80-cı illərin sonları idi. Bakı şəhərinin Nəsimi rayonuna, o vaxtlar Xalq Maarifi şöbəsi adlanan təhsil qurumuna müdir təyyin olunmuşdum. Həmin vəzifəyə təyinat alarkən, yuxarılar mənə rayon təhsilinə yeni nəfəs gətirə biləcək gənc kadr kimi baxır və qarşıma bir sıra həllini gözləyəcək vəzifələr qoymuşdular.
Rayonumuzun ərazisi şəhərin kənar mikrorayonlarından başlamış, mərkəzdə dəniz kənarına qədər bir sahəni əhatə edirdi. Rəhbərlik etdiyim 100-ə qədər təhsil müəssisəsi rəhbərlərinin 70-75 faizi rus, yəhudi və digər millətlərin nümayəndələri idi. Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi.
Bir gün, ölkədə kifayət qədər tanınan kino və teatr aktyorlarından olan, Respublikanın xalq artistlərindən biri yanıma gələrək, məktəblərimizdən birində müəllim işləyən həyat yoldaşına növbədənkənar minik avtomobili verilməsini xahiş etdi. Çixılmaz vəziyyətdə qalıb, Həmkarlar komitəsinin sədrini yanıma çağırdım. Onun da məsləhəti, o oldu ki, növbədə birnci və digər millətdən olan məktəb direktorunu yanıma çağırmalı və növbəsini xahişə gələn həmin şəxsə verməsini xahiş etməliyik. Elə də etdim. Yanıma dəvət etdiyim direktor məndən keçə bilmədi və növbəsindən imtina edi.
Üstündən bir ay keçər, keçməz həmin xalq artisti, yenidən yanıma gələrək, bu dəfə qaynının belə bir minik avtomobilinə zəruri ehtiyacı olduğunu bildirərkən, artıq bu xahişi rədd etmək məcburiyyəti qarşısında qaldım. Tanınmış aktyor, xalqın sevimli artisti nə etsə yaxşıdır… özünü hansı kanallasa bizim ənnənəvi avqust konfransına nümayəndə saldırdı və kürsüyə çıxaraq məni, milli mənsubiyyətimə xilaf çıxmaqda, məhz öz ana dilimizdə deyiı, rus dilində məruzə etməyimdə o ki var, ittiham etdi. Bununla sakitləşməyərək, hələ bir neçə qəzetdə də mənim əleyhimə yazılar dərc etdirdi. Bu adam ölənə qədər də bilmək istəmədi ki, o vaxt bütün rəsmi toplantılar rus dilində gedirdi və bu mənim arzu və istəyimdən aslı deyildi. Bununla belə, necə deyərlər, Allah ona qəni-qəni rəhmət eləsin.
Bir ara keçmişdi ki, Nazirliyin şöbə müdiri küçədə quraşdırılmış avtomat aparatından mənə zəng edərək, onu içəri buraxmadıqları üçün təcili məktəbə gəlməyimi bildirdi. Dərhal özümü "hadisə yerinə” çatdırdım. Uzun çək-çevirdən sonra, onu içəriyə buraxdırdım. Belə bir xəlvəti qənaətə gəlindi ki, o artıq idarə olunmur və təcili vəzifəsindən azad edilməlıdır. Nazir və I katiblə məsləhətləşmələr onunla sonunclandı ki, bütün sonrakı məsuliyyəti şəxsən mən daşımalı idim. Özümdə cəsarət tapıb, 10 illərlə Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etmiş, rus millətindən olan Kurdyumova soyadlı qadını təqaüdə göndərdim. Baş ağrısı isə ondan ibarət oldu ki, dəfələrlə "Qorkom”a çağrılaraq, müxtəlif səpkidə izahatlar verməli oldum. Bu dəfə cavanlığım və idarəetmədə təcrübəsizliyim nəzərə alınaraq, şifahi xəbədarlıqla yaxamı qurtarmış oldım.
Mənə qarşı əsən "şimal küləyi” elə bil, kəsmək bilmirdi. Bu dəfəki dalğa, sanki sunami ilə müqayisə olunacaq dərəcədə idi. Mərkəzi Komitənin II katibinin bizim mikrorayon məktəblərinin birində ənənənəvi partiya hesabat seçki yığıncağında nümayəndə qismində iştirakı nəzərdə tutulmuşdu. Hazırlıq işləri ilə əlaqədar bir həftəmizi məktəbdə keçirməli olduq. Özünü itirən məktəb direktoru onun üçün qabaqcadan rus dilində hazırlanmış mətni hecalıya-hecalıya oxuyaraq, tər içində çıxışını birtəhər başa vurdu. Məktəbin rus dilli partkomu isə bülbül kimi ötərək, hesabatı ilə II katibin rəğbətini qazanmış oldu.
Yəğıncaq başa çatan kimi həmin katib Nazirə üzünü tutaraq, direktorun dərhal vəzifədən azad olunması vərusdilli partkomun onun yerinə təyin olunması və bir həftə müddətində bu barədə Mərkəzi Komitəyə məlumat verilməsi barədə tapşırıq verdi. Hamı nəzərlərini mənə dikmişdi. Rus dilini zəif bildiyinə görə ləyaqətli bir işçini vəzifədən azad etməyi, adam öz vicdanına sığışdırmırdı. Bu yandan da, ciddi partiya tapşırığı. Belə qərara alındı ki, bülleten götürüb, ara sakitləşənə qədər bir müddət rayona gedim. Yəni, elə çıxsın ki, guya mənimlə heç bir əlaqə yarada bilmirlər. Elə də etdim. Üç həftənin tamamında mənə zəng edərək, həmin katibin vəzifədən azad olunması barədə gözaydınlığı verdilər. Bakıya, öz iş yerimə qayıtdım…