AzTehsil.com


Xəbərlər / Şagird
17 iyul 2020
2 108


Birincilərin birincisi



Birincilərin birincisi

 

Azərbaycanın gənc istedadlarını tanıyaq
Məlumdur ki, istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının mühüm əhəmiyyəti var. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən  son illərdə ənənəvi olaraq istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün,  bir qayda olaraq, ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə fənn olimpiadaları  təşkil olunur.  Çox sevindirici haldır ki, pandemiya dövründə yaşanan çətinliklərə baxmayaraq builki yarışlarda da 34 minə yaxın şagird öz bilik və bacarıqlarını nümayiş etdirə bilib. Olimpiadanın nəticələrinə görə, xüsusi istedadı və hazırlığı ilə seçilən 55 nəfər qızıl, 105 nəfər gümüş, 160  nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.  Fənn olimpiadalarının nəticələrinə əsasən, ayrı-ayrı fənlər üzrə qızıl medala layiq görülmüş 10 məktəbli həm də "Birincilərin birincisi” adını qazanıb. Gənc zəkalarla daha yaxından tanış olaq.

"Artıq Koreyanın KAIST Universitetinə qəbul olmuşam”

Abbas Məmmədov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi:

- 17 iyul 2002-ci il tarixində anadan olub. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin builki  məzunudur. Artıq 4 ildir ki,  riyaziyyat olimpiadası ilə məşğuldur.  Bu müddət ərzində bir çox yerli və beynəlxalq olimpiadalarda iştirak edib.  2017-2020-ci illər ərzində  4 dəfə respublika olimpiadasında iştirak edib -  2 qızıl, bir  gümüş və bir  bürünc medal qazanıb.  Bu il isə riyaziyyat fənnindən qızıl medalla yanaşı "Birincilərin birincisi” nominasiyasına da  layiq görülüb. Bundan əlavə,  2017-ci ildə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) bürünc,  2019-cu ildə Balkan Riyaziyyat Olimpiadasında (BMO) bürünc, 2020-ci ildə  Qafqaz Riyaziyyat Olimpiadasında (CMO)  qızıl,  2020-ci ildə  Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) gümüş, 2020-ci ildə Asiya Pasifik Riyaziyyat Olimpiadasında (APMO)  gümüş medallara, Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO-2019)  Honourable Mention (həvəsləndirici)  sertifikata layiq görülüb.

- Builki fənn olimpiadalarının obyektivliyi və balların müzakirəsi barədə təəssüratlarım müsbətdir. Beynəlxalq arenadan isə qatıldığım 6 olimpiadadan birində qızıl, ikisində gümüş, ikisində bürünc olmaqla 5 medalım və bir həvəsləndirici sertifikatım var. İndi isə qarşıdan gələn və sentyabrda keçirilməsi planlaşdırılan Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlaşıram və ən böyük arzum bu olimpiadadan yaxşı bir medal qazanaraq ölkəmi təmsil etməkdir. Bununla yanaşı, qeyd etmək istəyərdim ki, artıq Koreyanın KAIST Universitetinə qəbul olmuşam və təhsilimi burada davam etdirməyi planlaşdırıram.

"Olimpiadaların şəffaf, obyektiv keçirilməsinin şahidi oldum”
Əkbər Vahablı, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi:

- 2004-cü il fevralın 9-da Bakı şəhərində anadan olub. İlk təhsilini 135 nömrəli tam orta məktəbdə alıb, VI sinifdən isə Bakı Türk Liseyində davam etdirib. 2018-ci ildə imtahan verərək akademik Zərifə Əliyeva adına liseyin IX sinfinə qəbul olunub. Hazırda həmin liseydə təhsilini davam etdirir.

-  Azərbaycan dili və ədəbiyyat fənninə  hər zaman marağım olub. Hətta kiçik yaşlarımda keçirilmiş inşa müsabiqəsində də yer tutmuşam. Məhz buna görə də bu fənn üzrə olimpiadalara qatıldım. 2019-cu ildə gümüş medala layiq görüldüm. Lakin məqsədim daha da irəli getmək, qızıl medala nail olmaq idi. Buna görə də qarşıma məqsəd qoydum, inamla, həvəslə çalışdım. Baxmayaraq ki, 10-cu sinif idim, hədəfimə çatmaq üçün əlimdən gələni əsirgəmədim. Uğuruma gedən yolda qarşıma maneələr çıxsa da, onları dəf etməyi bacardım. Nəhayət, hədəfimə nail olaraq bu il keçirilən Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medal qazandım. Eyni zamanda bu fənn üzrə "Birincilərin birincisi” nominasiyasına layiq görüldüm.

İştirak etdiyim illərdə Respublika fənn olimpiadalarının nə qədər şəffaf, obyektiv keçirilməsinin şahidi oldum. Dünyanı cənginə alan COVID-19 virusu bir çox məhdudiyyətlər yaratsa da, olimpiadanın son mərhələsi bütün tibbi qaydalara əməl olunaraq təşkil edildi. Bu mötəbər yarışda iştirak edib uğur qazanmaq məndə sevinc və qürur hissi yaradır. Belə yarışlar şagirdlər arasında rəqabəti artırmaqda, istedadlı şagirdlərin aşkar edilməsində vacib rol oynayır. Buna görə də olimpiadaların təşkilində əməyi keçən hər kəsə, Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. İyulun 10-da Təhsil naziri Ceyhun Bayramov "Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə onlayn formatda görüş keçirərək bizi və bizim timsalımızda bütün qalibləri təbrik etdi, uğurlarımızın davamlı olmasını arzuladı.

Hər uğurun əldə edilməsində bünövrənin, qoyulan təməlin möhkəmliyi əsas rol oynayır. Olimpiadalarda qazandığım uğurlara görə mənə ilk gündən qələm tutmağı, əlifbanı öyrədən, elmin dərinliklərini mənimsədən bütün müəllimlərimə təşəkkür edirəm. Həmçinin mənim kimi şagirdlərin uğur qazanmasında önəmli payı olan, bizə hərtərəfli təhsil verən akademik Zərifə Əliyeva adına liseyə minnətdarlığımı bildirirəm. İlk gündən yanımda olan, uğurlarıma mənimlə birgə sevinən, ən çətin anlarımda məni yalnız qoymayan ailəmə, xüsusən də anama sonsuz təşəkkürümü bildirirəm. Bu uğurlarımın sayını daha da artırmaq ümidiylə...

"Qaliblərin siyahısında öz adımı görəndə çox sevindim...”

Hüseyn Mehdiyev, Bakı şəhəri 151 nömrəli tam orta məktəbin XI sinif şagirdi:

 2003-cü il noyabrın 14-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Bu il adıçəkilən məktəbi əla qiymətlərlə bitirərək məzun olub.

- Respublika fənn olimpiadalarında 9-cu sinifdən iştirak etməyə başlamışam. Həmin il finala  qədər irəliləyərək RFO-nun finalçısı olmusam. Bu il isə "Birincilərin birincisi " nominasiyası üzrə qalib elan olunmuşam. Qaliblərin siyahısında öz adımı görəndə çox sevindim və qürur hissi keçirdim.

Builki olimpiadanın final mərhələsi pandemiya dövrünə təsadüf etdi, psixoloji cəhətdən bir qədər gərginlik olsa da müəllimlərimin və valideynlərimin dəstəyi ilə olimpiadaya ciddi  hazırlaşdım. Olimpiadada uğur qazanmaq böyük zəhmət  və  əzmkarlıq tələb edir. Hazırda ciddi şəkildə qəbul  imtahanlarına hazırlaşıram. Hədəfim imtahanlarda yüksək bal  toplayaraq istədiyim ixtisas üzrə ali məktəbə daxil olmaqdır.

"Hədəfim dünyanın ən tanınmış universitetlərindən birində təhsil alıb həkim olmaqdır”

Sədiyar Qafarov, Kimya- biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdi:

- 2004-cü il fevralın 22-də Bakı şəhərində anadan olub. Əvvəlcə 13 nömrəli tam orta məktəbə qəbul olunub, sonra isə təhsilini 308 nömrəli tam orta məktəbdə davam etdirib. Məktəblilərarası 3-cü fənn müsabiqəsində iştirak edərək bürünc medal alıb və  Təhsil Nazirliyi tərəfindən Kimya-biologiya təmayüllü Respublika liseyində təşkil  edilmiş olimpiada sinfinə qəbul olunub. 2018-ci ildə Respublika fənn olimpiadasında qızıl medala layiq görülüb. 2018 və 2019-cu illərdə RFO-da iki qızıl medal qazanıb. 2018-ci ilin dekabrında  Botsvanada və 2019-cu ildə Qətərdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iki dəfə bürünc medal qazanıb.  Bu il Respublika fənn olimpiadasında iştirak edərək biologiya fənni üzrə "Birincilərin birincisi” nominasiyasına layiq görülüb.     

- Respublika və Beynəlxalq fənn olimpiadalarına hazırlıq məşğələlərinə qatılarkən öz ixtisasıma uyğun yeni biliklər əldə edirəm. Bizə hazırlıq məşğələlərində keçilən mövzular dünya səviyyəli universitetlərin qəbul etdiyi biliklərdir. Düşünürəm ki, Respublika fənn olimpiadalarında iştirak edən şagird bunları nəzərə almalı və biliklərini daim inkişaf etdirməlidir. Biologiya üzrə fənn olimpiadalarındakı məsələlərin həlli şagirdlərdən fizika, kimya və riyaziyyat  kimi digər fənləri də yüksək səviyyədə bilməyi tələb edir. Gələcək məqsədim dünyanın ən tanınmış universitetlərindən birində təhsil alıb həkim olmaqdır. Zənnimcə, mənim bu uğurlarımı görən şagirdlərdə oxumağa və həvəslə çalışmağa maraq yaranacaq.

"Olimpiadanın final mərhələsinin yüksək səviyyədə təşkili üçün Təhsil Nazirliyinə təşəkkür edirəm”

 Əziz Hüseynov, Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi:

- 2004-cü il oktyabrın 12-də Gəncə şəhərində anadan olub. İlk təhsilinə 2010-cu ildə Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə başlayıb. 2016-cı ildə Gəncə "İstək” liseyinə birinciliklə qəbul olub.  Həmin tədris ilində informatikadan Respublika fənn olimpiadasında iştirak edib və qızıl medal qazanıb. Növbəti tədris ilində Respublika fənn olimpiadasından 2-ci qızıl medal qazanıb. İyun ayında isə ABŞ-da keçirilən "Genius” olimpiadasında qızıl medala layiq görülüb. 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi informatika dərslərində aktiv iştirak edib və fənn olimpiadasında informatika üzrə qızıl medal əldə edib.

- 2019-cu ildə Sloveniyada keçirilən Avropa yeniyetmələrin informatika olimpiadasından respublikamıza ilk gümüş medal gətirdim və həmin ilin noyabr ayında Bolqarıstanda keçirilən IATI-də gümüş medal qazandım. 2020-ci ilin yanvarında Qazaxıstanda keçirilən beynəlxalq Jautikov olimpiadasında bürünc medala layiq görüldüm.

Mart ayından məlum pandemiya ilə əlaqədar VIII sinifdə oxuyan bacım Fidanın olimpiadaya hazırlaşmasında yardımçı oldum və bu çətin şəraitdə 2019-2020-ci tədris ilində respublika fənn olimpiadasında  özüm "Birincilərin birincisi” oldum, bacım isə aşağı yaş qrupunda informatika fənni üzrə qızıl medal qazandı. Bu, mən və ailəmiz üçün ikiqat sevinc idi.

Bu çətin şəraitdə olimpiadanın final mərhələsinin çox yüksək səviyyədə təşkili üçün Təhsil Nazirliyinə təşəkkür edirəm. Hazırda sentyabrda online şəkildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşıram, gələcəkdə təhsilimi kompüter elmləri sahəsində davam etdirməyi planlaşdırıram.

"Təhsil naziri ilə görüşümüz olduqca xoş keçdi”

Murad Ağazadə, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü  liseyin XI sinif şagirdi:

- 2002-ci il 28 yanvar tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2009-cu ildə 220 nömrəli tam orta məktəbin I sinfinə gedib.  VIII sinifdən etibarən Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alır. VII sinifdən riyaziyyat üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Respublika fənn olimpiadalarında 4 qızıl medal qazanıb. 13 beynəlxalq yarışda iştirak edib, 5 gümüş, 6 bürünc medala layiq görülüb. Beynəlxalq Meqapolislər Olimpiadasının (2017) bürünc, (2018 və 2019) gümüş,  Beynəlxalq Jautikov Olimpiadasının (2019 və 2020) gümüş, Balkan Riyaziyyat Olimpiadasının (2017, 2018) bürünc, (2019) gümüş, Qafqaz Riyaziyyat Olimpiadasının (2019)  bürünc, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasının (2017) bürünc, Beynəlxalq Riyaziyyat Olimpiadasının (2019) bürünc medalçısıdır.

- Builki Respublika fənn olimpiadaları iştirak etdiyim 5-ci yerli olimpiada idi, əvvəl qatıldığım 4 olimpiadadan qızıl medal almışdım, odur ki, hədəfim bu dəfə də qızıl almaq idi. Hədəfimə çatıb qızıl medala layiq görüldüm və  "Birincilərin birincisi” nominasiyasını da qazandım.  Əsas məqsədim sentyabr ayında online şəkildə keçirilməsi planlanan Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanmaqdır. Bu, artıq son beynəlxalq olimpiadam olacaq, odur ki, bacardığımın ən yaxşısını etməliyəm. "Birincilərin birincisi” olmağımız münasibətilə Təhsil naziri Ceyhun Bayramovla görüşümüz də olduqca xoş keçdi.

"Üzərimdə əməyi olan hər kəsə  minnətdarlığımı bildirirəm”

Uğur  İlyaslı, Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi:

- 14 iyun 2004-cü ildə ziyalı ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Xüsusi istedadına görə valideynləri onu  həmin il Sumqayıt şəhər Fikrət Əmirov adına musiqi məktəbinə də qoyublar.  2017-ci  ildə musiqi məktəbini fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirib. 2013-cü ildə Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinə yazılıb. 2019-cu ildə 2 nömrəli tam orta məktəbin ümumi orta təhsil səviyyəsini əla qiymətlərlə bitirib və  "Xüsusi nümunəli şəhadətnamə” ilə təltif edilib. 2017-ci ildə biologiya üzrə respublika fənn olimpiadasının iştirakçısı olub.  2015-2016-cı illər ərzində yeniyetmələrin şahmat olimpiadalarında  I, II, III yerləri, Vüqar Həşimov adına  Memorial beynalxalq şahmat turnirində,  37-ci Azərbaycan çempionatında (şahmat həlletməsi) 12 yaşlılar arasında I yeri tutub.  2016-cı ildə Gürcüstanda 12 yaşlı oğlanlar arasında dünya çempionu olub.  2018-ci ilin iyul ayında FIDE tərəfindən CM (Candidate Master) tituluna layiq görülüb.  2018-ci ildə XVII Beynalxalq uşaq şahmat turnirində (A qrupu) I yeri tutub.

2018-ci ilin iyulunda  Fransanın Strasburq şəhərində keçirilən şahmat üzrə beynəlxalq Open turnirində I və II yerləri bölüşdürüb. 2019-cu ildə Türkiyədə məktəblilərin şahmat üzrə Dünya çempionatının 15 yaşlı oğlanlar arasında mükafatçısı olub. 2019-cu ilin avqustunda Dubayda keçirilən "II HOC_Al Sayyah intetnational blitz championship”  turnirində "2000-2200 rating” kateqoriyasında I, 2019-cu  ilin mayında şahmat üzrə Azərbaycan birinciliyində 16 yaşadək oğlanlar arasında III yeri tutub. 2018-2019-cu illərdə tarix fənni üzrə Respublika fənn olimpiadalarında 2 dəfə gümüş medala layiq görülüb.

-  Bu il yuxarı yaş qrupunda X sinif şagirdi olmağıma baxmayaraq RFO tarix fənni üzrə "Birincilərin birincisi”  oldum. Mənim bu uğurumda tarix müəllimim anam Hənifə Hüseynovanın əməyi, əziyyəti  çox olub. Ümumiyyətlə,  mən bu nailiyyətlərimə görə üzərimdə əməyi və zəhməti olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Gələcək hədəflərimə gəlincə məktəbi qızıl medalla bitirmək, gələn il RFO-da yenidən iştirak etmək, ali məktəbə qəbul olmaq, koronavirus bitdikdən sonra şahmat yarışlarında iştirak etməkdir.

"Hədəfim təhsilimi Türkiyədə tibb sahəsində davam etdirməkdir”

Əjdər Fərzullazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi:

- 2003-cü ildə Lənkəran rayonunda anadan olub.  5 yaşında ailəsi ilə birlikdə Bakıya köçüb və IX sinfə qədər Bakıdakı 177 nömrəli tam orta məktəbdə təhsil alıb. Təhsil illərində özünü idmanın müxtəlif sahələrində -üzgüçülük, futbol, şahmat, taekvondoda sınayıb. Şahmat üzrə birinci dərəcə və müxtəlif yarışların diplomları, taekvondo üzrə qara kəmər və respublika 2-cisi kimi uğurları var. 2018-2019-cu tədris ilindən Beynəlxalq Elm Olimpiadasının hazırlıq prosesinə cəlb olunub.

-  IX sinifdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olandan sonra özümdə təbiət elmlərinə qarşı böyük maraq olduğunu və bu marağın da istedadla dəstəkləndiyini, bu sahədə böyük uğurlar qazanacağımı anladım və məktəb səviyyəsindən əlavə olaraq olimpiada hazırlıqlarına başladım. 3 dəfə respublika və 2 dəfə  Beynəlxalq fənn olimpiadasında  iştirak etmişəm. Respublika fənn olimpiadalarında 1 gümüş, 2 qızıl medalla yanaşı, böyük nüfuza malik olan 2 Beynəlxalq olimpiadada bürünc medal qazanmışam. Respublika fənn olimpiadalarının son illərdə beynəlxalq olimpiadaların səviyyəsinə yaxınlaşdığını, sual formatlarının hər il daha da mütərəqqi olmasını  vurğulamaq istəyirəm. Gələcək illərdə də bu inkişafın daha da artacağından şübhəm yoxdur.

Məktəbi bitirdim və hədəfim təhsilimi Türkiyədə tibb sahəsində davam etdirməkdir. Həkim olaraq insanlara kömək etmək, müalicəsi olmayan və ya çox çətin olan xəstəliklərin çarəsini tapmaq, bu elmin Azərbaycanda və dünyada inkişafına töhfələr vermək hədəflərim arasındadır.

"Təhsilimi Azərbaycanda başlayıb xaricdə bitirməyi düşünürəm”

Ziya Rəsulzadə,  Oğuz rayonu  Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi:

- 9 aprel 2003-cü il tarixində Oğuz rayon Xaçmaz kəndində anadan olub. M.F.Axundov adına 1nömrəli  tam orta məktəbin builki məzunudur. 

- Respublika fənn olimpiadalarında 8-ci sinifdən iştirak etməyə başlamışam və IX  sinifdə bürünc, 10-cu sinifdə gümüş medallara layiq görülmüşəm. Bu il isə qızıl medal qazanaraq "Birincilərin birincisi” nominasiyasının qalibi olmuşam. Coğrafiyada olan uğurlarıma görə əvvəllər müəllimim olmuş Dürdanə Kərimovaya və ən əsası hazırda müəllimim olan Samir Cəbrayılova borcluyam.  Oğuzun və Xaçmaz kəndinin adını yüksəkliklərə qaldırmaq bir qürurdur. Gələcək təhsilimə isə öncə Azərbaycanda başlayıb daha sonra  xaricdə bitirməyi planlayıram. Ali məktəbdə iqtisadiyyat üzrə təhsil almaq niyyətindəyəm.

"Gələcəkdə IT üzrə təhsil almağı planlaşdırıram”
Məhəmməd Yusifov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif sagirdi:

- 2018-ci ildə Botsvanada yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO) və  2020-ci ilin yanvarında Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jautikov Olimpiadasında fizika fənnindən bürünc medallar qazanıb.

- Respublika fənn olimpiadalarına fizika üzrə VIII sinifdən qatılıram. İlk dəfə bürünc və sonrakı  illərdə 3 qızıl medala layiq görülmüşəm. Gələcək illərdə  xaricdə  IT və ya fizika üzrə təhsil almağı planlaşdırıram. Hazırda Koreya universitetlərindən birindən qəbul almışam.

 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Beş məktəbli  Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb

Beş məktəbli Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan məktəblilərindən növbəti uğur

Azərbaycan məktəblilərindən növbəti uğur

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Məktəblimiz dünyanın ən nüfuzlu ali məktəbinə qəbul alıb

Məktəblimiz dünyanın ən nüfuzlu ali məktəbinə qəbul alıb

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Qızıl medaldan Nobelə gedən yol - Respublikanın kimya birincisi danışır

Qızıl medaldan Nobelə gedən yol - Respublikanın kimya birincisi danışır

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olundu

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olundu

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

21 Bakı məktəblisi olimpiada qalibidir

21 Bakı məktəblisi olimpiada qalibidir

Məktəbli qızlarımız Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında

Məktəbli qızlarımız Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasının medalçıları

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasının medalçıları

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Məktəblilər beynəlxalq fənn olimpiadalarında 23 medal qazanıblar

Məktəblilər beynəlxalq fənn olimpiadalarında 23 medal qazanıblar