Bu gün AzTV-də "ÇIXIŞA DOĞRU” verilişində psixoloqlarla bağlı müzakirə aparılırdı, təsadüfən mən də baxdım. Öncədən onu qeyd edim ki, bütün dünyada da psixoloqlar Televiziya kanallarında daim müzakirə subyektidirlər, çünki psixoloqlar dəbdə olan və daim diqqəti cəlb edən ixtisas xüsusiyyətlərinə malikdirlər. Amma Telekanallarımızdan fərqli olaraq onlar psixoloqlara birmənalı formada yox, ümumi, universal yanaşma sərgiləyirlər.
Məsələn, Telekanallarımız niyə düşünürlər ki, bu sahədə bütün problemlərin həlli psixoloqlardan asılıdır və bu sahəni yalnız və yalnız onların səviyyəli olması inkişaf etdirə bilər?
İlk növbədə, məktəb psixoloqlarından xahiş edirəm ki, Bakı şəhəri 125 saylı tam orta məktəbin psixoloqu İlhamə Həsənovaya minnətdarlıq etsinlər. Verilişə canlı qoşularaq məktəb psixoloqlarının əsas problemi olan əmək haqqı məsələsini xüsusi müqayisəli formada tamaşaçılara, lazımi dövlət qurumlarına çatdıra bildi: "mən (İlhamə Həsənova) Diaqnostik Qiymətləndirmədə 50 bal toplamışam maaşım qalxmayıb, amma 10 bal toplayan müəllimin əmək haqqısı qalxıb”.
Düşünürəm ki, televiziyalarımızda, Dövlət qurumlarımızda psixoloqların ciddi professional və maddi problemləri də müzakirə olunmalı və həll yolları axtarılımalıdır. Azərbaycan Respublikasının Psixoloji Yardım Haqqında Qanununda bu tipli problemlər qanuni çərçivədə öz həllini tapıb. Təhsildə Psixoloji Xidmətlə bağlı Dövlət sənədləri də tamlaşıb. Nazirlər Kabineti ümumtəhsil məktəblərimizdə Əsasnaməni əvəz edən "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nı” da təsdiqləyib.
Dövlət qurumlarının üzərinə düşən əsas vəzifə bu sahəni təkmilləşdirmək, inkişaf etdirmək və psixoloqların professional iş şəraitini və maddi problermlərini həll etməkdir. Artıq bəzi qurumlar bu sahədə müəyyən irəliləyişlərə nail olmuşlar. Məsələn, Müdafiə Nazirliyi hərbi psixoloqlarla bağlı problemləri uğurla həll edir, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində zabit rütbəsində çalışan psixoloqlar üçün də bütün iş və maddi şərait yaradılıb, magistrlərimin də işlədiyi "TƏBİB”də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reablitasiya mərkəzlərində də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də, Fövqəlada Hallar Nazirliyində də, Daxili İşlər Nazirliyində də və sairə Nazirlik və təşkilatlrda da psixoloqlar aktiv və qənaətbəxş formada işlərini davam etdirirlər. Çünki onlara ayrıseçkilik edilmir, onlar da digər işçilər kimi əlverişli və maddi iş şəraitinə malikdirlər.
Belə olana halda, niyə yalnız və yalnız Təhsil Nazirliyi Təhsildə Psixoloji Xidmətin təkmilləşməsi və inkişafı ilə bağlı çabalayır? Üstəlik, məktəb psixoloqlarının maddi və professional hüquqlarını da pozmaqda davam edir. Bu istiqamətdə mətbuatda, təhsil sistemi daxilində məmura yaraşmayan hiyləgər və iyrənc üsullardan belə istifadə edir.
Hansı Nazirlik normal işləyirsə, orada psixoloqlar da normal fəlaiyyət göstərir.
Göründüyü kimi, problem məktəb psixoloqlarında deyil, onlara nəzarət edənlərdə və idarə edənlərdədir. Halbuki, psixoloqların bir mütəxəssis kimi hazırlanmasının və professional fəaliyyətinin də bütün nəzarəti və məsuliyyəti Təhsil Nazirliyinin üzərindədir. Ali təhsil müəssisələrimizə də Təhsil Nazirliyi nəzarət etmirmi!? Belə olan halda, Təhsildə Psixoloji Xidmət və Yardımla bağlı Dövlət qanunlarını və qərarlarını belə layiqincə icra etməyən Təhsil Nazirliyi kimdən kimə şikayət edir?
Məktəb psixoloqları Təhsil sistemimizə uyğun və daha yüksək səviyyəyə malikdirlər. Diaqnostik Qiymətləndirmə imtahanında 5-10 bal toplamış müəllimlərdən, kompyuteri düzgün yandırıb-söndürə belə bilməyən informataika müəllimlərindən, tədris etdiyi xarici dili əlifba səviyyəsində normal bilməyən xarici dil müəllimlərindən, ümumiyyətlə, heç kimin tanımadığı və ştat kimi saxlanılaraq maaşı mənimsənilən təşkilatçı müavinlərdən, işə gəlməyərək sadəcə olaraq pensiya almaq üçün ştat saxlayan yüzlərlə müəllimlərdən nəhayət, ayın sonunda dərs saatı hesabına guya tədris olunan "maraq kursları”ndan gələn gəlirləri və digər qeyri-qanuni gəlirləri təhsil şöbələri ilə bölüşdürən, işləməyə-işləməyə üstəlik əmək haqqı da alan "alverçi” məktəb direktorlarından daha səviyyəli, daha professional və daha hümanistdirlər.
Təhsil Nazirliyi də digər Nazirlik və Təşkilatlar kimi Psixoloji Xidmət və Yardımla bağlı Dövlət Qanunlarını və Qərarlarını icra etməlidir, bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirilməsi aparılmış məktəb psixoloqlarının əməyinin stimullşadırılaraq artırılmasına nail olaraq onlara əlverişli iş şəraiti yaratmalıdır. Çünki əməkhaqqının artmaması təkcə maddi problem deyil, bu həm də məktəb psixoloqlarının professional fəaliyyət statusuna zərbə vuran, onların perspektivli motivasiyalı fəaliyyətinin və mənəvi stimulunun qarşısını alan bir problemdir.