Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO
Quliyev Emin Əkbər oğlu və Quliyev Etibar Allahverdi oğlu Xocalı şəhər sakinləridirlər. Onlar 30 il bundan əvvəl ermənilər tərəfindən törədilən qətliamda ailə üzvlərini, yaxınlarını və qohumlarını itirən xocalılılardan ikisidir. Xocalı soyqırımı zamanı 4 yaşlı Emin uşaq olsa da, hadisələrin canlı şahidi olub. Etibar isə qətliamdan təxminən bir ay sonra dünyaya gəlsə də, faciənin şahidi olan valideynlərindən bütün məlumatları əxz edə bilib. Hər zaman və xüsusilə də faciənin ildönümü günlərində evlərində əsas mövzuya çevrilən soyqırımı təəssüratları az qala Etibarı da o qanlı hadisənin şahidinə çevirib. Emin və Etibarın hər ikisinin uşaqlığı yurdundan didərgin düşmüş məcburi köçkün şəraitində keçib. Onlar hər ilin bu günü əzizlərinin faciəli vəfatının ildönümünü qeyd edirlər.
“Report”un əməkdaşı Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Emin və Etibarla həmsöhbət olub.
– Emin, Xocalı faciəsini necə xatırlayırsınız?
– Xocalı faciəsini uşaqlıq travması kimi xatırlayıram. O gün xatirimdə ancaq çətin, ağrılı, acılı, müsibət və faciəli bir tarix kimi qalıb. Bu faciəni təəssüf olsun ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm.
– Həmin gün nə baş verdi? O gecədən yadınızda nəsə qalıbmı?
– Bilirsiniz, Xocalının başının üzərini qara buludların aldığı barədə əvvəlcədən hamıda məlumat var idi. Çünki şəhər bir neçə ay mühasirədə oldu, özü də köməksiz vəziyyətdə qalmışdı. Sonradan sakinlərin yalnız vertolyotun köməkliyi ilə təxliyəsi mümkün olub. Amma həmin ərəfədə ermənilər tərəfindən törədilən “vertolyot faciəsi”ndən sonra insanların hava nəqliyyatı vasitəsilə daşınması təhlükə mənbəyinə çevrilib. Buna görə də camaatın çıxış yolu qalmayıb. Şəhər mühasirədə olduğu üçün Ağdama və digər rayonlara gedən yollar da bağlanıb. Uşaq olsam da, hadisələr olduğu kimi yadımdadır. Ermənilər fevralın 25-dən 26-na keçən gecə qəfildən şəhərə hücum etdilər. Birdən vahimə başladı, hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışırdı. Amansız düşmən uşaq, qadın bilmədən qəddarlıq edir, günahsız, əliyalın və müdafiəsiz insanları xüsusi amansızlıqla qətlə yetirirdi.
– Bəs şəhəri qorumaqda kömək yox idi?
– Kömək demək olar ki, yox idi. Yalnız şəhərin öz əhalisindən olan kişilərdən ibarət könüllü özünümüdafiə dəstəsi yaradılmışdı. Ordumuzun sıralarından da kiçik bir heyət şəhəri qorumağa cəlb olunmuşdu. Bütün bunlar isə amansız, qəddar, vəhşi silahlı düşmənin qarşısında çox kiçik bir qüvvə idi.
– Şəhəri müdafiə edənlər arasında yaxın qohumlarınızdan olubmu?
– Bəli. Atam, əmim, dayım və digər qohumlarım şəhərin qorunmasında yaxından iştirak edib. Onlar növbəli rejimdə şəhəri qoruyurdular. Ermənilərin qəfildən gecə hücumu baş verəndə isə özünümüdafiə qüvvələrində olan kişilərin bir hissəsi döyüşə, digər hissəsi isə yaşlıların, qadınların və uşaqların təxliyəsinə cəlb olunmuşdu. Amma təbii ki, tankın qarşısına ov tüfəngi ilə çıxmaqla müdafiə olunmaq mümkün deyildi.
– Xocalı faciəsi zamanı ailə üzvlərinizdən kimləri itirmisiniz?
– Atam, bacım, nənəm, babam, əmim, əmim oğlu, bibim, onun həyat yoldaşı, qızı, anamın dayıları, xalaları övladları ilə birlikdə şəhid olublar. Onlar hamısı həmin gecə – fevralın 25-dən 26-na keçən gecə həyatlarını itiriblər.
– Bəs həmin vaxt atanın və bacının neçə yaşı var idi?
– Atamın 29 yaşı, bacımın isə 7 yaşı var idi.
– Onlar harada dəfn olunub?
– Ağcabədi rayonunda torpağa tapşırılıblar.
– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların adını biz həmişə yaşatmalıyıq…
– Amin. Bəli, doğrudur. Bütün şəhidlərin adları yaşamalıdır. Mənim qardaşım atam şəhid olandan sonra dünyaya gəlib. Ona görə də qardaşıma atamın adı qoyulub. Mən də qızıma şəhid bacımın – Sevincin adını qoymuşam.
– Emin, çox güman faciə zamanı itkin düşən qohumunuz və ya yaxınınız olub…
– Bəli. Anamın bir xalası üç övladı və həyat yoldaşı ilə birlikdə itkin düşüblər, bu günə qədər də onların taleyindən xəbər yoxdur. Bir ailə tamamilə məhv olub. Bundan əlavə, anamın dayısının oğlu və əmisinin oğlu da itkin düşüb.
Xocalıda itki verməyən ailə tapmağın çətin olduğunu bildirən Etibar isə deyir:
– Mənim anamın da dayısı oğlu Tahir Hacıyevin övladları həmin gecə itkin düşüb. Bu günə qədər də bilmirik ki, onlar sağdır, yoxsa həlak olublar. Həlak olanların bəziləri Ağdamda, bəziləri isə Ağcabədidə dəfn olunub. Ağdam işğaldan azad olunandan sonra görürük ki, nə qədər məzar yerləri aşkar olunub. Aşkar olunan qəbirlərin əksəriyyəti Xocalı sakinlərinə aiddir. Çünki Xocalı qurbanlarının, bəlkə də 400-nün məzarı naməlumdur.
Bir məsələni də deyim ki, həmin vaxt insanlar özləri ilə birlikdə meyitləri də meşəyə gətirirdilər. Meşədən çıxarılan cənazələr Ağdam məscidində yuyulurdu. Meyitlər Ağdam məscidindən çıxarılandan sonra isə harada dəfn olunacağına qərar verilirdi. Babam Allahverdi Quliyevin cənazəsi Ağdamda torpağa tapşırılıb, amma bu günə qədər də bilmirik ki, məzarın yeri hardadır.
Düşmən əlində qalan Xocalı sakinlərinə aid meyitlərin kifayət qədər çox olduğunu vurğulayan Emin isə xatırladır ki, 613 nəfərin hamısının nəşi gətirilməyib:
– Onların arasında ermənilərin yandırdıqları da, kütləvi şəkildə basdırdıqları da olub. Ermənilər Ağdamı işğal etdikdən sonra vandallıqlarını, vəhşiliklərini davam etdiriblər. Azərbaycanlılara aid bütün məzarlıqları dağıdıblar.
– Demək olar ki, Xocalı sakinlərinin ən azı bir yaxını şəhid olub.
– Bəli, ən azı bir nəfər…
Etibar da ən azı bir nəfərin şəhid olduğunu düşünərək deyir:
– Bir azdır, məncə.. Xocalı kiçik şəhər olduğu üçün bu şəhərin sakinlərinin də hamısı bir-biri ilə qohum olub. Biz sinifdə 18 nəfər idik, 11 nəfərin atası yox idi. O atalar Xocalı faciəsində həlak olmuşdular.
– Emin, həmin gün necə xilas oldunuz? Necə çıxdınız şəhərdən?
– Həmin gecə hamı qaçmağa, canını qurtarmağa çalışırdı, amma bütün avtomobil yolları da bağlanmışdı. Ağdama gedən maşını yolu da bağlı idi. Buna görə də yeganə çıxış yolu yalnız piyada hərəkət etmək idi. Həmin vaxt biz də Xocalını tərk etdik və piyada qışın soyuğunda, qarında, palçığında meşəliklə Ağdamın Şelli kəndinə qədər gəldik.
– Bəs Ağdamdan sonra hara getdiniz?
– Mənim atam da, anam da yəni hər iki tərəfdən əslimiz Xocalıdan olub. Ona görə də biz şəhərdən çıxanda gedəcəyimiz yer yox idi. Çünki bizim bütün qohum-əqrəbamız Xocalı sakinləridir və bütün qohum-əqrəba da bizim kimi məcburi köçkün düşmüşdülər.
– Faciədən xilas olmağınıza görə kimə borclusunuz?
– Şəhərin özündə döyüşüb şəhid olanlara. Onlar bir tüfənglə və ya avtomatla tankın qarşısına çıxıblar. Məhz bizim təxliyəmizə görə vaxt qazandırmaq üçün. Kişilərin bir hissəsi sakinləri çıxarırdı, bir hissəsi şəhəri qoruyurdu. Əslində, şəhəri qorumağa çalışanlar düşmənin o boyda ordusunun qarşısında cüzi idi. Böyük bir vəhşi, silahlı ordunun, hərbi texnikaların qarşısında Xocalını ov tüfəngi ilə müdafiə edənlər həm də düşməni məşğul etməklə onun başını qarışdırırdılar ki, sakinlər qaçıb təxliyə olunsun. Bizi dayım xilas edib, o, həmin vaxt döyüşdə olub. Amma bir qədər döyüşdükdən sonra gəlib bizi çıxarıb. Atam döyüşüb şəhid olub, əmim döyüşüb şəhid olub. Digər qohumlarım şəhərdən çıxarkən güllə yarası alıblar.
– Həmin günü piyada Ağdama gəldiniz?
– Həmin günü Ağdama gəldik. Sonra Bakıya gəlib bir müddət burada yaşadıq. Daha sonra isə Naftalanda məskunlaşdıq.
Onlar əvvəllər internetdə, sonralar isə sosial şəbəkələrdə yayılmış qucağında uşaq daşıyan kişinin əks olunduğu fotonun tarixçəsindən danışırlar. Söhbət əsnasında məlum olur ki, həmin fotodakı kişi Etibarın dayısı, onun qucağındakı uşaq isə Eminin əmisi oğludur.
– Əmimin körpə oğlu Samir bibimin qucağında olan zaman bibimlə birlikdə yaralanır. Etibarın dayısı da uşağı tez qucağına götürüb xəstəxanaya çatdırmağa çalışır. Amma çatdıra bilmir, uşaq elə onun qucağındaca keçinir. Həmin şəkildə qucağında körpə cənazəni saxlayan Etibarın dayısının ağladığı əks olunub.
Etibar isə həlak olmuş azyaşlının meyitini dayısının bir gecə özü ilə meşədə saxladığını bildirir:
– Dayım uşağın meyitini əldən verməmək üçün onu meşədən keçən çayın içərisində gizlənərək saxlayıb. Həmin foto çəkilən zaman, yəni hadisələrin baş verdiyi vaxt dayımın 29 yaşı olub. Amma faciələrin fonunda sanki xeyli yaşlı görünür.
– Etibar, həmin vaxt sən hələ dünyaya gəlməsən də, valideynlərin və ailə üzvlərin oradan necə xilas olduqları barədə sənə danışıblarmı?
– Bizimkilər Xocalıdan Ağdama, oradan Göyçaya, Bərdəyə, daha sonra isə Naftalana gediblər. Biz Naftalanda yerləşən Xocalı şəhərciyində böyümüşük. Biz məcburi köçkünlüyün maddi sıxıntılarının hökm sürdüyü bir şəraitdə böyümüşük. Bu sıxıntıların necə ağır olduğunu isə məcburi köçkün olmuş şəxslər daha yaxşı bilərlər. Təsəvvür edin ki, yurdundan-yuvasından, elindən-obasından faciəli şəkildə didərgin düşmüş, üstəlik ən əziz adamlarını itirmiş və bütün bunlarla yanaşı maddi və mənəvi sıxıntılarla böyümüş bir nəsil var. Bu nəsil 1988-1994-cü illərdə dünyaya gələnləri əhatə edir. Onlar hələ ana bətnində olarkən Xocalı kimi neçə-neçə faciələrin səsini eşidiblər, qətliamlara şahidlik ediblər. Mən doğma Xocalı şəhərimizdən faciə baş verən gün ana bətnində çıxmışam, 33 gün sonra – mart ayında valideynlərimin, ailəmizin sığındığı Göyçayda dünyaya gəlmişəm. Babamgil Oğuzda yaşayırlar deyə, məktəbli vaxtlarımda üç ay tətili orada keçirirdim.
– Etibar, sən nə çox yerdə yaşamısan? Ağdam, Göyçay, Bərdə, Naftalan, Goranboy, Oğuz və indi də Bakıda məskunlaşmısan…
– Doğma yurdundan, yuvasından, elindən, obasından didərgin düşən məcburi köçkünlərdə belə olur… Məcburi köçkünlərin yurdu-yuvası olmur.
– Emin, bəs səncə insanın doğulduğu yerdən didərgin düşməsi necə bir hissdir?
– Etibarın sözünə qüvvət olaraq deyim ki, böyük bir boşluqdur. Özünü öz Vətənində qonaq kimi hiss edirsən və hər an qayıdacağına da ümidlərin var. Qürbətdə yox, Vətənimizdəyik. Amma yurdumuzda deyilik.
– Xocalı faciəsini hər il qeyd edəndə hansı hissləri keçirirsiniz?
– Həmin vaxt uşaq olsam da, hər şey gözümün qabağındadır, sanki faciə 30 il əvvəl deyil, 3 gün əvvəl olub. Hər ilin bu günləri heç vaxt sağalmayan yaralarımız bir az da qanayır. Qanamasaydı bəlkə də sağalardı, amma qanamaması da mümkün deyil, çünki bizdən asılı olmadan ildə bir dəfə o hadisələrin qoxusu duyulur. Bu yaralar isə 30 ilə sağalası yaralar deyil. Bəlkə nə vaxtsa oralara qayıdandan sonra yaxşı hadisələr baş verər. 30 ildir faciə baş verdiyi ilk günün ağrısı və acısı ilə bizimlə birlikdə yaşayır. Fevral xocalılar üçün qara aydır. Mən hər ilin bu günlərində özümü 4 yaşında uşaq kimi hiss edirəm. Xocalı faciəsi bəşəri və misli görünməmiş bir faciə idi. Körpə uşaqlara, hamilə qadınlara, yaşlılara, qocalara baxmadılar, xüsusi qəddarlıqla, xüsusi vəhşiliklə insanları qətlə yetirdilər.
Müsahiblərdən biri Emin Quliyev hazırda Dövlət Gömrük Komitəsində çalışır. İş yeri isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır. O, söhbət əsnasında ən böyük arzusunun Xocalı hava limanında çalışmaq olduğunu bildirir. Buna sonsuz ümidinin olduğunu vurğulayan həmsöhbət mütləq bu arzusunun reallaşacağına inam bəslədiyini ifadə edir.
Etibar isə özəl sektorda fəaliyyət göstərir. Söhbətimiz zamanı məlum oldu ki, o, Vətən müharibəsi zamanı hərbçilərimizə yardım aksiyalarında yaxından iştirak edib:
– Biz Vətən müharibəsi dövründə xalqımızın dəstəyi ilə ordumuza yardımlar aparırdıq. Təbii ki, ordumuzun buna ehtiyacı yox idi, onsuz da Azərbaycan ordusunun maddi təminatı yetərincədir. Sadəcə hər bir azərbaycanlı 44 günlük döyüşlərə hansısa formada öz töhfəsini verməyə çalışıb, hansısa formada xidmətlər göstərib. Biz də arxa cəbhədə yardımlar etməklə xidmət göstərməyə çalışırdıq. Dostlarımız, yaxınlarımız, tanıyan insanlar bizim vasitəmizlə əsgərlərimizə müxtəlif sovqatlar göndərirdilər. Hərbçilərimiz Xocalıdan olduğumuzu biləndə müharibənin qızğın vaxtında belə bizə xüsusi qayğı ilə yanaşırdılar.
– Müharibənin başladığı günü necə xatırlayırsan?
– Bizim Goranboyda məskunlaşdığımız ərazi Xocalı şəhərciyi olsa da, şuşalılar, laçınlılar və kəlbəcərlilər də yaşayır. Müharibə başlayan günü hərbi avtomobil karvanını görən bütün məcburi köçkünlər yalnız və yalnız sevinirdi. Hələ ilk günlərdə hər kəs ordumuza yalnız təbəssümü ilə, sevinci ilə, alqış və duaları ilə dəstək olmağa başlamışdı. Sonradan isə hər kəs dəstəyini maddi və fiziki istiqamətdə nümayiş etdirməyə başladı. Çünki hamı torpaqların işğaldan azad olunması üçün mənəvi borcu olduğunu düşünürdü və buna görə hər kəs nəsə bir iş görmək istəyirdi. Həmin ərəfədə 75-80 yaşlı bir qadın əsgərlərimizi daşıyan avtomobillərə butulkalarda su paylayırdı. Kəlbəcərli bir qadın 3 yaşlı uşağının yorğanını hərbçilərimizə göndərmişdi. Bütün bunlar isə bizə ordumuza dəstək olmaqda əlavə güc verirdi.