Artıq ölkəmizdə elan edilən xüsusi karantin rejiminin 36-cı günüdür. Modern.az saytı evdə qalan insanlar üçün psixoloq məsləhətini davam etdirir. Budəfəki müsahibimiz psixoloq Nuranə Cəfərovadır.
N.Cəfərova mayın 4-dək uzadılan xüsusi karantin rejimində və ondan sonrakı prosesdə insanların normal həyata adaptasiyasiyasını asanlaşdırmaq üçün məsləhətlərini bizimlə bölüşüb. O ilk olaraq, qeyd edib ki, koronavirus pandemiyası başlayandan biz "COVID-19” adlı qorxuya yönləndirildik:
"Əslində isə yönləndirildiyimiz qorxu məlumatımızın az olmasından, tanış olmayan bir situasiyaya düşməyimizdən qaynaqlanmışdı. Hazır olmadığımız bir məqama keçid yaşayırdıq. Ölüm həmişə var və bilirik ki, bununla üzləşə bilərik. İndi pandemiyanın yayılması bizi ölümdən qorxutmur. Biz ölümün necə, haradan, nə zaman gələcəyindən qorxduq. Koronavirusun necə yayılması, siyasi oyun, silah olması haqqında fərziyyələr ortaya atılır. Həmin düşüncələri götür-qoy etməkdən, müzakirəyə çıxarmaqdansa, içərisinə düşdüyümüz vəziyyətdən çıxış yoluna diqqət etsək yaxşıdır. Karantin rejimi elan oediləndə insanların bu qədər həyacanla, stress içərisində olmasına səbəb mövcud vəziyyətə adaptasiya olmamağımız idi. İndi isə artıq vəziyyətə adaptasiya olmuşuq. Evdə oturub, pandemiyanın bitəcəyi vaxtı düşünürük, nə edəcəyimizi planlayırıq.
Koronavirusdan öncə də təşviş, həyacan pozuntuları olan insanlar var idi. Karantin stresindən sonra onların bir dərəcəsinin üzərinə əlavə əlamətlər də gəldi, vəziyyətləri ağırlaşdı. Artıq instiktiv vərdişlər formalaşıb. Normal vaxtlarda onsuz da əllərimizi yuyuruq. Ancaq koronavirus dövründə və bundan sonra bəzi insanlar 5-10 dəfə əllərini yuyacaqlar”.
Uşaqların psixoloji durumuna gəlincə isə N.Cəfərova bildirib ki, bəzi valideynlər uşaqlarının yanında koronavirusla bağlı onlara mənfi təsir edəcək söhbətlər aparırlar:
"Məsələn, bəzən görürük ki, sosial şəbəkələrdə yazırlar, bu Allahın bəlasıdır, qiyamət günüdür və s. Bu cür ciddi məqama belə don geyindirmək insanların psixologiyasında bir az da mənfi təsir edir. Xüsusilə qeyd etdiyim kimi uşaqların, həssas insanların yanında belə söhbətlər etmək məqsədəuyğun deyil.
Hər bir insan həyatın balansını tutmağı bacarmalıdır. Bu gün Azərbaycanda 3-5 insan deyil, hər kəs eyni durumdadır. Bu halda biz özümüz evdə qalanda vaxtımızı maraqlı keçirmək üçün də, özümüzü koronavirusdan qorumaq üçün də yollar axtarmalıyıq. İnsanların ailələrinə yönəlmələri lazımdır. Ailədə hər kəsə sözü keçən, eşidilən bir fərdin pandemiya haqqında mütləq ətraflı məlumatlandırmasına ehtiyac var.
İnsan bir situasiyaya o zaman alışır ki, qəbullanır. Vəziyyəti qəbullandığı zaman isə artıq insan psixoloji gərginliyi bir kənara qoyub, durumdan çıxmağa yollar axtarır. Karantin rejiminin elan olunması ailəsini daxildən o qədər də yaxşı tanımayan insanlara, övladının iç dünyasından bixəbər valideynlərə və s. çox kömək oldu”.
Psixoloq onu da əlavə edib ki, karantindən sonrakı dövrdə bir az stress, gərginlik, narahatlıqlar mütləq olacaq:
"Çünki biz adi bir fəsil dəyişkənliyi yaşadıqda belə, gec adaptasiya oluruq. İndi isə həm koronavirus, həm də fəsil dəyişkənliyi yaşayırıq. Ona görə də uyğunlaşma çətinliyi olacaq. Amma biz hər vəziyyətdə qəbul edirik ki, yaşamağı öyrənməliyik. Karantin vaxtı evdə qalıb, üzə çıxardığımız bacarıqlarımız, dözümlülüyümüz əslində bizə bundan sonra da yardımçı olacaq. Gündəlik həyatını planlaşdıra bilməyən insanlar bəlkə də artıq hər şeyi planla etməyə çalışacaqlar.
Amma hesab edirəm ki, karantindən sonrakı dövrdə də nevropatoloq və psixiatrlara müraciətlər çox olacaq. Çünki biz azərbaycanlılar bir qədər dərmanı sevirik. Sakitləşdirici dərmanlar niyə tez təsir etmir deyə həkimlərə hücumlar da ola bilər. Amma ən çox müraciət psixoloqlara olmalıdır. Çünki karantin dövrü bizim psixoloji immun sistemimizə güclü təsir etdi. Ən çox zədələnən hissə psixoloji durumumuz oldu. Ona görə, gərginliyi karantindən sonra da azalda bilməyən insanlar bir neçə seansdan yararlansa yaxşıdır.
İnsanlarımız üçün karantinin çox yaxşı tərəfləri oldu. İnsanlar həyatlarının bu qədər dəyərli olduqlarının fərqində deyillərmiş. Bizim apardığımız sorğulardan bu nəticəyə gəlmək olar. Ona görə, gəlin hər anımızın, hər dəqiqəmizin, yaşadığımız hər günün dəyərini bilək. Çünki sabah nə yaşanılacaq bilinmir. Bu günümüzə görə, həyatımızı doğru dəyərləndirək”.