Bu barədə Bərdə rayonunun Şahvəlilər kənd məktəbinin məzunu olmuş, dəfələrlə respublika fənn olimpiadalarının qalibi adına layiq görülmüş Hüseyn Babayev özünün facebook hesabında məlumat paylaşıb.
Hüseyin Babayevin tələbə adını alması barədə məlumat DİM-in ötən günkü elan olunan nəticələrində yayılıb.
Onu da qeyd edək ki, Hüseyn Babayevin ailəsi Kəlbəcər rayonundan məcburi köçkün düşərək Bərdə rayonunun Şahvəlilər kəndində məskunlaşıblar. Cəbhə xəttinə yaxın kənd olduğundan 44 günlük müharibədə düşmən tərəfindən atılan mərmilər buranı da hədəfə çevirmişdi. O günlərdən danışan gənc Hüseyn təhsil yolunda qarşılaşdığı çətinlikləri belə qeyd edib:”Əvvəla onu qeyd edim ki,bu il mənə görə çox stressli və çətin il oldu.Pandemiya səbəbindən sərtləşdirilmiş karantin rejimlərinin təsiri nə qədər bütün ölkəyə yansısa da,məncə,bu wifi, işıq problemi olan ərazilər üçün daha böyük çətinlik törədirdi.Yəni karantin rejiminin göstərdiyi narahatlıq,stress bir yana,online dərslərə qoşulmaq üçün internetin,işığın olmaması daha çətin idi.Daha sonra isə müharibənin çətinlikləri də təsirsiz qalmadı.Qalib ölkə olmağımıza baxmayaraq,hər kəsə çox yaxşı məlumdur ki, müharibə zamanı tərəflərdən hər birinə müəyyən qədər zərər dəyir,düzdü uduzan tərəf darmadağın olur,amma qalibə də təsirsiz qalmır.Keçmiş cəbhə bölgəsində (Ağdam istiqamətində) yaşadığım üçün bu təsiri çox yaxşı hiss etdim.44 günlük müharibə ərzində nəinki təhsilimiz,həyatımız belə sual altında idi.Sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırdıq.Üstümüzdən sayrışan mərmilər, evimizin çox yaxınlığında(yalnızca bir neçə yüz metr) yerləşən ağır silahlar, artilleriya və s.Bir sözlə yaşadığımız ərazi döyüş bölgəsinin tam ortasında qalırdı,ta ki 44 günün sonuna kimi.Çünki Ağdam istiqamətində 44 gün ərzində mövqelər demək olar ki,sabit idi deyə biz bütün müharibə periodu ərzində bunları yaşadıq,kəndimizdə dağılan evlər,bizim də evimiz daxil olmaqla, həyətlərdə indi də tapılan mərmilər,qəlpələr və s.buna sübutdur.Komendant saatında Yevlaxdan biz tərəfə bütün ərazilərdə təhsil sistemi dayandırılmış, internet isə yox idi.Onlayn təhsil belə mümkün deyildi.(Bu dövrdə müharibə bölgəsindən kənarda yerləşən bir çox ərazilərdə əyani təhsil mümkün idi.)Özünüz də TV-dən Bərdənin və digər bizə yaxın ərazilərin bombalanma anlarını izləyirdiniz.TV-dən baxıb vahimələnmək bir yana,onları canlı yaşamaq bir yana.Çünki demək olarki bütün müharibə dövründə mən və ailəm bu anları yaşadıq və burada idik.”
Hüseyn Babayev təhsil pilləkanlarında addımlayarkən üzləşdiyi maneələri də qeyd etməyi unutmayıb.” Buraxılış imtahanı zamanı rayonumuzda olan dinləmə (listening) mətninin səsləndirməsi zamanı baş verən texniki problem də mənə təsirsiz qalmadı,yəni yüzlərlə şagird bu problemdən şikayətçi idi,bu da həm balımıza,həm də psixoloji cəhətdən bizə mənfi təsir etdi.9-cu sinif ərzində blok-buraxılış hazırlıqlarından tam uzaq olaraq,Bakıda beynəlxalq olimpiada mərkəzində beynəlxalq olimpiadalara hazırlaşmağa çalışsam da, finala qədər yüksək nəticələr əldə etsəm də, axırıncı nəticə düzü heç bilinmədi.Olimpiadaya olan həvəsimdən bir ilimi Bakı-Bərdə yollarında sərf etmişdim halbuki.10-11-ci sinifimi DİM hazırlıqlarına sərf edəcəyimi planlasam belə,hər şey istədiyim kimi alınmadı.10-cu sinfin mart aylarında başlayan karantin hazırlıq proqramını öz nizamı ilə yekunlaşdıra bilməməyimə səbəb oldu.Bunu 11-ci sinifdə bərpa edərəm desəm belə,11-ci sinifim daha çətin keçdi,karantinlər, müharibə və s.Əslində karantin təhsilə maneə ola bilməz deyə düşünmək də olar.Amma hansı halda?-Normal qaydada internetin,işığın olduğu bölgələr üçün.Mən dəfələrlə online dərsə qoşulmaq üçün kəndimizdəki internet,işıq problemi səbəbiylə qonşu rayona getməli olurdum.Elə hazırlıqlar üçün də kənddən şəhərə(Bərdəyə) getmək,gecə,gündüz, yağış,qar demədən 26-30 km məsafə qət etmək,sonra həmin yolu evə qayıtmaq o qədər də asan deyildi.Həmçinin buna nəqliyyat problemini də əlavə etsək,daha çətinləşir iş.Bir sözlə, doğru düzgün 1 il yarım hazırlıq görə bilmədim.Yalnızca 10-11-ci sinifdə yarımçıq təhsil.Blok imtahanında da ilin stressi, yorğunluğu və təbii ki bir blok imtahanın(yalnız I şans) olması tələskənliyi,həyəcanı ilə kodlaşdırmada problemlərim oldu.”-deyə bildirib.
Sonda istedadlı gənc Hüseyn Babayev bildirir ki, sadalanan çətinliklərə baxmayaraq,632 balla və 5 olimpiada medalı,qırmızı və qızıl attestat,11 illiyi qızıl medalla bitirmək,Ölkəmizi tanıyaq tur-aksiyası zamanı keçirilən "Nə? Harada? Nə zaman?” intellektual yarışından qızıl medal olmaqla- 7 medalla və xüsusi mükafatlar, nazirlik tərəfindən təltif olunduğu sertifikat,fəxri fərman və diplomlarla istədiyi Azərbaycan Tibb Universitetinin Tibb ixtisasının pulsuzuna qəbul olunub.
Əlavə olaraq bildirək ki, Hüseyn Babayevin parlaq uğuru həm də Bərdə təhsilinin , xüsusilə Bərdə rayon Şahvəlilər kənd Tam Orta Məktəbinin direktoru Həsrət Hümmətovun birgə nailiyyəti hesab oluna bilər. media1.az