"Azərbaycanda təhsil sahəsi bütün dünyada olduğu kimi ən ağrılı dəyişikliklərlə gedən, ən böyük müqavimətlərlə üzləşən islahatlarla zəngindir”.
Bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, təhsil idarəedicilərinin ən böyük problemlərindən bunu ictimaiyyətlə düzgün kommunikasiya aparıb izah etməkdir: "Təhsil islahatı, xüsusilə də fundamental islahatlar kifayət qədər ağrılı prosesdir. Bu prosesi bir yerdə başa düşüb, addımbaaadım düzəltməliyik. Ölkədə təhsilin məzmunu ilə bağlı ən böyük problemlərimizdən biri budur ki, Azərbaycanın tədris planları 70-ci, bəlkə də ondan əvvəlki illərə aiddir. Azərbaycan tədris planlarında dəyişiklik yalnız texnikidir, məsələn, bir fənni bir saat azaldıb, bir saat artırmışıq və yalnız bir yeni fənn əlavə etmişik – informatika fənnini. Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur ki, dəyişmir. Yəni, faktiki olaraq, mən, övladım və valideynlərim eyni tədris planları ilə təhsil almalıyıq. Bu, ümumilikdə yaxşı xəbər deyil”.
Nazirin təhsil sistemimizin kifayət qədər ciddi həll olunası problemlərinin, xüsusilə də tədris planları və məzmununun əsaslı şəkildə dəyişikliklərə ehtiyacı olduğunu ayrıca vurğulamasına dərhal yerlərdən dəstək gəldi. "Tərəqqi" texniki-humanitar liseyin direktoru Nasim Abışovun dünya təhsil sistemində "yaddaş məktəbi”ndən "təfəkkür məktəbi”nə keçidin formalışması ilə əlaqədar həm tədris planları, həm də təhsilin məzmununda köklü dəyişiklilər edilməsi ilə bağlı öz fikirlərini bildirməsi və konkret təkliflərlə Facebook hesabınd bölüşməsi təqdirəlayiq hal olub, digər həmkarları üçün də bir örnəkdir. Dərsliklərimiz faktoloji materiallarla yüklənməsi, tədris planında ayrı-ayrı fənnlərə ayrılan saatların miqdarı, İKT dövrü olduğunu nəzərə alaraq " Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilməsi, bir sıra fənlərin tədricən STEAM- la əvəz olunması və digər təkliflər 500-ə yaxın bəyənmə, 400-ə yaxın rəy, 100- yaxın paylaşma ilə sonunclandı, baxmayaraq ki, müzakirələr hələ də davam edir.
Əgər 100 paylaşımın da hərəsinə 10 təklif əlavə olunarsa, bu yerlərdən alınan 1000 təklif deməkdir. Təklifin kimlər tərəfindən verilməsi, bəyənilib-bəyənilməməsi, nəzərə alınıb-alınmaması, qəbul olunub-olunmaması önəmli deyil. Önəmli olan problemə diqqətin çəkilməsidir, geniş ictimaiyyətin təhsilimizin problemlərinə biganə qalmamasıdır. Biz uzun illər bir mühüm məqamı nəzərə almamışıq ki, təhsilimizin problemlərini dilə gətirmək, təhsil sahəsində görülən işlərə kölgə salmaq demək deyil, təhsilimizi daha təkmil, daha inkişaf etmiş görmək arzusundan gələn bir istəkdir.
Və yaxud Milli Məclisin deputatı Etibar Əliyevin "Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir” açıqlamasına "Hədəf” liseyinin direktoru Şəmil Sadiqin operativ reaksiyası və nəticədə özünün feysbuk hesabında geniş müzakirələrə səbəb olması qaldırılan məsələ ilə bağlı ümumi ictimai rəyin öyrənilməsində əhəmiyyətli rol oynayacaqdır. Əgər bu kimi geniş müzakirələr deyək ki, 10 il bundan əvvələ təsadüf etsəydi, biz Təhsil haqqında Qanunda bu qədər dəyişiklik etmək zərurəti qarşısında qalmazdıq. Bu kimi nümunələrin sayını kifayət qədər artırmaq olar...
Maraqlı cəhət ondadır ki, son vaxtlara qədər təhsilimizin mövcud problemlərini, bu sahədə olan boşluqları, çatışmazlıqları adətən, jurnalistlər, valideynlər, hətta şagirdlər üzə çıxarıb, qabardıblar. Halbuki, bu problemlərə daha yaxın olan, məktəb rəhbərləri, müəllimlər məlum olan və olmayan səbəblərdən nədənsə çəkinib susqunluq göstərməklə öz işlərini bitmiş hesab ediblər. Görünür, cənab Nazirin dövlət siyasətimizin tərkib hissələrindən olan təhsildə aşkarlıq və şəffalıq prinsiplərini rəhbər tutaraq mütamadi açıqıamaları bu istiqamətdə stimullaşdırıcı rol oynayıb.
Yeri gəlmişkən onu da qeyd etməyə bilmərəm ki, ən ümdə məsələmiz olan distant təhsillə bağlı UNEC rektoru Ədalət Muradovun, ADAU-nun rektoru İbrahim Cəfərovun, ADPU-nun rektoru Cəfər Cəfərovun, AzTU-nun rektoru Vilayət Vəliyevin və digər ali təhsil müəsisələri rəhbərlərinin və təhsil mütəxəssislərinin KİV və sosial mediada əhatəli yazıları, paylaşımları, konkret təklifləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəb rəhbərləri ilə sistematik olaraq maarifləndirmə xarakterli video-konfransları son dərəcə təqdirəlayiq olub, təhsilimizin inkişafına və tərəqqisinə layiqli töhfədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan "Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin də təhsil müəssisəsi rəhbərlərinin aktivləşməsinə və baş verən proseslərə fəal qoşulmasında xüsusi rolunu qeyd etməmək ədalətsizlik olardı. Arzu və ümid edək ki, təhsilimizdə başlanan bu müsbət tendensiya bundan sonra da daha davamlı və dayanıqlı xarakter alsın.