İki yaşında uşağım var və onu təkbaşına böyüdürəm. Hər hansı bir müəssisədə işə qəbul olunsam, mənimlə sınaq müddəti müəyyən edilməlidirmi?
-Xeyr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsində hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işə qəbul edilərkən sınaq müddətinin müəyyən edilmədiyi bildirilir. Həmin maddədə yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılmış şəxslərlə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddətinin müəyyən edilmədiyi əksini tapıb.
Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?
-Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır. Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında əmək məzuniyyətinə buraxılırlar. Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.
-Əmək müqaviləsi müddətsiz bağlana bilərmi?
- Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 il müddətə (müddətli) bağlanıla bilər. Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
Mən təxminən iki həftədən sonra işdən çıxacağım barədə işəgötürəni ərizə ilə xəbərdar etmişəm. Lakin bir həftədən sonra işdən çıxmaq barədə fikrimdəm daşındım. Mən həmin ərizəni geri götürə bilərəmmi?
-Ölkəmizin əmək qanunvericiliyində bildirilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
-Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədər olmalıdır?
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən edilməsinə yol verilmir.