AzTehsil.com


Xəbərlər / Psixoloq
09 may 2020
2 431


Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun



Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

 

 Nəhayət ki, Nazirlər Kabineti bu il aprelin 30-da 157 saylı qərarı ilə "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları”nı təsdiqləyib. Qərarda təhsil psixoloqlarının ilkin professional fəaliyyəti üçün lazım olan əsas istiqamətləndirici qaydalar əksini tapıb.

Qaydalarla tanışlıq psixoloji xidmətin və psixoloqun təhsil müəssisələrindəki əhəmiyyətli, müasir və universal fəaliyyətini bir daha təsdiqləyir. Bu baxımdan qərarda psixoloqun geniş fəaliyyət xüsusiyyətləri, hüquq və vəzifələri əksini tapıb. Bu vəzifə xüsusiyyətləri şagirdləri, pedaqoji heyəti, valideynləri, birgə komissiyaları (xüsusilə də psixoloji-tibbi-pedaqoji komissiyanı) və ictimai təşkilatları özündə birləşdirən geniş məktəbdaxili və məktəbxarici fəaliyyəti əhatə edir.

Bu da təbiidir, dünyanın inkişaf etmiş bütün təhsil sistemləri işlək halda olan perspektivli psixoloji xidmətə malikdir. Yəni inkişaf etmiş hər hansı bir təhsil sistemi inkişaf etmiş psixoloji xidmət dövrünü də keçib. Çox təəssüfləndirici haldır ki, son illər şagirdlərimizn psixoloji sağlamlığına və təhsildə onların akademik nailiyyətlərinin artırılmasına xidmət edən bu vacib sahə kölgədə qalmış, bu da ictimaiyyətin, məktəb psixoloqlarının haqlı narazılıqlarına səbəb olmuşdu.

Qərarda diqqəti cəlb edən ilk müsbət amil psixoloqların professional və əlverişli fəaliyyəti üçün lazım olan psixoloji xidmət kabinetinin yaradılması qaydasıdır. Qərarda açıq şəkildə yazılıb: "5.2. Psixoloqun işinin təşkili məqsədilə təhsil müəssisəsində təhsilalanlarla, təhsilverənlərlə, valideynlərlə və ya digər qanuni nümayəndələrlə görüşlər keçirmək, konsultasiya və korreksiyaedici tədbirlər aparmaq üçün avadanlıq və didaktik materiallarla təchiz edilmiş psixoloji xidmət kabineti yaradılır”. Şübhəsiz, bu qaydada "psixodiaqnostik fəaliyyət üçün” söz birləşməsi mexaniki olaraq yaddan çıxıb.

Sonrakı bənddə (5.3.) isə təhsil müəssisəsinin rəhbərinə tapşırılır ki, psixoloq fəaliyyətinin və psixoloji xidmət kabinetinin maddi-texniki təchizatını təmin etsin. Maddi-texniki təchizat ilk növbədə kargüzarlıq materiallarını, kompüter, audio və video sistemlərini əhatə edir. Əsasən Bakı şəhərində yerləşən təhsil müəssisələrində bəzi psixoloqların psixologiya kabinetləri var. Amma əksər məktəblərdə, xüsusilə də rayon və kənd məktəblərində işləyən psixoloqların bu cür şəraiti yoxdur. Psixoloji xidmət kabineti psixoloq fəaliyyətinin əsasını təşkil edir, kabinetsiz professional fəaliyyət göstərmək çox çətindir. 

Qərarda diqqəti cəlb edən növbəti müsbət amil təhsil müəssisəsində psixoloqun fəaliyyətinin rəsmi sistem çərçivəsinə salınmasıdır. İndiyə qədər psixoloqlar pərakəndə və xüsusi hesabat dövrləri olmadan işləyirdilər. Artıq qərarın 5-ci (Təhsil müəssisələrində psixoloji xidmətin təşkili) və 6-cı (Psixoloqun hüquq və vəzifələri) bənlərində psixoloqun təhsil müəssisəsi daxilindəki planlı işinə və vəzifə xüsusiyyətlərinə aydınlıq gətirilib, hətta onların iş hesabatı verməli olduqları tarix də göstərilib.

Ümumilikdə qərar təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydalarını tam əhatə edib. İndiki halda bu qərarda irəli sürülənləri həyata keçirməklə təhsildə psixoloji xidmətin ilkin inkişafına nail olmaq mümkündür. Nəzərə alsaq ki, artıq məktəblərimizdə işləyən psixoloqların səviyyəsi də qənaətbəxş və perspektivlidir. Diaqnostik qiymətləndirmə də bunu subut etdi, məktəb psixoloqları bu imtahanda qənaətbəxş nəticələr göstəriblər, təhsil rəsmiləri də bu informasiyanı təsdiqləyiblər.

Amma məktəb psixoloqlarının fəaliyyətini və psixoloji xidmətin inkişafını əsaslandıran əməkhaqqı problemi həll olunmamış qalır: diaqnostik qiymətləndirmədən keçmiş bütün təhsil işçilərinin əmək haqları artırılsa da, diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqlarının maaşı artırılmayıb. Geniş fəaliyyət xüsusiyyətlərinə mailk olan psixoloq yardımçı pedaqoji heyətə və texniki işçilərə yaxın maaş ala bilməz. Digər tərəfdən bu, bir təhsil işçisi kimi diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqunun professional və maddi hüquqlarının kobud şəkildə pozulması deməkdir. Artıq diaqnostik qiymətləndirmədən keçmiş psixoloqlar üçün əməkhaqqının artmaması təkcə maddi problem deyil, bu həm də onların professional fəaliyyət statusuna zərbə vuran, onların perspektivli fəaliyyətinin, mənəvi stimulunun qarşısını alan bir problemdir.

Xatırladım ki, təhsildə psixoloji xidməti və psixoloqun professional fəaliyyətini əsaslandıran böyük qanunverici baza var. Təhsil qanununa psixoloji xidmətlə bağlı edilmiş dəyişiklikdən əlavə psixoloq fəaliyyətinin arxasında "Psixoloji yardım haqqında” qanun durur. Bu qanuna görə, təhsilin bütün səviyyələrində təhsilalanlar (şagirdlər və tələbələr) ödənişsiz psixoloji yardım almaq hüququna malikdirlər. Bu psixoloji yardım isə təhsil müəssisələrinin psixoloqları tərəfindən həyata keçirilir. Deməli, təhsil (məktəb) psixoloqu ciddi dövlət qanunları ilə – "Təhsil haqqında” və "Psixoloji yardım haqqında” qanunlarla dəstəklənən iki əsas vəzifəni həyata keçirir: təhsilalanların təhsilə əlçatanlığında, təhsilin səmərəliliyində olan problemləri həll edərək onların akademik nailiyyətlərinin artırılmasına kömək edir, digər tərəfdən də psixoloji yardım göstərərək onların psixoloji və əqli sağlamlığını təmin edir. novator.az 

Şükran Dədəyev
Bakı Dövlət Universitetinin müəllimi,
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı



Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın - TƏKLİF

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Məktəblərdə psixoloji müayinələr aparılacaq - YENİ QAYDA

Məktəblərdə psixoloji müayinələr aparılacaq - YENİ QAYDA