AzTehsil.com


Xəbərlər
17 fevral 2017
4 528


Təhsildən yazmaq olar, amma...



Təhsildən yazmaq olar, amma...

 

Təhsildən yazmaq, təhsil sistemini tənqid etmək bir növ dəbdədir. Bu sahəni bilən də, bilməyən də yazır. Amma nə yazır, necə yazır, bax bu bir qədər düşündürcüdür.
 
Təhsil  elə bir sahədir ki, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Heç vaxt gömrük sistemi, prokurorluq, yaxud digər qurumlarla əlaqəsi olmayan adamlar da təhsil sistemi ilə bilavasitə təmasda və əlaqədədir. Elə bir ailə yoxdur ki, onun bir və ya bir neçə üzvünün  məktəblə, təhsil sistemi ilə əlaqəsi olmasın. Ona görə də bu sistemə müxtəlif baxışlar da, müxtəlif yanaşmalar da olub və olacaqdır. Bəzən təhsildə inqilab edilməyib deyə bu sistemi quru yuyub yaş sərənlərə də, yeniliklərə sinə gərib meydan oxuyanlara da rast gəlinir. Lakin təhsili meyvə ağacına bənzətmək mümkün olsa da, ondan bir mövsümdə bar gözləmək məntiqə və ağıla sığan iş deyildir.
 
Adi bir misal çəkim. Məktəbəhazırlıq qrupunda oxuyan, hələ məktəb mühitinə yenicə alışan uşağın valideyni gileylənir ki, "uşaq 3 aydır məktəbə ayaq döyür, hələ də hərfləri yaza bilmir”. Bu giley də düşür təhsil sistemini, yüngül desək, bilməyən bir jurnalistin əlinə və götürüb yekə bir sicilləmə yazır ki, ay aman, gəlin, filan məktəbdə təhsil ölüb. Məktəbəqədər təhsil kurikulumunun mahiyyətini, mənasını anlamayan, təhsildə müasir texnologiyalardan xəbəri olmayan müxbir təhsil işçilərinə dərs keçir, müəllimlərin heysiyyatı ilə oynayacaq qədər ifrata varır. Təhsil ekspertləri, bu sahəyə məsul olan şəxslər də təzədən uzun-uzadı izahat vermək, məsələnin mahiyyətini açıqlamaq zorunda qalırlar. Hərdən fikirləşirəm ki, bəlkə bu, gündəmdə mövzu olmayanda iş görüntüsü, ya da nə isə başqa görüntü yaratmaq xatirinə edilir. Hər bir halda belə yanaşma qəbul edilən deyil!
 
Hər bir sahədə olduğu kimi, jurnalistikanın də qolları, istiqamətləri var. Məsələn, idman müxbiri kənd təsərrüfatından, kənd təsərrüfatı üzrə müxbir sənayedən yazmır. Amma hamı təhsildən yazır.  Nəticədə də yenə bilərəkdən, ya da bilməyərəkdən təhsilə zərbə dəyir, məktəb mühiti, müəllim aşağılanır.
 
Bəzi üzdəniraq "jurnalistlər” ( ildə, ayda bir dəfə çıxan qəzetlərin  vəsiqəsini cibinə qoyub, sözün əsl mənasında reketliklə məşğul olanlar) məktəbə xəzinə kimi, bank kimi baxır. Onlar elə düşünürlər ki, sanki məktəbdə pulkəsən maşın var.
 

Təhsildən yazmaq olar, amma...

 

Bir neçə gündür ki, biri də məni dəng eləyib. Gündə azı yüz yol zəng edib onların jurnallarından bir neçəsini satmağımı istəyir. Dəfələrlə izah etmişəm ki, məktəb qəzet, jurnal köşkü deyil ki, orada sizin heç nəyə yaramayan nəşrlərinizin satışını təşkil edək. Adam əl çəkmir. Sonda isə heç olmazsa birini mənim almağımı istəyir. ...Və hədələyir. Almayacağım təqdirdə məni "qəzetəsində” biabır edəcəyini bildirir.
 
Gülməyim tutur. Gör kim məni yazı ilə hədələyir? Jurnalistikada 40 il təcrübəsi və yüzlərlə elmi-publisistik məqaləsi olan məni doğru-dürüst təhsili olmayan "reket”? Bəlkə də soyadını, adını yazmağı bacarmayan bu "jurnalist” Azərbaycan jurnalistikasına ləkə deyilmi? Həsən bəy Zərdabidən üzü bu yana bu sahədə sözün həqiqi mənasında canını qoyan, millətin işıqlı sabahları uğrunda həyatından keçən insanların ruhu, bu gün əlində qələm milli məfkurəyə sədaqətlə xidmət edən qələm əhlinin mənəviyyatı  təhqir olunmurmu?
 
Nə isə... Əslində mən tamam başqa mövzu düşünürdüm, həmin zatın yenidən zəng etməsi yazının istiqamətinin  tamam dəyişməsinə səbəb oldu. Qayıdaq mətləbə.
 
Qələminə, təcrübəsinə bələd olduğumuz, hər bir yazısında ürək döyüntüsünü hiss elədiyimiz jurnalist dostlarım məni bağışlayar yəqin ki. Amma onlara da iradım var. Yuxarıda qey etmişdim ki, təhsil bir adamın, iki adamın işi deyil, bütövlükdə cəmiyyətin işidir.  Millətin mənəvi, etik və əxlaqi dəyərlərinin cəmləşdiyi, ötürüldüyü bir sistemdir. Ona görə də təhsildən yazanda ilk növbədə mövzu ətrafında kifayət qədər axtarışlar aparılmalı, ekspertlərlə məsləhət edilməlidir. Ekspert demişkən, hər adam da təhsil eksperti ola bilməz. Bu sahədə kifayət qədər təcrübəsi olan, dediyi sözün çəkisini bilən ekspertlər var. Şahlar Əsgərov, Nadir İsrafilov, Etibar Əliyev kimi təhsil  sahəsini mükəmməl bilən, hər bir fikri əksəriyyət tərəfindən qəbul edilənlərin fikri hara, məktəb mühitindən xəbəri olmayanların fikri hara?  Məsəl var, deyərlər çoxları atasının gözünü çıxardı ki, ona Koroğlu desinlər, amma "kor kişinin oğlu” dedilər. Bu mənada hər yetənə təhsil eksperti yox, təhsildən danışan diletant demək daha doğru olardı.
 
Yaxın vaxtların söhbətidir. Adı və əməli bir-biri ilə uyğun gəlməyən informasiya agentliklərindən birinin xanım "əməkdaşı” zəng edib dedi ki, bəs bilməzsən, Sizin haqqınızda çoox ciddi informasiya var. Mən:-İnformasiya varsa niyə vermirsiniz? Əgər bu informasiya çox ciddidirsə, hətta cinayət tərkibli əməl barədədirsə siz cinayəti bilib xəbə verməmək ittihamı ilə üzbəüz qalmırsınızmı?- deyə soruşdum. Xanım kəkələdi. Başladı nala-mıxa vurmağa. Nəhayət, çox çək -çevirdən sonra məlum oldu ki, sən demə mən printer satırammış. Gülməkdən özümü saxlaya bilmədim. Bu adamlar nə gündədirlər? Bunların məktəb həyatından, onun təsərrüfat fəaliyyətindən, inventarizasiya qaydalarından xəbərləri belə yoxdur. Odur ki, beləsinin təhsildən yazdığı yazının əhəmiyyəti və mənası ola bilərmi?
 
Təəssüf ki, son dövrlərdə təhsil  haqqında yazan ciddi qələm sahibləri də bəzən yanlışlığa yol verir, mənfi tendensiyanın təsiri altına düşdükləri hiss olunur, yazıda təhsil sistemində mövcud olmayan qurumların, təşkilatların  adı çəkilir. Nəticədə əslində təhsilə köməyi dəyəcək bir yazının bütün mahiyyəti dəyişir.  Yazını oxyan, təhsil sistemini incəliklərinə qədər bilən adamlarda gülüş, bilməyənlərdə təəccüb yaratmaq təhsilə, onun inkişafına nə xeyir gətirə bilər?
 
Son olaraq üzümü təhsildən yazmaqla məşhurlaşmaq istəyənlərə tuturam:
 
-Təhsildən danışmaq olar, çünki sözü işə tikmək olmur. Təhsildən yazmaq olar, amma mövzu hərtərəfli araşdırıldıqdan, təhlil edildikdən sonra. Çünki hər yazı bir tarixdir. Tarix səhvi bağışlamır.
 
Şəmsi Qoca
moderator.az



Загрузка...