Bu gün Azərbaycan ən şanlı, ən şərəfli, qürurverici günlərini yaşayır. Azərbaycan həm cəbhədə, həm də diplomatik arenada öz qələbəsini təmin etdi. 1805-ci ildə Kürəkçay müqaviləsi imzalanandan bu günə kimi Azərbaycan müəyyən dövrlərdə öz tarixi torpaqlarını itirmək təhlükəsi yaşamışdır.
27 sentyabrdan başlayan 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurub yaratdığı silahlı qüvvələrini, ordusunu darmadağın etdi, 27 ildir işğal altında saxlanılan tarixi,əzəli torpaqlarını- Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Şuşa şəhərini, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, "Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Bu şanlı qələbədə dövlət-xalq birliyinin rolunu danmaq olmaz. Hər kəs. hər bir Azərbaycan vətəndaşı yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq ölkə başçısının,ordumuzun ətrafında sıx birləşdi. Bu günlərdə hər bir kəs öz xidmət etdiyi sahədə müsəlləh əsgər oldu.Çünki hər kəsin içində bu inam var idi: Biz haqlıyıq, biz qələbə çalmalıyıq!
Şanlı ordumuzun, əsgərlərimizin qanı, canı bahasına, Ali Baş Komandanımızın qətiyyəti, yüksək əzmi və iradəsi, xalqımızın birliyi naminə bu gün Azərbaycan işğal olunmuş torpaqlarını həm müharibə, həm də danışıqlar yolu ilə geri qaytarmaqla yeni tarix yazır. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsidir.
Bu gün bir çox dünya ölkələrində baş verən münaqişələrə nəzər saldıqda bir çoxunun hələ də öz həllini tapmadığının, və ya hələ də davam etdiyinin şahidi oluruq. MDB məkanındakı münaqişələrin bir çoxunun həlli perspektivləri hələ də görünmür. Müharibə dövründə dünyanın ərəbcə yayımlanan kanallarında bir çox tanınmış ekspertlərlə dəfələrlə müzakirələrdə iştirak etdim. Onların arasında erməni ekspertləri də var idi. Razılaşma ilə bağlı həm xarici , həm yerli ekspertlərin şərhi ilə tanış oldum. Qətiyyətlə söyləmək olar ki, Azərbaycan öz şanlı qələbəsini qazanıb. Bu tarixi nəaliyyətdir, haqqın, haqlı olanın qələbəsidir.
Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu. Sazişdən bir neçə dəqiqə sonra bütün Ermənistanı nümayişlər bürüdü, erməni xalqı Paşinyanı istefaya səslədi. Bu məğlubiyyət Ermənistan üçün gözlənilən idi. Hərbi və iqtisadi baxımdan ondan qat-qat güclü olan Azərbaycanın qarşısında uzun müddət davam gətirə bilməzdi.
Bu gün biz qələbəmizin sevincini yaşayırıq. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən iğid oğul və qızlarımızın,dünyadan Qarabağ nisgili ilə köçən vətəndaşlarımızın ruhu şaddır. O torpaqların hər qarışında şəhidlərimizin qanı var. Biz artıq başımız dik, alnımız açıq gəzə bilərik. Çünki gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik.
Hazırda razılaşma ilə bağlı müzakirələrin getdiyi bir dövrdə bu sənədin əhəmiyyəti ilə bağlı aşağıdakıları qeyd etmək istəyirəm:
1. Azərbaycan müharibə yolu ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Hadrut işğaldan azad etdi. Danışıqlar masasında isə Laçın, Ağdam və Kəlbəcəri geri alacaq. Bu isə yüzlərlə əsgərimizin sağ qalması deməkdir.
2. Qaçqın və məcburi köçkün vətəndaşlarımız uzun illərin həsrətindən sonra öz doğma dədə-baba yurdlarına qayıtmış olacaqlar.
3. Digər vacib məsələ Naxçıvana dəhlizin açılmasıdır. Naxçıvandan olan vətəndaşlarımız uzun illərdi evlərinə getmək üçün quru yolu ilə İrandan keçərək evlərinə gedə bilirdilər. İndi isə yeni imkan yaranır. Bu da böyük tarixi nailiyyətdir və əvvəlki dövrlərdə mümkünsüz görsənirdi. İndi isə artıq reallıqdır.
4. Bu dəhlizin yaradılması Azərbaycanla Türkiyənin əlaqələrinin, ümumilikdə bölgənin iqtisadiyyatına öz ciddi təsirini göstərəcək. Bölgədə yeni siyasi reallıqla yanaşı, iqtisadi reallıq da yaranacaq.İqtisadi əlaqələr daha da güclənəcək.
5. Bu razılaşma Orta Asiya Respublikaları, Azərbaycan və Türkiyənin əlaqələrinin inkişafına daha böyük töhfə verəcək.
6. Əvvəl Türkiyənin münaqişənin tənzimlənməsində Türkiyənin iştirakı birmənalı olaraq qəbul edilmirdi. Artıq Türkiyə prosesdə formatından asılı olmayaraq aktiv iştirak edəcək. Bu münaqişənin tənzimlənməsi ilə bağlı daha bir yenilikdir.