"Kəndli babayam, mənim də gücüm, imkanım torpaq şumlamağa çatır. Vətənimə, o qardaşlarımıza olan borcumu belə ödəyə bildim. Onlar torpaqlarımızı düşməndən azad etdi, mən də onların torpaqlarının bərəkətli olmasına çalışdım.”
Bunu Lent.az-a Tacəddin danışır. Cəlilabad rayonunun Günəşli kənd sakini Hüseynov Tacəddin. Kənd təsərrüfatı işləri ilə məşğul olur. Traktoru, dörd korpuslu kotan, toxumsəpən, ot bağlayan və daşıyan qurğuları var.
Həmin kənddən 44 günlük Vətən müharibəsinə qatılan bir çox zabit və əsgərin ailələsinə məxsus pay torpaqlarına payız şumu vurub. Günəşli və qonşu kəndlə birgə təxminən 15 ailənin. Heç kimdən də zəhmət haqqı almayıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda səfərbərliklə və könüllü savaşa gedənlərə necə yardım edəcəyi haqda düşünüb. Zaman o zaman idi ki bir müddət sonra torpaqlara payız şumu vurulmalıydı. Bu zaman ön cəbhədə canı bahasına vətənə xidmət edənlərin ailəsinə yardım etməyi düşünür.
- 15 ailə ilə görüşdüm. Aralarında müharibədə zabit, əsgər olanı da var idi. Bilirsiniz, kənd yerində çöl təsərrüfatı işləri ilə evin kişisi məşğul olur. Qadınlar isə daha çox həyət-bacadakı əkinlə. Müharibədə iştirak edən hər kəs mənim qardaşımdı. Onların sayəsində bu gün biz qalibik, sevinirik. İstədim ki, kənddəki işlərdən narahat qalmasınlar. Burada onlara kömək etməyi özümə borc bildim. Qərara gəldim ki, özüm kəndimizdə və eləcə də ətraf kəndlərdə müharibədə iştirak edən hər kəsin torpağına payız şumu vurum. Evlərinə getdim, torpaqlarının harada yerləşdiyini soruşdum.
Tacəddin deyir ki, ailələr ilk olaraq məbləğlə maraqlanıblar. Təmənnasız, heç nəyə ehtiyac olmadığını deyəndə həm təəccübləniblər, həm də seviniblər.
- Kəndli babayam. Mənim də gücüm, imkanım buna çatır. Vətənimə, o qardaşlarımıza olan borcumu belə ödəyə bildim. Onlar torpaqlarımızı düşməndən, azad etdi, mən də onların torpaqlarının bərəkətli olmasına çalışdım. Qürur duyuram ki, onlar üçün nəsə edə bildim. Bu gün xalqımızın qalib olması, sevinməsində onların əməyi danılmazdı. Canları, qanları bahasına 30 illik məğlubiyyət damğasını üzərimizdən götürdülər.
Qonşu kənddən də 2-3 ailə var idi. Onların da torpaqlarını şumlayıb, dənlərini əkmişəm. Ailə başçılar müharibədən qayıdanda çox israr etdilər zəhmət haqqını götürüm. Uzun israr və xahişdən sonra yalnız işlətdiyim yanacağın pulunun az hissəsini götürdüm ki, inciməsinlər məndən. Əlavə haqq almadım. Özlərinə də dedim, siz torpaqlarımızı qoruyurdunuz, bir damla qanınızın-tərinizin haqqını bir ömür verə bilmərik. Şum nədir ki...
Qəhrəmanımız kotanı öz büdcəsi ilə, digər texnika və toxumsəpəni isə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə əldə etdiyini söyləyir.
- Vaxtında ödəniş etdiyim üçün adım "yaşıl işıq”dadı. Toxumsəpənin ödənişini bu il bağladım. Amma traktoru 10 illik götürmüşəm. 3 aydan bir 290 manat, il ərzində 1160 manat ödəyirəm. 2024-cü ildə ödənişim bitir.
Bir də kənd yerində torpağı sakinlər necə verildiyini, neçədən şumlandığı ilə maraqlandıqda, Tacəddin dedi ki, adambaşına 40 sot verilir. 3 hektar, hektar yarım torpağı olan da var. 1 hektarı 35 manatdan şumlayırlar. Taxıl səpənlə hektarı 20 manata səpirlər.
Uzun təkid və isrardan sonra nəhayət ki, təxmini də olsa neçə hektar torpağı şumladığını, taxıl səpdiyini və ümumi məbləğin nə qədər etdiyini bizə dedi. Bu zaman o bir daha dönə-dönə vurğuladı ki, burada onu heç kim yanlış anlamasın. Siz də Tacəddini qınamayın. O bizim xahişimizlə qiyməti və ərazinin təxmini ölçüsünü deyir:
- Şum və əkmək haqqı ilə birgə götürsək, təxminən 1300-1500 manat edir. Mən onlara kömək məqsədi ilə boynuma düşən işi eləmişəm. Mənim borcuma düşən, əlimdən gələn budur. Pulla iş görmədiyim üçün heç yerin neçə hektar olduğunu da soruşmamışam.Təxmini deyə bilərəm ki, 25-30 hektar olardı.”
O, şuma başlayanda işlədiyi kəndlərin bir şəhid, iki qazisi olub. Müharibə bitəndə isə 15 ailədən 2 şəhid, 4 qazi olduğunu deyir, Tacəddin. Vətən müharibəsi iştirakçıları kəndə, evlərinə qayıdanda isə hamısı ilə gedib görüşüb, şəhid qardaşlarının dəfnində iştirak edib.
Qazi qardaşları da onu arxa cəbhənin qəhrəmanı adlandırsalar da, Tacəddin deyir ki, onların elədiklərinin yanında mən heç nə etməmişəm. Onlar həyatlarını güllənin, mərminin altında bizlər üçün qurban veriblər. Ailələrini, övladlarını unutmadığım üçün mənə dəfələrlə təşəkkür etdilər. "Mənim üçün ən böyük mükafat o oğulların "sağ ol” demələridi. Hamısı ilə fəxr edirəm”.