Azərbaycanda repetitor fəaliyyəti nə qədər qanuni formada olmasa da, şagirdlərin və müəllimlərin çox böyük hissəsi bu sahədə qarşılıqlı anlaşıblar. Bu baxımdan repetitorluq fəaliyyətinin də qarşısını almaq olduqca çətin prosesdir. Məktəblərdə təhsilin səviyəsi valideynləri bu yolla uşaqlarını ali təhsil müəssələrinə hazırlaşdırmağa məcbur edir. Bu gün ali təhsil hazırlığından əlavə, birinci sinfə gedəcək uşaq da məktəbəqədər hazırlığa gedib, birinci sinif materialını tam qavramalıdır ki, normal məktəblərdə təhsil ala bilsin.
Bu zaman bir sual yaranır. Azyaşlı birinci sinfin proqramını məktəbəqədər hazırlıqda tam öyrənmiş olacaqsa, o zaman nədən orta məktəbin birinci sinfinə deyil, birbaşa ikinci sinfinə adlamır?!
Axı proqramı tam mənimsəmiş uşağa yenidən eyni şeyləri təkrarən öyrətməyə çalışmağımız onlara həm yorucu, həm də bezdirici gəlir. Azyaşlılar və məktəblilərlə işləyən psixo-pedaqoq Lalə Məhərrəmli mövzu barədə danışarkən bildirdi ki, uşaq kiçik yaşlarında özünə lazım oldu olmadı o qədər yüklənir ki, bu da sonda diqqət yayğınlığına, yorğunluğa və azyaşlının elmdən təhsildən bezməsinə gətirib çıxarır: "Çox təəssüf ki, bizdə əksər valideyn fikirləşir ki, uşağı bir fənni yaxşı bilirsə, zəif olduğu fəndən mütləq əlavə məşğələyə getməlidir. Uşaq bir dərsdən güclüdürsə, (bu riyaziyyat da ola bilər, rəsm, musiqi də ...) mütləq həmin sahədə dəstəklənməlidir. Əgər övladınız bir sahədə zəifdirsə, onun marağı və həvəsi ümumiyyətlə o sahə üzrə deyilsə, onu həmin sahə üzrə də məşğələyə qoyub onu bezdirərək, məcburən həmin sahəyə yönəltməməlisiniz. Bizdə hələ formalaşmayıb ki, uşağın gücü və meyli haradırsa, elə orda da dəstəklənsin. Riyaziyyatı yaxşı bilirsə, elə riyaziyyatdan da əlavə məşğələyə qoyulsun və tam dəstəklənsin. Biz sanki istəyirik ki, hər şeydən az bilən uşaqlar yetişdirək, nəinki, bir sahə üzrə gözəl ixtisaslaşmış uşaqlar. O ki, qaldı birinci sinfə gedən azyaşlının proqramı tam mənimsəyərək məktəbə getməsinə, təbii ki, bu da doğru yanaşma deyil. Sırf məktəbəqədər prosesdən danışırıqsa, bu gün uşaqların birinci sinfə getmədən qabaq çox yüklənməsinin səbəbi proqramın çətin olması və və siniflərə normadan artıq şagird yığılmasıdır. Valideyn fikirləşir ki, sinifdə uşaq çoxdur, proqram da çətindir. Müəllim mənim uşağıma yetəri qədər vaxt ayıra bilməyəcək və mənim övladım proqramdan geri qalacaq. Bu fikri də əsas tutaraq istər məktəbə getmədən öncə, istərsə də məktəbə getdiyi halda əlavə məşğələlərə ehtiyac duyur. Əlbəttə ki, bu doğru deyil, çünki məktəbdə onsuz da yorulan azyaşlı əlavə məşğələyə də gedərək tamamən yüklənir. Bütün bunlar öz növbəsində diqqət yayğınlığına, başağrılara, yaddaş zəifliyinə yol açan amillərdir. Uşağın artıq nə oynamağa, nə özünü oyunlarla ifadə etməsinə, nə də ki, ümumiyyətlə özünə zaman ayırmasına vaxtı qalmır və eyni şeyləri təkrar- təkrar eşitməsi və öyrənməsi onların artıq ürəyini bulandırır”, - deyə mütəxəssis bildirir.
"Repetitorsuz universitetə daxil olmağa qeyri-adi, fövqəladə hal kimi baxılır”
Psixoloq Zeynəb Əyyubova son 5 ilin ən aktual problemlərindən biri olan repetitor mövzusu haqda danışarkən qeyd edib ki, məsələyə çox aspekdən yanaşmaq olar. "Birinci tərəfi təhsil müəssisələrində təlim, metodika istədiyimiz kimi aparılmır və ya bir sinifdə standartlara uyğun 24 şagirdin təhsil alması lazım olduğu halda,47 şagirdin bir sinfə yığılmasıdır. Belə olan halda təbii ki, 45 dəqiqəlik dərs müddətində müəllim uşaqlara istənilən biliyi aşılaya bilməz. Ən yaxşı halda istiqamətləndirə bilər. Valideyn də çıxış yolunu övladını repetitor yanına göndərməkdə görür. Son zamanlar yeni dəb halını alıb, şagirdlər hansısa yollarla dərsə getmirlər, yalnız repetitorun məşğələlərində iştrak edirlər. İstənilən halda məktəbə qədəm qoyduğu andan tutmuş məktəbi bitirənə qədər məşğələlərdə, kurslarda zaman keçirən uşaq sanki universitetə daxil olaraq bir növ özünü mənəvi yükdən azad etmiş olur və düşünür ki, valideynlərimin mənə çəkdiyi əziyyətlər hədər getmədi. Lakin acınacaqlı vəziyyətimiz bundan sonra başlayır. Ali təhsilli olmaq xatirinə oxunulan fakültə, ixtisas artıq həyatın ağuşuna atılan gəncə maraqlı gəlməməyə başlayır. Sanki oxuduğu ixtisasa özünü tamamən uyğunsuz hiss edir və bununla da işsizlik problemi ilə başlayan digər məsələlər aktuallaşmağa başlayır. Ona görə də uşaqlarımızı məşğələlərə məcburi göndərməmişdən öncə onların fikrinə və meylinə uyğun qərar vermək lazımdır.
"Bu gün bir ailə təxminən 1 övladı üçün repetitorlara ildə 2000 manat pul xərcləyir, amma valideynlərin maddi vəsaiti hesabına əldə olunan nəticə isə orta ümumtəhsil məktəblərinin adına yazılır”
Təhsil eksperti Elşən Qafarov repetitorluğun, yəni kölgə təhsilinin bu qədər geniş vüsət almasına səbəb kimi dərslik probleminin olmasında görür. Ekspert həmçinin bildirir ki, hər bir valideyn və ya şagirdin orta ümumtəhsil məktəbini bitirdikdən sonra ali təhsil almaq kimi arzusu var: "Dövlət İmtahan Mərkəzi (DİM) bunu dəfələrlə inkar etməsinə baxmayaraq, ümumtəhsil məktəblərində kurikulum sisteminə uyğun təşkil etməyə çalışsa da, ali məktəblərə qəbul DİM-in özünün qəbul qaydaları və özünün vəsaitləri əsasında həyata keçirilir. Ona görə də şagird iki elm qarşısında qalır, məcburdur həm məktəbə getsin, həm də repetitor yanına. Qəbulla bağlı ali məktəblərə DİM-in mexanizmi ümumiyyətlə əvvəldən düzgün qurulmayıb. DİM qəbul imatanlarını həyata keçirən texniki bir orqan olmalıdır. Bu gün testləri də DİM hazırlayır, imtahanı da onlarkeçirdir. İstənilən halda testləri asanlaşdırmaq, çətinləşdirmək, istədikləri formaya salmaqla təhsil müəssisələrinin keyfiyyət göstəricilərini istədiyi formada dəyişə bilir. Ona görə də xarici təhsildə də var ki, belə hallar olmasın deyə testalogiya mərkəzləri, test institutları yaradılır. Həmin mərkəzlər neytral orqan olaraq testləri hazırlayır. Nə Təhsil Nazirliyinin, nə də ki, DİM-in tərəfindədir. DİM isə yalnız texniki olaraq imtahan keçirmək səlahiyyətinə sahib olur. DİM-in həm çıxardığı dərsliklərini satmaq, həm də özünü Təhsil Nazirliyindən daha güclü göstərmək istəyi ona gətirib çıxarır ki, iki dövlət qurumu arasında sağlam olmayan rəqabət yaranır. Nəticədə isə zərər görən təhsil alanlar olur. Ona görə də bu gün kölgə təhsili birinci sinfə qədər yayılıb. Artıq repetitor yanına getmədən hər hansı bir uğur əldə etmək mümkün deyil”, - deyə E.Qafarov bildirir. Təhsil eksperti vurğulayır ki, bir ailə təxminən 1 övladı üçün ildə 2000 manat repetitorlara pul xərcləyir, lakin valideynlərin maddi vəsaiti hesabına əldə olunan nəticə isə orta ümumtəhsil məktəblərinin adına yazılır.
"Sistem olaraq elə qurulub ki, Təhsil Nazirliyi də kölgə təhsilinə reaksiya vermir. Çünki sonda əldə olunan nəticə məktəblərin nəticəsi kimi təqdim olunur. DİM isə həm vəsaitləri hesabına gəlir əldə edir, digər tərəfdən isə Təhsil Nazirliyininin işinə nəzarəti və özündə olan güc funksiyasını saxlayır. Dövlət bu gün təhsilə kifayət qədər pul ayırır, 1 milyard 555 milyon manat ümumi təhsilə pul ayrılırsa, nəticə etibarilə isə sonda olan nəticələr valideynlərin maddi imkanı və iradəsi hesabına əldə edilir. Problemə kompleks yanaşma lazımdır ki, vəziyyətdən ciddi nəticə çıxarılsın”, - deyə Elşən Qafarov fikirlərinə yekun vurub.
Xeberle.com