmlər Akademiyası Zaqafqaziya şöbəsinin, daha sonra isə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həqiqi üzvü seçilən ilk alim idi. Onun 1920-ci illərdə Bakıda nəşr edilən "Türk dili və ədəbiyyatının tədris üsulu”, "Türk qrameri”, "Türk dili hərflərinin ümumi qüsurları”, "Türk-tatar lisaniyyatına mədxəl” və digər fundamental baxışlarının əks olunduğu kitabları filologiya məsələlərinə dair ilk mənbə idi və indi də alimlərimiz üçün dəyərlidir.

Bəkir Çobanzadənin təşkilatçılığı ilə yaradılan Filologiya fakültəsi qısa zamanda nəinki sahə üzrə yüksəkixtisaslı müəllim hazırlığında ali məktəblər sırasında fərqləndi, həmçinin filologiya üzrə elmi axtarışların mükəmməl laboratoriyasına çevrilmək yoluna qədəm qoydu. Ona görədir ki, universitetimizin Filologiya fakültəsini həm də "Bəkir Çobanzadə məktəbi” adlandırmaq bu fakültənin tarixi ilə bağlı olan hər kəs üçün qürurvericidir. Həmin məktəbin ən görkəmli nümayəndələrindən biri, Bəkir Çobanzadənin elmi araşdırmalarının davamçısı olan filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Dəmirçizadənin də dekan olduğu Filologiya fakültəsi ozamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda beşillik təhsilə keçilməsi ilə əlaqədar aparılan struktur dəyişiklikləri nəticəsində təşkil edilən Tarix və dil-ədəbiyyat fakültəsinin tərkibində fəaliyyət göstərib, 7-8 ildən sonra isə müstəqil fakültə olaraq işini davam etdirib.

Fəaliyyəti ərzində Filologiya fakültəsində təşkil olunan kafedralar tədrisin günün tələbləri səviyyəsində olmasının qayğısına qalmaqla bərabər, elmi axtarışların sistemli və məhsuldar nəticələrini qazanıblar. Fakültə dekanlığı tərəfindən koordinasiya edilərək qazanılan uğurlarda əməyi olmuş insanlarımızı və onların böyük zəhmətlərini yada salaraq qeyd edirik ki, fakültədə kimin dekan olmasından asılı olmayaraq Bəkir Çobanzadənin yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir.

Müxtəlif illərdə Filologiya fakültəsinə dekan vəzifəsinə tanınmış alimlər seçiliblər. Tarix-filologiya fakültəsi 1964-1965-ci tədris ilindən yenidən ayrılıb. Filologiya fakültəsinin dekanları sırasında professorlar Afad Qurbanovun, Paşa Əfəndiyevin, Qəzənfər Kazımovun və digər görkəmli alimlərin adlarını qeyd etmək olar.

Sözün həqiqi mənasında, Filologiya fakültəsini xalqımızın milli sərvətinin tərkib hissəsi adlandırmaq olar. Odur ki, fakültədə xalqımızın mənəviyyatına, mədəniyyətinə, dilinə, ədəbiyyatına xidmət edən alimlərin, şair və yazıçıların yubileyləri (Mirzə Fətəli Axundzadənin, Mirzə İbrahimovun, Rəsul Rzanın, Əlibala Hacızadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Anarın və s.) necə keçirilibsə, indi də Cəlil Məmmədquluzadənin, Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin və digərlərinin yubileyləri başqa bir yöndə, tərzdə keçirilir, onların nümunə olduğu tələbələrin nəzərinə çatdırılır, onlar gənc nəslə tanıtdırılır.

Filologiya fakültəsi şərəfli bir yol keçib, həmişə öz məzunları ilə fəxr edib. Vaxtilə bu fakültədə təhsil almış yüzlərlə tələbə öz əməli fəaliyyətləri ilə universitetimizə şərəf gətirib. Xalq şairləri Məmməd Rahim, Mirvari Dilbazi, professorlar Cəfər Xəndan, Osman Sarıvəlli, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, Mir Cəlal Paşayev, Şıxəli Qurbanov, xalq yazıçıları Süleyman Rəhimov, İsmayıl Şıxlı, akademik Məmməd Arif Dadaşzadə, şairlər İlyas Tapdıq, Tofiq Bayram, Məmməd Aslan, Məstan Əliyev, Kələntər Kələntərov, yazıçı Sabir Əhmədov Böyük Vətən müharibəsi zamanı rəşadət göstərən Mehdi Hüseynzadə və digərləri fakültəmizin şöhrət simvoludurlar.

Bu gün başqa cür olmağa haqqımız yoxdur. Bu qədər şanlı keçmişi, tarixi ənənələri olan fakültəmizin gördüyü işləri, nəşr etdirdiyi kitabları vərəqlədikcə sizi heyrət bürüyəcək. Köklərin üstündəki gövdə də möhkəmdir, budaqlar da çoxşaxəlidir, yarpaqlar da yamyaşıldır. Ənənələri qorumaq, müasir təhsilə verilən tələblər səviyyəsində işi qurmaq, müasir gəncliyin elmə, ədəbiyyata marağını artırmaq üçün var qüvvəsini əsirgəməyən professorlar, dosentlər, baş müəllim və müəllimlər eyni amal, eyni ideya ətrafında birləşərək dövlətimizə, dövlətçiliyimizə xidmət edirlər. Fakültənin strukturuna Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi texnologiyası, Ədəbiyyat, Ədəbiyyatın tədrisi texnologiyası fakültələri, Xarici Dillər Mərkəzi daxildir. Filologiya fakültəsi var qüvvəsi ilə respublikamızın inkişafı üçün çalışır. Çalışır ki, layiqli kadrlar yetirsin. Buna isə gücümüz yetər.

Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə bir çox töhfələr verəcəyimizə də əminliyimiz var. Bu bizik, çiyinlərində tarixi ənənələr yükü gəzdirərək, o ənənələri zənginləşdirərək yaşatmaq missiyası olan Filologiya fakültəsi!

Biz – fakültəmizin bugünkü tarixini yazan insanları, keçmişimizə arxalanaraq irəliyə ümidlə baxırıq. Alimlərimizin, peşəkar kadrlarımızın istəyi istər pedaqoji fəaliyyət, istərsə də elmi axtarışlar sahəsində universitetimizin avanqard fakültəsi sayılan Filologiya fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkib hissəsidir və universitetimizin 100 illik yubileyi ilə bağlı yubiley tədbirlərinə əllərindən gələn töhfələri verməyə hazırdır. Bu isə onların fəaliyyətində aydın görünür.



Загрузка...
Həmçinin oxuyun:
Universitetin professoru vəfat etdi

Universitetin professoru vəfat etdi

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

İlham Əliyev tanınmış alimi təltif etdi

İlham Əliyev tanınmış alimi təltif etdi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi